Yeni tikililərdə komendant borcu ilə bağlı yaranan mübahisələr son illər ən çox müzakirə olunan məsələlərdəndir. Sakinlər tez-tez mənzillərinin qapısına yapışdırılan bildirişlərlə üzləşirlər. Həmin bildirişlərdə göstərilir ki, borc qısa müddətdə ödənilməzsə, işıq, su və digər kommunal xidmətlər dayandırılacaq.
Milli.Az xəbər verir ki, yeni tikililərdə komendant və ya idarəedici şirkətlər liftin işləməsi, təmizlik, mühafizə, həyətin saxlanılması, ümumi işıqlandırma və digər ortaq xərclər üçün aylıq ödəniş toplayırlar. Bu ödənişlər qanunvericiliyə əsasən sakinlərin ümumi əmlakın saxlanılmasında iştirak öhdəliyindən irəli gəlir və prinsip etibarilə qanunidir.
Lakin əsas problem ödənişin özü deyil, borca görə tətbiq edilən təzyiq mexanizmləridir. Bir çox sakin hesab edir ki, komendantın qazı, suyu və ya işığı kəsmək ixtiyarı yoxdur və bu məsələ dövlət qurumlarının səlahiyyətindədir.
Azərbaycan Respublikasının Mənzil Məcəlləsi-nə əsasən çoxmənzilli binanın idarə olunması ya mənzil mülkiyyətçilərinin birliyi, ya da müqavilə əsasında fəaliyyət göstərən idarəedici şirkət tərəfindən həyata keçirilə bilər. Lakin fərdi mənzillərə verilən qaz, su və elektrik təchizatı birbaşa müvafiq xidmət qurumları ilə bağlanan müqavilə əsasında təmin edilir.
Məsələ ilə bağlı əmlak eksperti Elnur Fərzəliyevin sözlərinə görə, komendant və ya idarəedici şirkət bu xidmətlərin birbaşa təminatçısı olmadığı üçün onların qazı, suyu, işığı kəsmək səlahiyyəti yoxdur:
"Əksər çoxmənzilli yaşayış binalarında idarəedici şirkət, yəni komendant sistemi vətəndaşlara hər hansı ödəmənin gecikməsi ilə bağlı onların kommunikasiya xətlərinin kəsilməsi ilə bağlı bildirişlər göndərirlər. Vətəndaşlar əgər yaşadığı çoxmənzilli binanın sahibi ilə müqavilə bağlamalıdır. Həmin müqavilədə şirkətin aldığı məsuliyyət və vətəndaşın üzərinə düşən öhtəliklər qeyd olunmalıdır. Əks halda şirkət vətəndaşa hər hansı məhkəmə qərarı və ya kommunikasiya xətlərinin kəsilməsi ilə bağlı bildiriş göndərə bilməz".
Ekspert qeyd edir ki, əsas problem yeni tikililərdə idarəetmə mexanizminin tam şəffaf olmamasıdır. Bir çox hallarda sakinlərlə rəsmi müqavilə bağlanılmır, tariflər əsaslandırılmır, hesabatlar əsaslandırılmır. Bu da sözügedən problemin yaranmasına zəmin yaradır.
Aysel
Milli.Az





