Ölkə

"Halal hotel"də otaqların saatlıq satışları olacaq? - AÇIQLAMA - YENİLƏNİB

4 İyul 2024 19:26
Baxış: 1 081
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

19:26

Azərbaycanda beynəlxalq təcrübə əsasında halal turizm xidmətləri üzrə yeni dövlət standartı qəbul olunduqdan sonra turizm obyektlərinə "halal hotel" sertifikatı veriləcəyi ilə bağlı məlumatlar var.

Artıq hotellər halal sertifikatlaşmadan keçib, özlərini müştərilərinə "halal hotel" kimi təqdim edə biləcəklər.

Bəs görəsən, "halal hotel" nə deməkdir? Bu proses necə olmalıdır?

Milli.Az xəbər verir ki, mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən Milli Məclisin deputatı Ceyhun Məmmədovun sözlərinə görə, bu standart dünyanın bir çox ölkələrində tətbiq edilir:

"Bu, halal turizm baxımından çox önəmlidir. Artıq bir model olaraq dünyanın əksər ölkələrində var. Azərbaycanda da belə bir sistemin qurulmasına ehtiyac yaranıb. Bu sisteminin tətbiqi ölkəmizə əlavə vəsaitlərin cəlb edilməsinə müsbət təsir göstərə bilər. Model olaraq tətbiq etsək, daha çox müsəlman ölkələrinin insanlarını cəlb edə, onları burada turist kimi yerləşdirə bilərik".

Halal turizm dedikdə, söhbət yeməklərin halal standartlara uyğun olmasından, qadınlar üçün ayrıca bir yerin ayrılmasından gedir. Çimərlik varsa, onların qadınlar üçün ayrıca nəzərdə tutulması da önəmlidir. Qadınların kişilər ilə birlikdə, məsələn, dənizdə çimməsinə, üzməsinə din birmənalı yanaşmır. Eyni zamanda, bura masaj və digər xidmətlər daxildir. Kompleks sistemdən söhbət gedir. Qadınlar da rahat şəkildə hotelin xidmətindən istifadə edə bilirlər. Bu gün Azərbaycana müxtəlif ölkələrdən gəlirlər. Birmənalı olaraq öz müsbət təsirini göstərəcək".

Turizm ekspert Ceyhun Aşurov isə əlavə edib ki, bu layihə gələn turistlərin sayını artıracaq:

"Halal hotel" standartına bazarda tələbat var. Azərbaycana gələn turist seqmentinin bir hissəsi məhz müsəlman ölkələridir. Onlar rahat yer ilə təmin olunmalıdırlar. Bu, turizm məhsullarının çeşidlənməsi deməkdir. Düşünürəm ki, bu cür çeşidlənmə müştərilərin tələbatlarının ödənməsinə yönəlir. Hazırda Bakı şəhərində, regionlarda bir neçə hotel özünü bu cür mövqeləndirib, təqdim edib. Burada müəyyən kriteriyalar var. Gələn turistlərin sayını artıracaq".

C.Aşurov bildirib ki, hotellərdə saatlıq satışlar həyata keçirilməyəcək:

"Halal konseptdə işləyən hotellərdə müəyyən kriteriyalar var ki, onlara əməl olunmalıdır. Orada spirtli içkilər verilmir, hotelin özündə namaz qılmaq üçün yer olur. Hər otaqda canamaz, qibləni göstərən işarə olur. Otaqlara müqəddəs kitab qoyulur. Qidalanmada halallığa xüsusi önəm verilir. Ərzaqlar halal olur.

Bəzi hotellərdə saatlıq otaq satışları həyata keçirilir, nikahı olmayanlar da qəbul edilir. Bu cür konseptlərdə bunlara diqqət olunur. Belə hərəkətlərin baş verməsinə yol verilmir".

"Dünyada bunun nümunələri var. Çimərliklər ayrı olur. Ayrıca istirahət yerləri olur. Namaz qılmaq üçün hotelin ərazisində məscid yerləşir. Bir sıra bu kimi məsələlər var. Təkcə islam ölkələri yox, digər millətlərdən olanlar da rahatlıqla qala bilərlər. Bu, sadəcə bir turizm məhsuludur. Bunun da öz alıcıları var", - deyə C.Aşurov əlavə edib.

--------
17:35


Azərbaycanda beynəlxalq təcrübə əsasında halal turizm xidmətləri üzrə yeni dövlət standartı qəbul olunduqdan sonra turizm obyektlərinə "halal otel" sertifikatı veriləcək.

Milli.Az xəbər verir ki, bu barədə Report-a Dövlət Turizm Agentliyindən bildirilib.

"Otellər maraqlı olduğu təqdirdə halal sertifikatlaşmadan keçib, özlərini müştərilərinə "halal otel" kimi təqdim edə biləcəklər", - deyə məlumatda qeyd olunub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.