Ermənistan

Ermənistan prezidenti niyə istefa verib? - 6 suala cavab

25 Yanvar 2022 09:58
Baxış: 613

Ermənistan prezidenti Armen Sarkisyanın bazar günü istefa verməsinin səbəbləri barədə Ermənistanda spekulyasiyalar yayılmağa başlayıb. Bəzilərinə görə, Sarkisyanın istefası Azərbaycan və Türkiyə ilə barışıq istiqamətində Ermənistan hökumətinin qəbul edə biləcəyi güzəştlərlə bağlıdır. "Bəlkə də, elə yeni sənədlər var ki, o onları imzalamaq istəmir", - parlamentdəki müxalif fraksiyanın sədri Seyran Ohanyan jurnalistlərə deyib. Digərlərinə görə isə, o yeni bir partiya lideri kimi fəaliyyətə başlaya bilər - cənab Sarkisyanın özü bu barədə heç bir açıqlama verməyib.

Sarkisyan niyə istefa verib, onun istefası barədə nə deyirlər? Milli.Az xəbər verir ki, BBC News Azərbaycan bu və digər suallara cavab tapmağa çalışıb.

Armen Sarkisyan niyə istefa verib?

"Mən çox düşündüm, dörd il fəal işlədikdən sonra respublika prezidenti vəzifəsindən getmək qərarına gəldim,"- onun rəsmi saytında dərc eidlən məlumatda deyilir. Sarkisyanın sözlərinə görə, bu qərar onun ölkənin daxili və xarici siyasətinə təsir etmək üçün lazımi alətlərə malik olmaması ilə bağlıdır. Onun fikrincə, Ermənistan "məzmunca deyil, yalnız formal olaraq prezident respublikasıdır". Sarkisyan Ermənistan siyasətində mövcud vəziyyəti "milli böhran" adlandırır və konstitusiya üzrə səlahiyyətləri olmadığından, hadisələrə təsir edə bilmədiyini vurğulayır. 

İstefanın səbəbləri barədə nə deyirlər?

Prezident Armen Sarkisyanın istefası ilə bağlı bəyanatını şərh edən politoloq Stepan Danielyan onun istefasına "ciddi yanaşmağı" məsləhət görür. O öz Facebook hesabında yazır: "Niyə məhz indi istefa verdi? Onun razı olmadığı və məsuliyyətdən qaçmaq istəmədiyi hansı hadisələr baş verir? İmzalamaq istəmədiyi hansı sənədin hazırlandığı ehtimal olunur? "Ümumxalq böhranı" deyərkən o, artıq baş vermiş, yoxsa hansısa gözlənilən hadisələri nəzərdə tutur? Ailəsinin təqib olunması deyəndə, Sarkisyan nəyi nəzərdə tutur - KİV materiallarını, yoxsa, ola bilsin, iqtidar qüvvə tərəfindən? Prezident olaraq, Armen Sarkisyan nə kimi "fundamental siyasi dəyişikliklərə" təsir edə bilmədiyinə eyham vurur? Və, nəhayət, nə üçün [erməni] xalqın bundan sonra səhv etmək imkanı yoxdur? Politoloq Hrant Melik-Şahnazaryanın ehtimalına görə, Prezident Sarkisyanın istefa səbəblərindən biri Ermənistanın Türkiyə və Azərbaycanla münasibətlərinin dəyişməsi ola bilər. O bildirir ki, son zamanlar Ermənistanın siyasi dairələrində "Paşinyan hökumətinin Türkiyə və Azərbaycanla münasibətlərin bərpası yönündə saziş imzalamağa hazırlaşması ilə bağlı söz-söhbət gəzir. Hrant Melik-Şahnazaryan TASS agentliyinə deyib ki, ictimaiyyətin böyük əksəriyyəti bu istefanı Ermənistanın Türkiyə ilə yaxınlaşması ilə bağlı "qeyri-populyar qərarı" ilə əlaqələndirir. Hrant Melik-Şahnazaryan TASS agentliyinə deyib ki, ictimaiyyətin böyük əksəriyyəti bu istefanı Ermənistan hökumətinin Türkiyə ilə bağlı verdiyi "qeyri-populyar qərarı"na görə məsuliyyət daşımaq istəməməsi ilə əlaqələndirir.

Prezidentin istefa ərizəsi nə vaxtdan qüvvəyə minir?

Konstitusiyaya əsasən, ölkə prezidentinin istefa ərizəsi Milli Məclisə təqdim olunur və rəsmən bəyan edildikdən sonra istefa prosedurası başlanır. Milli Məclisin reqlamentinə əsasən, dərc olunandan sonra bir həftə ərzində ərizəni təqdim edən şəxs [prezident Armen Sarkisyan] ərizəsini (yazılı surətdə) geri çağıra bilər. Ərizə geri çağrılmazsa, Milli Məclisin imzası ilə prezidentin səlahiyyətlərinin ləğv olunması haqqında protokol tərtib edilir və dərc olunan andan istefa qərarı qüvvəyə minir.

Erkən seçkilərə qədər prezidenti kim əvəz edir?

Ermənistan Respublikası Konstitusiyasının 126-cı maddəsinə əsasən, erkən prezident seçkiləri prezident vakansiyasının yaranmasından ən azı 25 gün sonra, 35 gündən gec olmayaraq keçirilməlidir. Yeni prezident seçilənə qədər onun vəzifələrini parlamentin spikeri yerinə yetirir. Hazırda Ermənistan parlamentinin spikeri Alen Simonyandır.

Prezidentliyə namizəd kim ola bilər?

Konstitusiyaya görə, Ermənistan Respublikası prezidenti vəzifəsinə 40 yaşı tamam olmuş, son 6 ili ölkədə yaşayan, seçki hüququ olan və mükəmməl erməni dilini bilən Ermənistan vətəndaşı seçilə bilər. Prezident 7 il müddətinə seçilir. Prezident vəzifəsini icra etdiyi müddətdə heç bir siyasi partiya üzvü ola bilməz. Eyni şəxs yalnız bir dəfə prezident vəzifəsini tuta bilər. Prezident namizədini Milli Məclis üzvlərinin ümumi sayının dörddə biri tərəfindən irəli sürülə bilər. Yeni Konstitusiyaya görə, ölkə prezidenti dövlət başçısı hesab olunur. Lakin ölkə başçısı olaraq o, "müharibə və sülh" məsələlərini həll etmək səlahiyyətinə malik deyil. Onun məqsədəuyğun hesab etdiyi qanun üzərinə veto qoymaq hüququ yoxdur. O, Konstitusiyaya riayət olunmasına nəzarət edir, növbədənkənar və növbəti parlament seçkilərinin keçirilməsini təyin edir, hökumətin istefasını qəbul edir. Prezident, hökumətin və Baş nazirin təklifi ilə nazirlər kabinetinin tərkibində dəyişikliklər edir, səfirlər təyin etmək və geri çağırmaq, beynəlxalq müqavilələr bağlamaq və ləğv etmək, vətəndaşlıq və əfv məsələlərini həll etmək hüququna malikdir. Təxminən 5 il əvvəl Ermənistan Konstitusiyasında dəyişiklik edərək parlament respublikasına çevrilib. Armen Sarkisyan bu Konstitusiya islahatından sonra, 2018-ci ildən ölkənin prezidentidir.

Seçkilər necə keçirilir?

Ermənistan Konstitusiyasına görə, prezident ümumxalq səsvermə nəticəsində deyil, Milli Məclis tərəfindən seçilir. Prezident vəzifəsinə ən azı deputatların ümumi sayının 75 faizinin səsini qazanan namizəd seçilir. Namizədlərdən heç birinin yetərli sayda səs qazanmadığı halda seçkilərin ikinci turu keçirilir. İkinci turda səslərin 60 faizini qazanan namizəd qalib sayılır. Bu dəfə də prezident müəyyən edilməzsə, üçüncü tur keçirilməlidir. Seçkilərin üçüncü turunda lehinə daha çox səs verilən iki namizəd iştirak edə bilər. Üçüncü turun nəticələrinə əsasən, prezident vəzifəsinə səsvermədə iştirak edən parlament üzvlərinin yarısından çoxunun səsini qazanan namizəd seçilir.

Milli.Az

40 000 AZN-dək krediti ONLAYN sifariş et!

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics