Ölkə

Türk dünyasının zəfər sammiti: Şuşadan veriləcək mesajlar

2 İyul 2024 18:42
Baxış: 452
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türk dünyasının diqqəti növbəti dəfə Şuşaya yönələcək. Belə ki, iyulun 5-6-da regional və beynəlxalq güc mərkəzinə çevrilən Türk Dövlətləri Təşkilatına (TDT) daxil olan ölkələrin liderlərinin iştirakı ilə şəhərdə sammit baş tutacaq. Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə təşkil olunacaq sammitdə Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan liderləri iştirak edəcəklər.

Şübhəsiz ki, Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi sammitinin Şuşada keçirilməsi tarixi bir hadisədir. Bu azad olunmuş ərazilərdə keçiriləcək ilk beynəlxalq səviyyəli sammitdir. Şuşaya və işğaldan azad edilən digər bölgələrə müxtəlif ölkələrin liderləri ayrı-ayrılıqda belə səfərlər ediblər. Lakin bu mühüm regional, iqtisadi, siyasi məsələlərin müzakirə ediləcəyi sammit ölkə tarixində özünəməxsus yer tutur. Zirvə görüşü hər şeydən öncə azad olunmuş ərazilərdə qısa müddətdə təhlükəsiz həyatın təmin edildiyinin beynəlxalq səviyyədə nümayiş etdirilməsi deməkdir və perspektivdə bu ərazilərə həm siyasi, həm iqtisadi dividendlər vəd edir. Yəni bu tədbirin Azərbaycanın və bütün türk dünyasının ən mühüm simvolik mərkəzlərindən biri olan Şuşada keçirilməsi həm bütün dünyaya bir mesaj, həm güc nümayişi, həm də həmrəylik əlamətidir.

Tədbirdə müşahidəçi ölkələrin liderlərinin və TDT-nin Baş katibinin də iştirakı gözlənilir. "Nəqliyyat bağlantısı və iqlim fəaliyyəti vasitəsilə davamlı gələcəyin qurulması" mövzusunda keçiriləcək sammit təşkilatın əsas məsələləri və gündəliyi üzrə yüksək səviyyəli müzakirələr üçün platforma rolunu oynayacaq. Sammitdən sonra Qarabağ Bəyannaməsinin, eləcə də bir sıra digər mühüm sənədlərin imzalanması gözlənilir. Sammitdən əvvəl TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək.

Şuşada baş tutacaq Zirvə görüşünə Şimali Kipr Türk Cümhuriyyəti də dəvət edilib ki, bu da tarixi önəm kəsb edir.

Xatırladaq ki, Prezident İlham Əliyev iyunun 6-da TÜRKPA nümayəndələri ilə görüşündə bildirmişdi ki, onun təşəbbüsü ilə bir aydan sonra Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü keçiriləcək. Dövlət başçısı ildə bir dəfə Zirvə görüşünün keçirilməsinin kifayət etmədiyini vurğulamışdı. Eyni mövqeni Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da səsləndirmişdi: "Türk Dövlətləri Təşkilatındakı birliyimizin daha da güclənməsi üçün fəaliyyətimizi davam etdiririk. Təşkilatımızın növbədənkənar Zirvə Toplantısının iyul ayında Türk dünyasının mədəniyyət paytaxtlarından olan Şuşada keçirilməsindən məmnunluq hissi keçirdiyimi xüsusi qeyd etmək istəyirəm".

Göründüyü kimi, artıq TDT beynəlxalq güc mərkəzinə çevrilir və dünya gücləri də bunu qəbul etməyə başlayıblar.

Bu sammit türk dünyasının mənəvi bağlantısı istiqamətində növbəti ciddi addım sayıla bilər. Doğrudur, indiyə qədər türk dövlətləri müxtəlif platformalarda əməkdaşlıq edirdilər. Lakin bu Zirvə əməkdaşlığın da zirvəsidir və münasibətlərdə özünəməxsus yer tutacaq.

Şuşa sammiti, həmçinin Azərbaycanın öz ərazi bütövlüyünün bərpası üçün apardığı mübarizədə vahid qardaşlıq dəstəyinin mesajı, dövlətimizin türk dövlətləri arasında əməkdaşlıq mərkəzinin avanqardı olduğunu nümayiş etdirəcək.

Şuşa sammitindən sonra bütün Qarabağ siyasi dialoq məkanına çevrilə bilər. Çox güman ki, bu sammitdən sonra bölgəyə daha çox xarici investisiyanın cəlb edilməsinə şərait yaranacaq.

TDT sammitinin məhz Şuşada keçirilməsi Prezident İlham Əliyevin uzaqgörən və dərin strategiyasının tərkib hissəsidir. TDT-nin Şuşa sammitini ümumilikdə türk dünyasının zəfər sammiti də adlandırmaq olar və bu, təşkilatın perspektivi üçün əhəmiyyətlidir. Bu sammit Türk dünyasının məhz Şuşada - Qarabağda daha sıx birləşməsinə, türk coğrafiyasında inteqrasiyanın daha da dərinləşməsinə təkan verəcək.

Əminliklə deyə bilərik ki, tədbirlərin keçirilməsi nəticəsində iştirakçı dövlətlər türk inteqrasiyası, eləcə də ticari-iqtisadi və investisiya sahəsində əməkdaşlığın gücləndirilməsi istiqamətlərində öz təşəbbüslərini irəli sürmək imkanı əldə edəcəklər. Əminliklə deyə bilərik ki, bu sammitlə Türk Dövlətləri Təşkilatı gələcəkdə daha da güclənəcək və dünyada söz sahibi olacaq.

REPORT

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.