Aşağı qan təzyiqi yəni hipotoniya çox vaxt təhlükəsiz hesab edilsə də, əslində yüksək qan təzyiqi qədər ciddi risklər yarada bilər.
Milli.Az-ın məlumatına görə, rusiyalı həkim Şota Kalandiya bu mövzu ilə bağlı Lenta.ru-ya verdiyi müsahibədə xəbərdarlıq edib. Onun sözlərinə görə, qan təzyiqi aşağı olduqda qan orqan və toxumalara oksigeni kifayət qədər sürətlə çatdıra bilmir. Nəticədə insanda halsızlıq, başgicəllənmə, tez yorulma, eləcə də "başda dumanlanma" hissi yaranır. Xüsusilə bədənin mövqeyi qəfil dəyişəndə bəzi şəxslərdə qulaqlarda səs, güclü tərləmə və hətta qısa müddətli huş itirmə halları baş verə bilər.
Həkim vurğulayıb ki, hipotoniya çox zaman başqa sağlamlıq problemlərinin fonunda ortaya çıxır. Bunlara anemiya, qalxanabənzər vəz xəstəlikləri, ürək ritminin pozulması, xroniki ürək və ya böyrəküstü vəz çatışmazlığı daxildir. Eyni zamanda vegetativ sinir sistemi pozuntuları, xroniki yorğunluq sindromu, B qrup vitaminlərinin kəskin çatışmazlığı, susuzlaşma, zəhərlənmə və gizli qan itkiləri də təzyiqin enməsinə səbəb ola bilər.
Şota Kalandiya qeyd edib ki, aşağı qan təzyiqi insanın gündəlik həyatına ciddi təsir göstərir. Daimi enerjisizlik, yuxululuq və iş qabiliyyətinin azalması idrak funksiyalarının zəifləməsinə yol açır. Bu zaman diqqəti toplamaq, məlumatı yadda saxlamaq çətinləşir və fiziki yüklənmələrə davamlılıq azalır.
Asya
Milli.Az





