Ölkə

Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

26 İyun 2025 14:36
Baxış: 253
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətinə təbrik ünvanlayıb:

Milli.Az xəbər verir ki, təbrikdə deyilib:

"Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar, dövlət qulluqçuları və mülki işçilər!

Sizi 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, Azərbaycan Respublikasının müdafiə qüdrətinin artırılması naminə müqəddəs və şərəfli xidmətinizdə hər birinizə uğurlar arzulayıram.

Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə milli ordu quruculuğu müstəqilliyini əldə edən ölkəmizdə tarixi varislik prinsipi əsasında müasir mərhələyə qədəm qoymuşdur. 26 iyun 1918-ci ildə yaradılan Əlahiddə Azərbaycan Korpusu Cümhuriyyət Ordusunun hüquqi bazasını təşkil etmişdir. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 1998-ci il mayın 22-də imzaladığı tarixi Fərmanla 1918-ci ildə Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün - 26 iyun Silahlı Qüvvələr Günü kimi respublikamızda hər il təntənəli şəkildə qeyd olunur.

Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu ordu quruculuğu sahəsində də uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev ölkəmizin müdafiə məsələlərini daim prioritet məsələ hesab etmişdir. Bu istiqamətdə atılan addımlar ölkədə həyata keçirilən islahatların əsas tərkib hissələrindəndir".

Qeyd edilir ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı parlaq Qələbə və həyata keçirdiyi uğurlu antiterror əməliyyatı nəticəsində qanunsuz erməni hərbi birləşmələri və separatçı qüvvələrinin işğalında qalmış tarixi torpaqlarımız azad olundu.

"Ali Baş Komandanın müdrik və uzaqgörən siyasəti, ordumuzun gücü sayəsində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi tam təmin edildi.

İşğaldan azad olunmuş ərazilərimizdə rəşadətli Azərbaycan Ordusu mövqelərini daha da möhkəmləndirərək, bərpa-quruculuq işlərinin ən yüksək səviyyədə həyata keçirilməsinə, Böyük Qayıdışa öz layiqli töhfələrini verir. Əminəm ki, Azərbaycan Respublikasının Konstitusiyasına, Hərbi Anda və nizamnamələrə daim sadiq qalaraq döyüş və mənəvi-psixoloji hazırlığınızı gücləndirəcək, xidmətinizdə yeni uğurlar əldə etmək üçün səy və bacarıqlarınızı daha da artıracaqsınız.

Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bötövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsini hər zaman olduğu kimi 26 İyun - Silahlı Qüvvələr Günü ərəfəsində də dərin hörmət və ehtiramla yad edirik.

Şəhidlərimizin ailə üzvləri və sağlamlığını itirən döyüşçülərimiz, müharibə veteranları daim dövlətimiz tərəfindən diqqət mərkəzində saxlanılır. Ali Baş Komandan cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı sayəsində onların sosial-məişət şəraitinin yaxşılaşdırılması, qayğı və problemlərinin həlli istiqamətində mühüm addımlar atılır. Şəhid hərbi qulluqçularımızın valideynlərini, ailə üzvlərini, Vətən uğrunda sağlamlığını itirən silahdaşlarımızı, əziz veteranları bayram münasibətilə təbrik edir, onlara ən xoş arzularımı çatdırıram.

Bir daha hər birinizi 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, uzun ömür, müstəqilliyi əbədi, dönməz olan Azərbaycan dövlətinə şərəfli xidmətinizdə uğurlar arzulayıram", - təbrikdə əlavə olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.