Ermənistan

Ermənilərin "amerikalı nənə"si "nəvələr"inə "nağıl" danışdı: Bakı sərt reaksiya verdi, Pelosinin istefası tələb olundu

19 Sentyabr 2022 13:01
Baxış: 1 664
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Nensi Pelosinin İrəvan səfəri Ermənistanı böyük riskə atdı, Paşinyan hakimiyyəti Rusiyadan uzaqlaşma niyyətini rəsmən elan etmiş oldu... Rusiyanı "geopolitik hesab"dan vaxtından əvvəl silməyə tələsən rəsmi İrəvan bunun bumerang effekti verə biləcək nəticələri ilə tezliklə üzləşməyə başlayacaq...

Ermənistan bir "geopolitik quyu" qazır. Üstəlik, bunu o qədər qeyri-peşəkar şəkildə edir ki, həmin "quyu"ya Ermənistanın özündən başqa heç bir dövlət düşməz. Və hazırda Ermənistanda baş verənlərin real nəticələri yaxın vaxtlarda məhz rəsmi İrəvanı daha ağır vəziyyətə sala bilər.

Savaş meydanında Ermənistanın ardıcıl məğlubiyyətlərindən sonra Paşinyan hakimiyyəti Cənubi Qafqazda bütün dinamikləri yerindən tərpətdi. Belə ki, rəsmi İrəvan törətdiyi hərbi təxribatlardan sonra siyasi avantüralar da əl atmaqla, bütün regional faktorları birmənalı şəkildə Ermənistanın əleyhinə çevirdi. Və indi Ermənistanın mövcudluğu əvvəlkindən daha çox risk altına düşmüş oldu.

Onu da qeyd etmək lazımdır ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin İrəvana qalmaqallı səfəri əslində, Ermənistana xeyirdən daha çox ziyan vuran bilər. Yəqin ki, zaman keçdikcə, bu reallığı Paşinyan hakimiyyəti də anlamağa başlayacaq. Hələlik isə Paşinyan hakimiyyəti yalnız müvəqqəti də olsa, ermənilərin "amerikalı nənə"sinin sayəsində Rusiyaya bağlı müxalifət düşərgəsini nisbətən geri çəkilməyə məcbur edə bilməsindən məmnun qala bilər.

Ancaq "amerikalı nənə"nin İrəvan səfərinin Azərbaycan ilə hərbi-siyasi qarşıdurmada Ermənistana hər hansı fərqli imkanlar açma ehtiyatlı ümumiyyətlə, mövcud deyil. Bir müddət öncə Çinlə Tayvan arasında müharibə törətməyə çalışmış bu amerikalı "küpəgirən qarı"nın İrəvana gəlişinin ABŞ-da keçiriləcək aralıq seçkilərinə hesablandığı qətiyyən şübhə doğurmur. Onun açıqlamaları da məhz ABŞ-da səs verəcək ermənilər üçün nəzərdə tutulduğu açıq-aşkar nəzərə çarpır.

Nensi Pelosinin İrəvanda dilə gətirdiyi bütün ittihamların məhz ABŞ-ın dünya ölkələrinin başına gətirdiyi fəlakətlərdən örnəklər göstərilməklə, tutarlı cavabları var. Məsələn, "amerikalı küpəgirən qarı" iddia edir ki, guya Ermənistanın müstəqilliyinə və suverenliyinə qarşı hücum olub. Bu qadının 82 yaşı var və yəqin ki, yaddaşı çoxdan korlanıb. Əks halda, Ermənistanın deyil, məhz Yaxın Şərq ölkələrinin müstəqilliyinə və suverenliyinə hücum olub, üstəlik, bu, ABŞ tərəfindən edilib.

Ona görə də, N.Pelosi "ABŞ Konqresi adından Azərbaycanın Ermənistan ərazisinə etdiyi qanlı hücumları qətiyyətlə pisləyirik" açıqlamasını verərkən, ona kimsə yaxın keçmişi xatırlatsa, yaxşı olardı. Çünki, Azərbaycan Ermənistan ərazisinə hər hansı hücum etməyib. Əgər, ermənilərin "amerikalı nənə"si "qanlı hücum" barədə faktlar axtarırsa, yenə də Yaxın Şərqə nəzər salmalıdır. Çünki, məhz İraq və Suriya ərazilərinə ABŞ ordusu tərəfindən qanlı hücum edilib. ABŞ ordusu İraq və Suriya şəhərlərini dağıdıb, yerlə-yeksan edib. ABŞ ordusu İraq və Suriyada milyonlarla dinc insanı - uşaqları, qadınları və qocaları kütləvi şəkildə qətlə yetiriblər.

Milli.Az yeni müsavat-a istinadən xəbər verir ki, Ermənilərin "amerikalı nənə"si "Ermənistanın qərar verməli olduğunu, əgər, rəsmi İrəvan istəyərsə, ABŞ-ın kömək etməyə hazır olduğunu" deməsi onun "nağıllar" uydurduğunu göstərir. Çünki, erməni toplumu kömək dedikdə, yalnız kiminsə, gəlib, onların əvəzinə savaşmasını anlayır. ABŞ-ın Ermənistana ordu göndərmək üçün səbəbi və ya niyyəti varmı? N.Pelosi Ermənistanda Rusiya hərbi bazalarının olduğunu bilirmi?

Ümumiyyətlə, ABŞ Cənubi Qafqazda cərəyan edən geopolitik proseslərə siyasi bəyanatlar xaricində hər hansı müdaxilə mexanizmlərinə malik deyil. Üstəlik, NATO ölkəsi olan Türkiyənin hərbi-strateji müttəfiqi, enerji resursları ilə zəngin və Cənubi Qafqazın süperdövləti olan Azərbaycan ilə münasibətlərin korlanması ilk növbədə ABŞ-ın maraqlarına cavab verməz. Ağ Ev heç kimə faydası olmayan Ermənistan və bir ovuc ABŞ ermənisinin seçki səsləri ucbatından regionun lider dövləti ilə ziddiyyətlərə həvəs göstərməz.

Əslində, N.Pelosinin qalmaqallı açıqlamalarının Azərbaycan ilə münasibətləri korlaya biləcəyini artıq ABŞ siyasi dairələrində anlamağa başlayıblar. Rəsmi Bakının yaydığı bəyanatda yer alan sərt mesajların Ağ Evdə narahatlıq doğurduğu barədə məlumatlar mövcuddur. Ona görə də, ABŞ-da tez-tələsik N.Pelosinin istefasının gündəmə gətirilməsi qətiyyən təsadüfi deyil.

Məsələ ondadır ki, N.Pelosinin partiya daşı - Konqresin demokrat üzvü Eliss Slotkin ermənilərin "amerikalı nənə"sini tutduğu vəzifədən istefaya çağırıb. O, bildirib ki, Demokratlar Partiyasının aralıq seçkilərində əldə edəcəyi nəticələrdən asılı olmayaraq, N.Pelosi öz postunu mütləq tərk etməlidir: "Konqresdə rəhbərliyi dəyişməyin vaxtı çatıb. Nyu-York və Kaliforniya ştatlarından rəhbərlikdə olan konqresmenlərin sayı həddindən artıq çoxdur. N.Pelosi istefa verməlidir və ABŞ-ın 12 ştatını təmsil edən Şimal-Qərb bölgəsindən olan konqresmenlərin önü açılmalıdır".

Bir daha qeyd etmək lazımdır ki, N.Pelosinin məhz Ermənistanda olduğu bir vaxtda onun istefasının tələb olunması qətiyyən təsadüfi ola bilməz. Üstəlik, istefa tələbində ermənilərin daha çox yaşadıqları Nyu-York və Kaliforniya ştatlarından konqresmenlərin rəhbərlikdə həddindən çox təmsil edildiyi xüsusi olaraq, vurğulanır. Yəni, ABŞ-da "erməni problemi"nin haradan qaynaqlandığını bilirlər və bunun aradan qaldırılmasının vacibliyinə eyham vurulur.

Belə anlaşılır ki, "amerikalı nənə"nin İrəvanda danışdığı "nağıllar"ın ermənilərə elə bir ciddi faydası olmaya da bilər. Əksinə, "amerikalı nənə" öz səfəri ilə Ermənistana daha çox zərbə vurmuş oldu. Paşinyan hakimiyyəti onun gəlişindən ruhlanaraq, Rusiyaya qarşı açıq xəyanət yolu tutduğunu açıq şəkildə biruzə verdi. Rəsmi İrəvan son hərbi toqquşmalarda Rusiyanın sayəsində atəşkəsə nail olsa da, ancaq bunun təşəkkürünü ABŞ-a etdi. N.Pelosinin gəlişinə paralel olaraq, İrəvanda Rusiya əleyhinə və Ermənistanın KTMT-nı tərk etməsi şüarları ilə kütləvi aksiyalara start verildi. Və böyük ehtimalla Kremldə artıq bütün bunlarla bağlı konkret nəticələrin çıxarılmasına başlanılmış olmalıdır.

Belə anlaşılır ki, Paşinyan hakimiyyəti Rusiyadan uzaqlaşma niyyətini rəsmən elan edib. Kremldə rəsmi İrəvana yəqin ki, daha heç bir halda, güvənməyəcəklər. Və Rusiyanı "geopolitik hesab"dan vaxtından əvvəl silməyə tələsən Paşinyan hakimiyyəti bunun bumerang effekti verə biləcək nəticələri ilə tezliklə üzləşməyə başlayacaq.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.