Ermənistan

İrəvandan ağılsız qərar: Qarabağa “müqaviləli hərbçilər” göndəriləcək? - müharibə qapıda

30 İyun 2022 10:00
Baxış: 997

Milli.Az yeni müsavat-da dərc olunan məqaləni təqdim edir.

Ermənistan ərazimizə qanunsuz silahlıları göndərməyin bədəlinə də hazır olmalıdır; İrəvan dialoq körpülərini bir-bir yandırır; məğlub ölkəni daha böyük darmadağın gözləyir...

Ermənistan baş naziri Nikol Paşinyan özünün son açıqlamalarından birində Azərbaycanı sülh danışıqlarını pozmaqda ittiham edib, hətta iddia edib ki, rəsmi Bakı yeni müharibə üçün legitim əsas axtarır. Halbuki belə əsaslar axtarmasına lüzum yox, onlar çoxdan Bakının əlindədir.

Biri elə 10 noyabr kapitulyasiya aktının hələ də yerinə yetirilməmiş qalan 4-cü bəndi. Orada deyilir: "Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılmasına paralel olaraq yerləşdirilir".

Buradaca İrəvandakı siyasi isteblişmentə xatırladaq ki, söhbət ümumən erməni silahlı qüvvələrindən, yəni həm yerli, həm də Ermənistana məxsus qanunsuz silahlı  birləşmələrdən gedir. Başqa sözlə, Qarabağda nə Ermənistanın hərbçisi ola bilər, nə də hərbi geyimli silahlı separatçı.

Ermənistan isə bu bəndə sözsüz əməl eləmək əvəzinə, məlum olur ki, Qarabağ bölgəsinə, üstəlik, hərbçilər göndərməyə hazırlaşır. Doğrudur, çağırışçılar deyil, müqaviləli hərbçilər nəzərdə tutulur. Ancaq Azərbaycan üçün nə fərqi? Yuxarıda vurğulandığı kimi, ərazimizdə hansı adla olur-olsun, yad ölkənin qanunsuz hərbi qüvvəsi yerləşə bilməz!

Keçək indi faktın özünə. Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının Şəxsi Heyət Baş İdarəsinin rəis müavini, polkovnik Saak Saakyan srağagün İrəvanda jurnalistlərə açıqlamasında bəyan edib ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi "Qarabağda müqavilə əsasında hərbi qulluqçuların xidmət keçəcəyi" barədə qərar qəbul edib. "Son çağırış 2020-ci ilin yayında olub, odur ki, tərxis olunma iyulun 1-dən avqustun 30-dək reallaşacaq. Qarabağda daha çağırışçı olmayacaq".

Qarabağda erməni çağırışçı olmayacaq, amma "müqavilə əsasında hərbi qulluqçular" olacaq, eləmi? İndi bu açıq-aşkar barıt qoxusu verən təxribata, növbəti erməni həyasızlığına nə deyəsən? Bunlar, görəsən, hansı virtual aləmdə, hansı regionda yaşayır, nə yeyir, nə içirlər ki, ağıllarına belə axmaq, avantürist şeylər gəlir?

Ən əsası, İrəvan Azərbaycanla hansı sülhdən dəm vurur, əgər imza atdığı kapitulyasiya aktının ən mühüm bəndlərinə nəinki əməl eləmir, əksinə, sanki 44 günlük müharibədəki məğlubiyyət yoxmuş kimi özünü aparır, ölkəmizin ərazi bütövlüyünü nümayişkaranə şəkildə pozur, Azərbaycanı yeni müharibəyə təhrik edir. Hansı müharibə ki, bu dəfə Ermənistana daha böyük və daha fəlakətli sonluq vəd edir. Biz hələ anklavdakı Rusiya "sülhməramlı" qüvvələrinin bu özbaşınalığa seyrçi münasibətini demirik.

"Bu, Ermənistan tərəfindən 9/10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatının kobud şəkildə pozulmasıdır. Xatırladırıq ki, sözügedən bəyanatın 4-cü maddəsinə istinadən Ermənistan silahlı qüvvələri Azərbaycan ərazilərindən çıxarılır və paralel olaraq bu ərazilərdə Rusiya sülhməramlı kontingenti yerləşdirilir".

Bunu dünən Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva İrəvanın son təxribatçı demarşına münasibət bildirərkən deyib.

"Ermənistan KİV-də ölkənin silahlı qüvvələrinin Baş Qərargah rəisinin müavininə istinadən yayılan bu məlumat birmənalı şəkildə Ermənistan rəsmiləri tərəfindən Azərbaycan ərazilərinə qanunsuz hərbi birləşmələrin göndərilməsi ilə bağlı edilən növbəti etirafdır. Tərəfimizdən bundan öncə dəfələrlə Ermənistan tərəfinin üçtərəfli bəyanatın müddəalarını pozduğu, o cümlədən qanunsuz silahlı birləşmələrini Azərbaycan ərazilərindən tam çıxarmadığını bəyan etmişik. Hazırda Azərbaycan tərəfindən münaqişə sonrası mərhələdə münasibətlərin normallaşması və sülh quruculuğu istiqamətində addımlar atıldığı bir vaxtda Ermənistan tərəfinin belə bir yanaşması, sonuncunun bölgədə sülh yox, gərginlik yaratmaq marağını açıq şəkildə nümayiş etdirir. Ermənistan rəsmilərinin bu açıqlaması Ermənistan tərəfinin sülhdən danışmasının riyakarlıqdan başqa bir şey olmadığını göstərir. Bu, həmçinin Ermənistan tərəfinin təcavüzkar siyasətinin bir daha açıq şəkildə təcəssümüdür", - deyə XİN rəsmisi vurğulayıb...

*****

İrəvan beləcə, sülh prosesini bombalamaqda, kövrək dialoq körpülərini bir-bir yandırmaqdadır. Bu da növbəti dəlil-sübut.

Xəbər verildiyi kimi, iyunun 27-də Brüsseldə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyevlə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında növbəti görüş olmalı idi. Lakin keçirilməyib. İki gün öncə Nikol Paşinyan bu xüsusda deyib: "Azərbaycandan mesaj gəldi ki, görüş baş tutmayacaq". Bəs səbəb? Baş nazir bunu açıqlamayıb və yalnızca Bakını sülh prosesindən yayınmaqda ittiham edib.

Gerçək isə əlbəttə ki, bambaşqadır. Belə ki, məlumatlı diplomatik mənbələrdən Haqqin.az-a verilən məlumata görə, Brüssel görüşünün reallaşmamasının ciddi səbəbləri olub. "Əgər Ermənistan hər gün ziddiyyətli bəyanatlar verirsə, Minsk Qrupunun həmsədrlik mexanizmindən danışmağa davam edirsə, Azərbaycana qarşı ərazi iddiaları irəli sürürsə, o zaman görüşlərin keçirilməsinin nə mənası var?", - deyə danışıqlar prosesinin içində olan mənbə öz şərhində vurğulayıb.

*****

Gerçəkdən də sülh oyunu oynayan ermənilərlə vaxt itirməyə dəyərmi?  

Yeri gəlmişkən, həmin o Armen Qriqoryan hazırda Fransada səfərdədir. Ermənistan Təhlükəsizlik Şurası mətbuat xidmətinin məlumatına görə, dünən Parisdə o, artıq "gorbagor olmuş" Minsk Qrupunun fransalı həmsədri Bris Rokfeylə görüşüb. Hər halda, erməni tərəfi onu həmsədr kimi təqdim edib. Halbuki Fransa da, Rusiya və ABŞ da öz həmsədrlərinə artıq "xüsusi elçi" statusu verib.

Xəbərdə həmçinin deyilir: "Həmsöhbətlər Qarabağ probleminin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin himayəsi altında hərtərəfli və uzunmüddətli həllinin zəruriliyini müzakirə və qeyd ediblər".

Yəni yenə Bakıya qarşı 2-ci Qarabağ savaşına gətirmiş köhnə destruktiv ritorika, "bəlkə də qaytardılar" xəyalı, "status" hoqqabazlığı altında Azərbaycana qarşı davam edən ərazi iddiasını gündəmə qaytarmaq cəhdləri. Nə barədə ki, bugünlərdə baş nazir Nikol Paşinyan və xarici işlər naziri Ararat Mirzoyan da danışmış, tutuquşu kimi eyni sözləri və iddiaları səsləndirmişdilər... 

*****

Ancaq bunlar hamısı boş və mənasız səylərdir. Ermənistan rəsmiləri gərək qulaqlarında bunu sırğa eləsinlər: İrəvanın bu yolla kapitulyasiya aktından imtina eləməsinin, özünü məğlub kimi yox, köhnə əyyamdakı tək qalib ədası ilə aparmasının altını yenə yalnız Ermənistan və onun bədbəxt xalqı çəkəcək. Çünki Azərbaycan öz işini bilir və bütün variantlara hazırdır. O cümlədən növbəti dəfə Ermənistanın başını "Dəmir yumruq"la əzməyə, Qarabağı isə birdəfəlik silahlı quldurlardan təmizləməyə...

Milli.Az

13,99%-dən 40 000 AZN-dək zaminsiz, komissiyasız KREDİT

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics