Dünya

Rusiya və Türkiyə arasında savaş olacaq?

25 Noyabr 2015 14:00
24 Şərh     Baxış: 7 154
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin Suriya ilə sərhədinin yaxınlığında Rusiyanın Su-24 qırıcı təyyarəsinin vurulması Moskva və Ankara arasındakı münasibətləri gərginləşdirib.

Rusiya prezidenti Vladimir Putin bunu "arxadan zərbə" adlandırıb, baş nazir Dmitri Medvedev "Türkiyə İŞİD-i dəstəkləyir" deyib, Rusiyanın millət vəkilləri, siyasətçiləri, mediası və ictimai xadimləri isə Türkiyə ilə bütün əlaqələri kəsməyə, aviadaşımaları dayandırmağa, birgə layihələrə "yenidən baxmağa" çağırırlar.
Durum, həqiqətən də, çox mürəkkəbdir.
Əcəba, bundan sonra nə olacaq və ya ola bilər? Azərbaycan yaranmış şəraitdə nə etməlidir?

Rus hərbçilər hədələyirlər

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının Baş Operativ İdarəsinin rəisi, general-leytenant Sergey Rudskoyun dediyinə görə, Su-24 təyyarəsi Türkiyə sərhədindən 1 km aralıda vurulub və buna görə də həmin təyyarə heç bir halda Türkiyənin hava sərhədlərini pozmayıb.
Rusiyanın Müdafiə Nazirliyi təyyarənin uçuş sxemini də yayıb.
General-leytenant deyib: "Suriyadakı aviasiya bazamızın təhlükəsizliyinin təminatı ilə bağlı əlavə tədbirlər görüləcək. Bundan belə Rusiyanın Suriyadakı zərbə aviasiyasının bütün əməliyyatları qırıcı təyyarələrin müşayiəti ilə aparılacaq. Bundan başqa, hava hücumundan müdafiə də gücləndiriləcək. S-300-ün analoqu olan "Fort" hava hücumundan müdafiə sistemi ilə təchiz olunmuş "Moskva" kreyseri Suriyanın Latakiya bölgəsinin sahillərində lövbər atacaq. Rusiya təyyarələri üçün potensial təhlükə kəsb edən bütün hədəflər məhv olunacaq. Bundan başqa, Türkiyə ilə hərbi sahədə bütün təmasları dayandırırıq".

Rus generalının bu açıqlaması Türkiyəyə müharibə elanı olmasa da, həddən ziyadə sərt xəbərdarlıqdır. S.Rudskoy açıq-aşkar şəkildə bildirib ki, əgər Türkiyə Hərbi-Hava Qüvvələrinin təyyarələri Rusiyanın Suriyadakı qırıcı və ya bombardmançılarını "müşayiət" etməyə çalışsalar, dərhal vurulacaqlar.
Özü də atəş tək rus təyyarələrindən yox, Trablus və Hmeymimdəki bazalardan, habelə "Moskva" kreyserindən açılacaq.
Rusiyanın müdafiə naziri Sergey Şoyqu isə bu gün bəyan edib ki, Suriyadakı Hmeymim aviabazasında C-400 "Triumf" zenit-raket sistemləri yerləşdiriləcək.
Kompleks 400 km-dək məsafədə aerodinamik hədəfləri, 60 km məsafəyədək taktiki ballistik raketləri vura bilir. Kompleksin radarı isə 600 kilometrədək məsafədə uçan obyektləri aşkarlayır.

PKK təhdidi

Türkiyənin Suriyadakı türkmənləri dəstəklədiyi bəlli. Ankara türkmənlərə dəstək verir, onları Suriya prezidenti Bəşər Əsəd rejiminə qarşı vuruşan silahlı müxalifətin bir hissəsi sayır.
Rusiya isə tam əksinə, Suriyanın şimalında kompakt yaşayan türkmənlərin İŞİD, "Şeyh əl Fəttah", "Əhrar əl Şam" və "Cəbhət əl Nüsra" kimi terror təşkilatlarına açıq dəstək verdiyini bəyan edir. Bu səbəbdən də türkmənləri vuran Suriya ordusuna Rusiyanın qırıcı-bombardmançı təyyarələri dəstək verirlər.
Rusiya rəhbərliyi dünən onu da bəyan edib ki, Suriyada "türkmən terrorçularının mövqelərini hədəfə almağa davam edəcəklər".

Üstəlik, türkmənlərdə ABŞ və Avropa istehsalı olan səyyar zenit komplekslərinin olduğunu vurğulayan Rusiya: "bu, yolverilməzdir - amma terrorçuların zenit kompleksləri ilə silahlandırılması davam edərsə, biz də İŞİD-ə və digər terrorçulara qarşı vuruşan qüvvələr barədə düşünə bilərik", - deyib.

Moskva həmin qüvvələr dedikdə Suriyanın şimalındakı kürdləri nəzərdə tutur. Kürdlərin terrorçu PKK təşkilatının Suriyadakı bölmələri olan PYD və YPG qruplaşmalarına "terrorla mübarizə" adı ilə səyyar zenit-raket komplekslərinin verilməsi əslində həmin raketlərin sonradan PKK-ya ötürülməsinə şərait yaratmaq deməkdir.

PKK isə ZRK-ları əldə edərsə, Türkiyənin Suriyanın və İraqın şimal bölgələrində həyata keçirdiyi antiterror əməliyyatlarında istifadə etdiyi hərbi təyyarələri asanlıqla vura biləcək.
Rusiya "terrorla mübarizə aparan kürdlərə dəstək" adı ilə PKK-nı intensiv şəkildə silahlandıra biləcəyinə indiyədək dəfələrlə işarə vurmuşdusa, Su-24 təyyarəsinin vurulmasından sonra belə ehtimal xeyli güclənir.

66 ildən sonra ilk dəfə

Türkiyə HHQ-nin F-16 qırıcılarının Rusiyanın Su-24 təyyarəsini vurması həm də NATO-nun yarandığı gündən bəri ilk dəfə Rusiya təyyarəsini hədəfə alaraq yerə salmasıdır.
NATO 1949-cu ildə qurulandan bəri Şimali Atlantika Alyansı üzvü olan ölkələrdən heç biri Rusiya təyyarəsini vurmamışdı.

Biznes layihələr "asqı"da

Osmanlı türklərinin "asqıda" deyimi var. Yəni nəyinsə laübəli, qeyri-müəyyən, mücərrəd bir durumda olması.
Su-24 təyyarəsinin vurulmasından sonra Rusiya və Türkiyənin birgə biznes layihələrinin tam əksəriyyəti asqıdadır.
İlk "qurban" isə "Türk axını" layihəsi ola bilər. Rusiyanın təbii qazını Türkiyədən keçməklə Avropa Birliyinə çıxarmaq üçün nəzərdə tutulan layihə çərçivəsində Moskva və Ankara arasında danışıqlar indiyədək çox çətin, mürəkkəb şəraitdə keçirdi.


Daha sonra Rusiyanın "Rosatom" dövlət korporasiyasının Türkiyədə atom-elektrik stansiyası tikməsi layihəsi, Rusiya gəmilərinin Qara dəniz boğazlarından keçidi çətinləşəcək.
Ən nəhayət, Türkiyənin Rusiyadan satın aldığı təbii qazdan asılı olduğunu nəzərə alsaq, Moskvanın "qaz dəyənəyi"nə əl atacağı şübhə doğurmur.

"Türk axını" axmaya bilər

Rusiyanın təbii qazını Türkiyədən keçməklə Avropa Birliyinə nəqlini nəzərdə tutan "Türk axını" marşrutunun ilk layihə gücü ildə 63 milyard kubmetr idi. Lakin sonradan bu həcm sadəcə, bir boru kəmərinədək azaldı və ildə 15,75 milyard kubmetr oldu.
Moskva ilə Ankara arasında anlaşmanın yekun variantının dekabrda imzalanması nəzərdə tutulurdusa, Su-24 olayından sonra bu barədə düşünməyə belə, dəyməz.

"Türk axını" layihəsinin baş tutmaması "Qazprom" üçün ağır zərbədir: nədən ki, Rusiya bütün istəklərinə və planlarına rəğmən, təbii qazının Ukraynadan keçirməklə Avropa Birliyinə nəqlini davam etdirməyə məcbur qalacaq.
Eyni zamanda, Rusiyanın "mavi yanacağını" Qara dənizin təki ilə Avropa Birliyinə nəql üçün reallaşdırmağa çalışdığı "Cənub dəhlizi" layihəsinin taleyi də müəmmaya çevrilir.

Turizm embarqosu

Rusiya XİN-i ölkə vətəndaşlarına Türkiyəyə getməməyi məsləhət görüb, xarici işlər naziri Sergey Lavrov isə "Türkiyədə terror təhlükəsi Misirdən az deyil" söyləyib.
Türkiyə ilə münasibətlərin sərinləşməsi və kəskinləşməsi türklərin təqribən 3,5 milyon rus turistini itirməsi deməkdir.
Rusiyada turizm şirkətləri artıq Türkiyəyə putyovkalar satmırlar.

Türkiyə yeni satıcılar axtarmalıdır

Rusiyanın təbii qaz alıcıları arasında Almaniyadan sonra ikinci yeri tutan Türkiyə daxili istehlak bazarındakı "mavi yanacaq" tələbat kvotasının 60 faizini "Qazprom"dan alınan təbii qaz vasitəsilə ödəyir. 

Təbii ki, Rusiyaya türklərə qaz satışını dayandırmayacaq, amma tariflərin artması və şərtlərin dəyişməsi istisna deyil. 
Ankaraya qaz, "Qazprom"a etibarlı, stabil satıcı imici gərəkdir.

"Akkuyu" quyuya düşəcək?

Türkiyədə "Akkuyu" atom-elektrik stansiyasının inşası ilə bağlı layihə Rusiya və Türkiyə arasında ən böyük energetik anlaşmadır. Anadoluda ilk AES olacaq, 4,8 GVt istehsal gücünə malik bu stansiyanın inşası 22 milyard dollara başa gələcək.
Stansiyanın ilk blokunun 2022-ci ildə istifadəyə verilməsi planlaşdırılıb.
Anlaşmaya görə, Rusiyanın "Rosatom" korporasiyası "Akkuyu"nun səhmlərinin ən azı 51 faizinə yiyələnməlidir.
AES-lə bağlı Moskva və Ankara arasında bütün anlaşmalar imzalanıb. Layihənin ləğfi ağlabatan təsir bağışlamır. 
Türkiyədə elektroenerjiyə olan daxili tələbat ildə 8 faiz artır, elektroenerjinin 44 faizisə Rusiya və İrandan alınan təbii qaz hesabına əldə olunur.

Hay-küy boşdur

Rusiyada media və siyasətçilər "Türkiyədən ixracı dayandıraq!" isteriyasına qapılıblar. Halbuki, bu, sadəcə mümkün deyil. 
Rusiyanın xarici ticarət dövriyyəsində 6-cı yeri tutan Ankara və Rusiya arasındakı ticarət ötən il 31,6 milyard dollara bərabər olub.

Türkiyə Rusiyanın ən böyük ərzaq təminatçısıdır. Türkiyədən idxal olunan ərzaq məhsullarına, xüsusilə də meyvə-tərəvəzə Moskvanın embarqo tətbiq imkanları da yoxdur, çünki Rusiya alternativlərə malik deyil. Unutmayaq ki, Rusiya aylar əvvəl Avropa Birliyindən ərzaq, meyvə və tərəvəz idxalını əhəmiyyətli dərəcədə azaldıb.
Adi fakt: Türkiyənin Rusiyaya ixracatının 33,2 faizi ərzaq və kənd təsərrüfatı mallarının hesabına düşür.

Putin və Ərdoğan: münasibətlər necə olacaq?

Rusiya və Türkiyə prezidentləri Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğan arasında səmimi münasibətlər, qarşılıqlı rəğbət var. Hər halda dünənədək belə idi.
Onlarn tez-tez görüşmək üçün dövlətlərarası Rusiya-Türkiyə komissiyası da yaratmışdılar. 
Prezidentlər bir-birlərinə "sən" deyə müraciət edir, səmimi davranır, qeyri-formal ünsiyyət formatına ünsiyyət verirlər.
Suriyada vətəndaş müharibəsi başlanandan bəri Türkiyə Bəşər Əsəd rejimini hədəf seçmiş, Rusiya isə Əsədi dəstəkləmişdi. Buna rəğmən Ərdoğanla Putin şəxsi münasibətləri ilə bahəm, iki dövlət arasındakı çoxmilyardlıq iqtisadi əlaqələri və perpsektiv enerji layihələrini Suriya münaqişəsinə qurban verməməyə çalışırdılar.

Bəşər Əsədi devirməyə çalışan ölkələri sərt tənqid edəndə V.Putin heç vaxt Türkiyənin adını çəkməyib. 
Rusiya Krımı ilhaq edəndə, sonra Qərb Moskvaya qarşı sanksiyalar tətbiq edəndə isə R.T.Ərdoğan anti-Moskva ritorikasına qatılmamışdı.
Və hələ ötən ilin dekabrında iki prezident "Türk axını" layihəsinə başlandığını deyərək Ankarada yanaşı fotolar çəkdirmişdilər.
Daha sonra münasibətlər sərinləşməyə başladı.
Aprelin 24-də Vladimir Putin Yerevana yollanaraq qondarma "erməni soyqırımının anım"ına qatıldı. Buna cavab olaraq R.T.Ərdoğan dərhal Krımın ilhaqını xatırladı.
Su-24 təyyarəsinin vurulmasından sonra iki dövlət başçısı arasında münasibətlər gərilsə də, onların tam pozulduğunu iddia etmək sadəlövhlükdür.
Putin və Ərdoğan perspektivə hesablanmış qərarlar qəbul edən, strategiyanı dəyərləndirib taktikanı unutmayan prezidentlərdir və onların indiki ağır şəraiti daha da müşkülləşdirməmək üçün addımlar atması gözlənilir.

Elçin Alıoğlu
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.