Ölkə

AEM-dən “Laser Beauty Estetik Klinikası”nın iddialarına CAVAB

24 Yanvar 2025 19:41
Baxış: 407
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Analitik Ekspertiza Mərkəzinin "Laser Beauty Estetik Klinikası" MMC-nin aparılan yoxlamaya dair iddialara cavab verib.

Milli.Az AEM-in klinika rəhbərinin iddiasına əsasən sorğusunun cavabını təqdim edir:

"- "Soyuducunun dərəcəsini yarım saatdan bir ölçməliyik. Əgər mən həmin soyuducuda buz saxlayıb prosedurdan sonra dodağa qoyuramsa, o soyuducunun dərəcəsini niyə ölçüm?"

AEM-in cavabı: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 01 saylı, 11 yanvar 2018-ci il tarixli Əczaçılıq fəaliyyətini tənzimləyən bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə Qərarının 7.14.4 ci bəndinə əsasən "Dərman vasitələrinin saxlandığı sahələrdə temperatur, rütubət və havalandırma göstəriciləri sutkada bir dəfə qeydə alınaraq temperatur, rütubət və havalandırma göstəricilərinin qeydiyyat xəritəsi aparılır". Bu məlumatlar "Temperatur qeydiyyat vərəqəsi"ndə qeyd edilməlidir.

AEM-in əməkdaşları həmin vərəqəni klinikanın direktoru Cəfərova Yeganə Səlim qızına şəxsən təqdim ediblər.

Rəna Soltanova ikinci iddiası: - "Digər səbəb isə əvvəlki stomatoloqun burada qalan əşyaları ilə bağlı olub. Stomatoloji otaqda cərrahi prosedur həyata keçirilməyib. Sadəcə, stomatoloqun müəyyən əşyaları burada qalıb. Burada ümumiyyətlə cərrahiyyə yoxdur. Mən həm də yazaram, bir otağımda 500-ə yaxın kitab var. İndi bu o deməkdir ki, həmin otaq kitabxanadır?"

AEM-in cavabı: Səhiyyə Nazirliyinin 07.04.2009-cu il tarixli 37 nömrəli əmri ilə təsdiq olunan "Tibb müəssisələrində sanitar-epidemioloji tələblərə dair" Qaydalarının 4-cü bəndinə əsasən, hər bir lisenziya üzrə fəaliyyət üçün icazə verilən işlərə uyğun ayrıca şərait yaradılmalıdır. Klinikada isə "cərrahi-stomatologiya" və "diş texniki" işləri üçün icazə olmamasına baxmayaraq, (lisenziyadan kənar fəaliyyət) fəaliyyət göstərmələri aşkarlanıb. Bir stomatoloji otaqda qanuna zidd olaraq, həm vizioqraf, həm diş texniklərinə aid avadanlıqlar, implant qoyulması üçün iki ədəd işlək vəziyyətdə fiziodispenser, cərrahi tikiş materialları, abatmen və paketlənən, sterilizasiya edilən, lakin saxlama şərtlərinə riayət edilməyən cərrahi stomatoloji alətlər - kəlbətin və elevatorlar aşkar edilib.

Həmçinin, stomatoloji işlərə aid sənədlər yoxlanılarkən, AEM-in yoxlayıcı-mütəxəssislərinə iki həkim-stomatoloqların və bir diş texnikinin şəxsi işləri təqdim edilib. Həkimlərdən birinin (Əliyev Elşən Alik oğlu) sertifikatının olmaması aşkarlanıb, diş texnikinin isə təhsilini təsdiq edən sənəd yoxlamaya təqdim edilməyib. Eyni zamanda, hər həkimin vəzifə öhdəliklərində tibbi qeydiyyat sənədlərinin aparılması və bu prosesə nəzarət baş həkimin səlahiyyətlərinə aiddir. Vəzifə borclarını yerinə yetirmədiklərinə görə bütün tibb işçiləri məsuliyyət daşıyırlar.

Üçüncü iddia: - "Klinikada lazer epilyasiyası ustalarının və SMM işlərini həyata keçirən işçilərin tibb bacısı olmamaları da onlara nöqsan kimi göstərilməsi".

- "Mən onlardan soruşuram ki, lazer epilyasiyası üçün hara gedirsiniz? Deyirlər, gözəllik salonlarına. Onlardan soruşdum ki, bəs deyirsiniz, gözəllik salonlarında lazer epilyasiyası etdirmək olmaz. Bəs niyə onları yoxlamırsınız? Mənə cavab verdilər ki, onların lisenziyası yoxdur deyə yoxlama apara bilmirlər. Mən də bildirdim ki, bizim lisenziyamız var deyə yoxlama aparılır və belə xırda nöqsanlar tutulur, amma onların lisenziyası yoxdur deyə heç yoxlama da apara bilmirsiniz. Sonda mənə deyiləndə ki sizin "İnstagram" üçün video çəkən işçiniz də tibb bacısı olmalıdır, bu məqamda mən donub qaldım. Qanun qarşısında nə deyə bilərəm ki?! Amma mən əminəm ki, bu, belə qalmaz".

AEM-in cavabı: Araşdırma zamanı yoxlayıcılar SMM-menecerinin (Əsədova Kəmalə Nazim qızı) , administrator (Şükürova Lalə Şirzat qızı), sürücü (Nəsirov Vahid Çingiz oğlu), xəzinədar (Daşdanova Aynur Tariyel qızı) və sair qeyri-tibb personalının şəxsi işlərinin təqdim edilməsi tələb olunmayıb.

Gözəllik salonlarında aparılan yoxlama prosedurlarına gəldikdə, klinikada yoxlama zamanı mütəxəssislər rəhbərliyə hansı hallarda yoxlamalrın aparılmasını izah ediblər. Diqqətə çatdırılıb ki, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunu"na uyğun olaraq plandankənar və planlı yoxlamalar hansı hallarda aparıla bilər.

AEM əməkdaşlarına ünvanlanan daha bir ittiham: "Yoxlama zamanı nazirlik əməkdaşlarına müqavimət göstərilməsi ilə bağlı məqama gəlincə isə Rəna Soltanova bunu da təkzib edib:

"Yoxlama zamanı göstərilən nöqsanlar absurd idi. Bizə lisenziyanı Analitik Ekspertiza Mərkəzi verib. Buna görə yoxlama zamanı səslənən nöqsanlara, sadəcə, emosional reaksiya vermişəm. Onlarla ağlaya-ağlaya danışmışam. Bunu şiddət kimi qələmə veriblər"", - məlumatda vurğulanıb.

Qeyd edilir ki, Azərbaycanda faəliyyət göstərən özəl tibb müsəssisələrinə lisenziya AEM tərəfindən deyil, Səhiyyə Nazirliyinin rəyi əsasında İqtisadiyyat Nazirliyi tərəfindən verilir. O ki, qaldı "emosional reaksiya"ya, dövlət qurumunun əməkdaşlarının öz vəzifə borclarını yerinə yetirməsi zamanı mobil telefonun üzərlərinə çırpılması, yüksək tonla danışılması, yuxarı instansiyalara şikayət və nəitcədə işdən qovulmaqla təhdid etməsi, və bu əməllıərin bir müəssisənin baş həkimi tərəfindən edilməsi, əslində həmin şəxsin vəzifə səlahiyyətləri aşmasıdır ki, bununla da Rəna Soltanova baş həkimin vəzifə təlimatlarnı oxumaqla tanış ola bilər. Vəzifə təlimatlarına uyğun olaraq, baş həkim nəinkui özünün, əməkdaşlarının da etik davranış qaydalarına necə riayət etməsinə nəzarət etməlidir.

Son olaraq bildirilir ki, Azərbaycan hüquqi dövlətdir. Qeyd olunan klinikanın rəhbərliyi Analitik Ekspertiza Mərkəzinin yoxlama zamanı hər hansı bir qanun pozuntusuna yol verdiyini hesab edirsə, aidiyyatı dövlət qurumlarına müraciət edə bilərlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.