Ölkə

Müharibədə ordu və xalq birliyi bizə əlavə güc verirdi - VİDEO

6 Oktyabr 2022 09:47
Baxış: 854

Artıq İkinci Qarabağ müharibəsinin başlamasından iki il ötür.

2020-ci ilin sentyabrın 27-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarının, döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə bütün cəbhə boyu əks-hücum əməliyyatlarına başladı. Cəmi 44 gün çəkən İkinci Qarabağ müharibəsi bütün dünyanın Azərbaycanın ayrılmaz hissəsi kimi tanıdığı Qarabağın düşmən tapdağından təmizlənməsi, yurd yerlərimizin azad edilməsi ilə başa çatdı.

Vətən müharibəsinin başlanmasının ikinci ildönümündə döyüşçülərimiz fikirlərini Trend-ə bölüşüb.

Polkovnik-leytenant Emil Məmmədov bildirib ki, 27 sentyabr tarixində əks-hücum əməliyyatlarının başlanması ilə təyin olunmuş rayonda Müdafiə Nazirliyinin arxa komanda məntəqəsinin açılması və idarə edilməsinə ordu rəhbərliyi tərəfindən ona tapşırıqlar verildi və təyin olunmuş rayonda Müdafiə Nazirliyinin arxa komandası açılaraq tam şəkildə fəaliyyətə başladı:

"Bununla da bütün arxa cəbhə təminatı xidmətləri üzrə döyüş işinin təşkili və aparılması zamanı görüləcək tədbirlərin icrasına başlanıldı. Belə ki, qoşunlardan daxil olmuş sifarişlər və tələblər əsasında qoşunlara əməliyyatların aparılması üçün lazım olacaq vəsaitlərin daşınması, çatdırılması üçün bizim qrupun tərkibində olan hərbi vəzifəli şəxslər bu fəaliyyətin icrasına başladılar.

İstiqamətlər üzrə yaradılmış Maddi Texniki Təminat qruplarına verilmiş tapşırıqlar ərazinin relyefindən və iqlim şəraitindən aslı olmayaraq o qədər sürətlə icra edilirdi ki, mən özüm buna inana bilmirdim.

Şuşa və Qırmızı Bazar istiqamətində gedən döyüşlərdə iştirak edən raket-artilleriya qoşunlarının raket-artilleriya mərmiləri ilə təmin edilməsi mənə həvalə edildi. Bu istiqamətlərdə raket-artilleriya qoşunları vaxtında raket-artilleriya mərmiləri ilə təmin olundu", - E.Məmmədov deyib.

Vətən müharibəsi iştirakçısı Ağabala Manafov da xatırladıb ki, düşmən 30 il ərzində cəbhə xəttində müxtəlif maneələr qumuşdu:

"Onlar düşünmürdü ki, Azərbaycan Ordusu bu maneələri yara bilər. Düşünürdülər ki, biz itkilər verib geri çəkiləcəyik. Amma Azərbaycan Ordusunun döyüş hazırlığı, peşəkarlığı, maddi-texniki təminatı və müasir silahlara sahib olması düşmənin fikirlərini alt-üst elədi. Vətən torpaqlarını düşmən tapdağından azad etmək istəyi artıq yerinə yetirilirdi deyə heç kim öz canını düşünmürdü. Ərazilər yüksək dağ relyefi olduğuna görə, düşmən bizim bütün fəaliyyətimizi müşahidə edirdi. Biz hücum etdikcə düşmən itki verirdi və məcbur geridəki müdafiə mövqelərinə çəkilirdi. Hərbçilərimiz döyüşdə yaralansalar da, heç biri təxliyə olunmaq istəmirdi. Düşməni Azərbaycan Ordusunun bu qəhrəmanlığı sarsıdırdı", - A.Manafov deyib.

Vətən Müharibəsi iştirakçısı, tibb xidməti mayoru Hamlet Hüseynov bildirib ki, peşəkar həkim heyəti ilə, müasir avadanlıqların vəhdəti müharibədə şəhid və yaralı sayının az olmasında mühüm rol oynadı:

"Müharibədə ordu və xalq birliyi bizə əlavə güc verirdi. Yaralı hərbçimizi döyüş ərazisindən çıxararkən özüm də yaralandım. Yaralanmağıma baxmayaraq, döyüş meydanından çıxmaq istəmirdim, çünki hamımız qələbəni birlikdə yaşamaq istəyirdik", - H.Hüseynov vurğulayıb.

Milli.Az

13,99%-dən 40 000 AZN-dək zaminsiz, komissiyasız KREDİT

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics