2013-cü ildən arxeoloji qazıntılar aparılan Ağsu rayonunun Bəyimli kəndi ərazisində yeni faktlar üzə çıxıb. Milli.Az El TV-yə ( Region TV) istinadən xəbər verir ki, bunlar el arasında "Torpaqqala" kimi tanınan yerdə, Mehrəvan qalasında bu ilin altı ayı ərzində qazıntı işləri görülən 2 min kvadratmetr sahədə aşkarlanıb.
Qazıntılar zamanı qızıl üzük və boyunbağının bir hissəsi də aşkarlanıb. Bütün tapıntılar III-VIII əsrləri əhatə edir. Bu dövr də Qafqaz Albaniyasının ən qüdrətli çağı hesab olunur. Həmin dövrdə isə ölkənin siyasi və hərbi həyatında Mehrəvan şəhərinin xüsusi yeri olub.
Roma, Bizans və Sasani dövrünə aid olan gümüş və mis pullar da şəhərin dəqiq tarixini müəyyənləşdirməyə kömək edəcək. Abidənin konservasiya olunması məqsədi ilə zəruri tədbirlər görülür. Bu işə İtaliyadan olan mütəxəssislər də cəlb ediliblər. YOCOCU Assosiasiyası və Kalabriya Universitetinin əməkdaşları tərəfindən müvafiq analizlər aparmaq məqsədi ilə ərazidən nümunələr götürülüb.
Nəticələrdən asılı olaraq, abidənin konservasiyasında nanomateriallardan istifadə edilməsi nəzərdə tutulur.
Milli.Az