Cəmiyyət

"Azərbaycanın geosiyasəti"

30 Noyabr 2015 14:27
Baxış: 1 558
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əli Həsənovun kitabından qənaətə gəldiyim düşüncələr

Əvvəli burada

Buna görə də müəllif Azərbaycanın regional geosiyasi məkanda oynadığı rolu və prioritetləri önə çəkərək yazır: "Mütəxəssislərin Azərbaycanın Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazda yürütdüyü siyasətin prioritet vəzifələri sırasına,  ilk növbədə bölgənin əsas geosiyasi, geoiqtisadi və hərbi-geostrateji maraqları üzrə  regional və beynəlxalq tərəfdaşlarla qarşılıqlı maraqlara söykənən ikitərəfli və çoxtərəfli münasibətlərin qurulması və tərəfdaşlıq qaldırılması siyasətini aid edirlər..." (Bax. s. 516)

Nəhayət hörmətli professor ikinci bölməyə yekun vurarkən. Azərbaycanın regionda oynadığı geosiyasi əhəmiyyətdən bəhs edir və ikinci əsas prioritet haqqında yazır:  "Azərbaycanın Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazdakı geosiyasi, geoiqtisadi və hərbi-geostrateji maraqlarının təminatı istiqamətində yürütdüyü regional siyasətin ikinci əsas prioritet vəzifəsi regional münasibətlərdə fərqli maraqların qarşıdurma meydanına deyil, əməkdaşlıq mərkəzinə çevrilməsi xətti hesab oluna bilər. Azərbaycan 1993-cü ildən etibarən bölgənin bütün geosiyasi, geoiqtisadi və hərbi-geostrateji məsələlərində öz prinsipial maraqlarını ön plana çəkərək, ölkələrarası sülh və tərəfdaşlıq siyasəti yürüdür. Rəsmi Bakı bir tərəfdən MDB, Rusiya və İranla bu məkanda fəaliyyət göstərən digər regional mərkəzlərlə qarşılıqlı-faydalı əlaqələri inkişaf etdirir, tərəfdaşlıq münasibətlərini qoruyub saxlayır, digər tərəfdənsə ABŞ, Türkiyə, Avroatlantik strukturları və Aİ ilə strateji tərəfdaşlıq münasibətləri yaradır". (Bax. s. 523)

Kitabın üçüncü bölməsində Azərbaycanın beynəlxalq aləmlə geoiqtisadi münasibətlərindən bəhs edilir. Qeyd edək ki, bu ardıcıllıq, yəni, əgər ikinci bölmə bütünlüklə ölkəmizin geosiyasi münasibətlərinə, onun inkişaf dinamikasına, Cənubi Qafqazda bütövlükdə, Avrasiya məkanında və planetar geosiyasi oyunçulardan söz açılıb, onlara ayrı-ayrılıqda Azərbaycanın münasibəti (qonşu və digər dövlətlərə münasibətlərdə hər birinin xüsusi xarakteristikası verilməklə yanaşı, Azərbaycanın da onlara münasibətdə obyektiv yanaşması sərgilənirdi.) bildirilirdisə, bu bölmədə yalnız geoiqtisadi xarakteristikası verilir. Təbiidir ki, müəllif geoiqtisadi xarakteristikanı incələdikcə onu geosiyasi və hərbi-geostrateji maraqlardan ayırmır və hər üç anlamı vəhdət şəkilində göstərir, dünya maraqlarını Azərbaycan maraqlarına və milli təhlükəsizlik baxışlarına yaxınlaşdırır, ilk növbədə isə ikincinin daha üstün mövqedə olduğunu oxucuların nəzərinə çatdırır. Hörmətli professor birmənalı şəkildə, əsərin başlanğıcından sonuna qədər, qeyd edir ki, geosiyasi maraqların əsasında geoiqtisadi və hərbi-geostrateji mənafelər dayanır və bu mənafelər regional, planetar geosiyasətə birbaşa təsir göstərir, onu müəyyənləşdirir, yönəldir, son nəticədə ümumi razılığın əldə olunması üçün ya konturlar cızılır, ya da razılığa gəlinmədən əməkdaşlıq və tərəfdaşlıq münasibətləri korlana biləcək qədər pozulur, gərginləşir.

Qeyd edək ki, geoiqtisadi münasibətlər, həm regional, həm də planetar səviyyədə onun təbii ehtiyatları (neft, qaz, qiymətli metallar, sənaye və istehsal inkişafı, dayanıqlı iqtisadi inkişaf, əlverişli geocoğrafi ərazidə yerləşməsi, müxtəlif kommunikasiya xətlərini özündə birləşdirməsi, potensial resursların adı çəkilən məkanda mövcudluğu, insan resursları ilə ölçülməsi və s. nəzərdə tutulur) və aparılan siyasətlə, onun davamlılığı, etibarlığı ilə ölçülür. Bu baxımdan XX əsrin sonlarında sovetlər birliyi parçalandıqdan və onun yerində müstəqil dövlətlər yarandıqdan sonra, eyni zamanda XXI əsrin əvvəllərində dünyada baş verən ictimai-siyasi hadisələr, dünya xəritəsi və mövcud duruma yenidən nəzər salmaq, onları dəyişmək və komplektləşdirmək siyasəti,  həyata keçirmək istədiyi Xəzər-Qara dəniz hövzəsini, Qafqaz regionunu əhəmiyyətinə görə dünyada mərkəzi yerlərdən birinə çevirdi. Bu sırada Xəzər dənizi, Cənubi Qafqaz özünün zəngin karbohidrogen ehtiyatları, Şərq-Qərb, Şimal-Cənub bağlığı, nəqliyyat-kommunikasiya imkanları ilə seçilir və bu baxımdan transmilli dünyanın geoiqtisadi maraqlarının kəsişmə nöqtəsinə çevrilib. Enerji daşıyıcılarına dünyada artan tələbat Xəzər hövzəsi, onun təbii ehtiyatları uğrunda mübarizədə Azərbaycan dövləti Cənubi Qafqazda mərkəzi oyunçulardan biri və birincisi statusunu alıb desək, yanılmarıq. Oxucuların nəzərinə çatdırmaq lazımdır ki, (mütəxəssislər də belə hesab edirlər) Xəzər dənizi dünyanın zəngin karbohidrogen ehtiyatlarına malik olan bölgələrdən biridir.

Müəllifin fikrinə görə, bu faktor bölgənin ümumi geosiyasi, geoiqtisadi ab-havası, dünya ölkələrinin bu məkana can atması, bəzən özlərinin siyasi konturlarını və s. qlobal, regional, sosial məsələləri diktə etməsi və başqa transmilli proseslərlə yanaşı həm də Xəzərətrafı ölkələrin bir-biri ilə regional münasibətlərinə, bütövlükdə xarici siyasətlərinə, daxili ictimai-siyasi vəziyyətinə və regional dövlətlərarası münasibətlərin xarakterində ciddi təsir göstərir. O yazır: "... Bir tərəfdən xarici siyasət və geosiyasət yönlərdəki fərqlər, digər tərəfdən dövlət idarəçiliyi və siyasi sistemlərinin müxtəlifliyi, bölgədəki geosiyasi, geostrateji gücləri və imkanları, maraq və mənafe ambisiyaları arasındakı üst-üstə düşməyən məqamlar, beynəlxalq aləmin müəyyən təhrikləri də daxil olmaqla XX əsrin son onilliyindən başlayaraq Xəzər hövzəsi ölkələrini ciddi geoiqtisadi qarşıdurmaya  sövq etməyə başladı. Xüsussilə, sonuncu faktor- bəzi xarici dövlətlərin təhriki ilə bölgə ölkələrində qızışdırılan milli, dini və vətəndaş müharibələri, etnik separatizm, siyasi böhran və daxili hərc-mərclik, süni şəkildə qaldırılmış sərhəd-ərazi çəkişmələri, Xəzər dənizinin statusu kimi məsələlər hövzəni ciddi dövlətlərarası regional və dövlətdaxili milli-vətəndaş münaqişələri ocağına çevirdi". (Bax. s. 527)

Nə qədər də doğru sadalamalar edir, hörmətli professor! O bütün bunları, milli, dini, vətəndaş  müharibələrini, etnik separatizmi, siyasi böhranı və daxili hərc-mərcliyi, süni şəkildə qaldırılmış sərhəd-ərazi çəkişmələrini, Xəzər dənizinin bölünməsində yaranan fikir ayrılıqlarının nəinki şahidi olub, hətta bütün bunların içində yaşayıb, bütün Azərbaycan xalqı kimi. Bütün bu qarşıdurma və münaqişələr haqqında tarixi oçerklər, xatirələr, salnamələr şəklində yazılsa da, Əli Həsənovun bu hadisələri, baş verənləri geosiyasi, geoiqtisadi və hərbi-geostrateji kontekstdə verməsi, paralel təhlillər aparması, xronoloji ardıcıllığa riayət etməsi  onun əsərlərini, xüsusilə də "bu kitabı daha oxunaqlı edir, onu dünya çapında yazılan kitablarla bərabərləşdirir, bəzi yerlərdə isə üstünlükləri önə çıxır, Cənubi Qafqazın Avrasiya regionunda üstünlüklərinin təhlilini verəndə bu daha çox özünü biruzə verir.

Qeyd olunur ki, Xəzərin təbii ehtiyatları haqqında müxtəlif mənbələrdəki məlumatlar müxtəlifdir. Bəzi hesablamalar görə, bu hövzədə dünyanı yüz il müddətinə fasiləsiz təmin etmək gücündə olan milyardlarla ton neft və trilyonlarla kub metr qaz ehtiyatı vardır. Məsələn, "Nyu-York Tayms" qəzetinin 6 avqust 1997-ci il tarixli sayında göstərilir ki, Xəzərin karbohidrogen ehtiyatları indiki qiymətlərlə  4 trilyon ABŞ dolları məbləğində qiymətləndirilən 200 milyard barrel neftdən və 200 trilyon kub metr qaz ehtiyatlarından ibarətdir.

Ardı var

Yunus Oğuz

Olaylar.az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.