Cəmiyyət

"Azərbaycanın geosiyasəti"

12 İyun 2015 12:34
Baxış: 1 012
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

(Əvvəli burada)

Bir məsələni də diqqətinizə çatdırım ki, hörmətli professor istənilən dövrün Azərbaycanla əlaqədar qlobal geosiyasətindən, geohərbi-strategiyasından, geoiqtisadiyyatından yazanda yerli, yaxud regional problemlərdən müfəssəl bəhs etməkdən çəkinmir, əksinə onları şərh etməklə yerlərdə baş verən hətta ən xırda hadisələri geosiyasi kontekstdə verir, ona bağlayır, bu hadisələrin zəncirvari proses olduğu qənaətinə gəlir. Bu onun intellektual, elmi və məntiqi uğurudur, çünki o gözəl bilir ki, hər bir böyük iş kiçik işdən başlanır. Məsələn, müəllif yazır: "... Sovet Rusiyası Azərbaycan hökumətinə bolşeviklərin yaratdığı Bakı Xalq Komissarları Soveti vasitəsilə təsir göstərir, onu məhv etməyə çalışırdı. Məlum olduğu kimi, Bakıdakı bolşevik hökuməti nəinki yeni yaradılmış hökuməti tanımır, eyni zamanda onu məhv etmək üçün qüvvələrini səfərbər etməyə çalışırdı. Bu məqsədi həyata keçirməyə gücü yetmədiyindən bolşeviklər daşnak qüvvələrindən istifadə etdilər.
Əslində Bakıda  bolşevik-daşnak ittifaqı yaradılmışdı. Onlar azərbaycanlılara qarşı kütləvi qırğınları amansızlıqla davam etdirirdilər. Bolşevik hökuməti Gəncə istiqamətində hücum edərək dinc türk və müsəlman əhalini qırmaqda davam edirdi". (Bax, s. 50-51)

Nəhayət, müəllif qeyd edir ki, Azərbaycan ilk dəfə tarixi səhnəyə siyasi çalarlar daşıyan anlam kimi çıxdıqdan sonra ilk dəfə olaraq Milli Ordu yarandı. Dövlətsiz ordu ola bilməz, yaxud Milli Ordusuz milli dövlət, onun milli maraqları mövcud deyil. Sevindirici hal idi ki, yenə də ordu quruculuğunda bizə yaxından köməyi, H. Əliyevin dili ilə desək "bir millət, iki dövlət"in o biri tərəfi-osmanlı imperatorluğu etdi və Gəncədə Nuru Paşanın komandanlığında "Qafqaz İslam Ordusu" yaradıldı.

Əsas məqsəd isə ərazi hüdudlarını qorumaqla yanaşı, Bakını azad etmək idi. Daşnaklar bu ordu qarşısında tab gətirməyərək hökuməti Sentrakaspi adlanan qondarma bir quruma verdilər. Bu hökumət isə ingilisləri Bakıya dəvət etdi. Bütün təfsilatları, dövrün qızğın hadisələrindən yan keçərək, aparılan müharibədən və gedən siyasi mübarizədən geniş yazmadan, nəhayət "... Sultan IV Mehmet Ə. Topçubaşova dediyi "Əmin ola bilərsiniz ki, Osmanlı türkləri sizdən heç vaxt köməyini əsirgəməyəcəkdir" sözləri kimi türkləri əlavə hərbi yardımı sayəsində türk İslam ordusu  sentyabrın 15-də Bakıya daxil oldu. Əli Həsənov bunu fəxrlə, emosiyasız yazmaqla yanaşı gəldiyi qənaət də düşündürməyə vadar edir: "Bakının azad edilməsi sadəcə bir şəhərin xilası deyildi. Bu regionda yeni bir geosiyasi vəziyyətin yaranması demək idi. Azərbaycan hökuməti təbii-tarixi paytaxtına köçdü. Xəzər üzərinə nəzarət əldə etdi.

Bununla da Azərbaycanın təsiri həm Şimali Qafqaz üzərindən artdı, həm də Türküstana gedən yola nəzarət qazandı. Bakının azad edilməsi Azərbaycan hökumətinin daxili siyasətinə mühüm təsir göstərdiyi kimi, xarici siyasət sahəsində də onun fəallaşmasına təkan verdi". (Bax, s.54)

Lakin müstəqil dövlətin taleyi o dövrlərdə öz əlində deyildi. Birinci dünya savaşı bitmək üzrə idi. 1918-ci il oktyabrın 20-də Osmanlının ingilislərə məğlubiyyətini etiraf edən Mondros sazişi imzalandıqdan sonra Azərbaycan hökumətinin vəziyyəti daha da ağırlaşdı, çünki müqavilənin 11-ci maddəsində göstərildiyi kimi Osmanlı ordusu tezliklə Azərbaycan və Transqafqazı tərk etməli idi.

Noyabrın 17-də ingilislər Bakıya gəlməmişdən öncə Osmanlı ordusu Azərbaycanı tərk etdi. Bununla da Azərbaycan dövlətinin tanınması, beynəlxalq aləmlə təması daha da ağırlaşdı. Bütün bu çətinliklərə baxmayaraq Azərbaycan hökuməti özünü dövlətin subyektinə çevirməsi yönündə böyük iş apararaq dekabrın 26-da Paris sülh konfransında iştirak edəcək nümayəndə heyətini və onun sədri Topçubaşovu seçdi.

Azərbaycan hökumətinin, nümayəndə heyətinin gərgin əməyi, daima müxtəlif dövlətlərin nümayəndələri ilə təmas və görüşləri nəticəsində aparıcı dövlətlər tərəfindən Azərbaycan dövlətinin tanınması məsələsinə aydınlıq gətirildi. Bu barədə hörmətli professor yazır: "Azərbaycanın müstəqilliyi məsələsi ilk dəfə olaraq 1919-cu il mayın 2-də ABŞ prezidenti V. Vilsonun təşəbbüsü ilə ABŞ, Böyük Britaniya, Fransa və İtaliya hökumət başçılarının təmsil olunduğu Dördlər Şurasının iclasında müzakirə edildi. V. Vilson Azərbaycan Respublikasından olan nümayəndələrin  Versal sülh konfransına buraxılmasının məqsədəuyğun olduğunu qeyd edərək, Topçubaşovu Azərbaycan nümayəndə heyətinin başçısı kimi qəbul etməyin tərəfdarı olduğunu bildirdi". (Bax, s. 61)
Bununla yanaşı Əli Həsənov doğru olaraq bütün o dövrün beynəlxalq maraqlarını geniş tədqiq və analiz, buna gərgin əmək sərf edərək yazır ki, ABŞ və onun müttəfiqləri dünyanı kiçik hissələrə bölmək niyyətində deyildilər. Yaranmış şəraitdə onlar imperiyaların maraqlarını əsas götürərək Cənubi Qafqazda yeni müstəqil dövlətlərin yaradılması və ondan irəli gələn geosiyasi vəziyyətə hazır deyildilər. Bu da o dövrün bir çox geosiyasi, geostrateji və iqtisadi maraqları və müttəfiqlər arası münasibətlərə təsir göstərən  digər məsələlərlə bağlı idi. ABŞ-ın Cənubi Qafqaza dair geosiyasi niyyətləri hələ ki, kifayət qədər aydın deyildi.
Müəllif doğru olaraq yazır ki, XX əsrin əvvəllərində dünyaya ağalıq etmək istəyən əksər dövlətlər bu düşüncənin sahibi idilər ki, dünyanın mümkün idarəetmə mexanizmi dünyanın bir neçə imperiya tərəfindən idarəetməsindən keçir. Bir imperiyanın başçısı ilə danışıqlar aparmaq daha asandır, nəinki onu bir neçə dövlətə parçalayıb xırda dövlətləri başağrısına çevirmək. Diqqət yetirsək, bu tendensiya XX əsrin sonunda köklü şəkildə dəyişir. Əsrin sonunda və XXI əsrin əvvəllərində dünyanı idarəetmək marağında olan güclər artıq tendensiyalarını dəyişirlər. Onlar dövlətləri xırdalamaq, parçalamaq, onların maraqlarına cavab verməyən dövlətlərin daxilində inqilab və iğtişaşlar törətmək, sonra xeyirxah, barışdırıcı qismində iştirak etmək və s. kimi məsələləri geosiyasi idarəetmənin əsas düsturuna çevirdilər.

Lakin Rusiyada bolşevik inqilabından sonra dünyanın geosiyasi, geoiqtisadi vəziyyəti ideoloji cəbhəyə bölünmüşdü. Sosialist inqilabi dünyanı iki yerə böldü; kapitalizm və kommunizm. Artıq geosiyasi, geoiqtisadi vəziyyəti, hərbi-strateji üstünlüyü bu iki ideologiya müəyyənləşdirirdi. Təbiidir ki, kommunist ideologiyasının cəlbediciliyini, yəni xalqlar və insanlar guya bərabərdir şüarları aparıcı hegemon dövlətlərin daxilində də aşağı təbəqədə dəstək tapmağa başlamışdı. Eyni zamanda 1919-cu ildə bolşeviklərin güclənməsi, Denikinin və Kolçakın sovet ordusu tərəfindən məğlub edilməsi Azərbaycan hökuməti ilə yanaşı, beynəlxalq kapitalist gücləri də narahat etməyə başlamışdı. Odur ki, beynəlxalq aləmdə artıq gücə və söz sahibinə çevrilmiş ABŞ-la Azərbaycan hökuməti qərara aldı ki, akitiv siyasət aparsın. Müəllif bunun səbəblərini belə açıqlayır: " Əvvəla, müharibədə (ABŞ-kursiv Y.O.) Antantanın qələbəsində xüsusi töhfə vermişdi, onlar arasında da xüsusi çəkiyə malik idi.Dünya müharibəsindən əvvəl özü borc alan  Amerika müharibənin gedişində, xüsusən də müharibədən sonra əsas borc verən dövlətə çevrilmişdi. ABŞ-ın beynəlxalq aləmdə qısa müddətdə nüfuzu yüksəlmiş və dünya siyasətində rolu qat-qat artmışdı. Avropanın böyük ölkələrinin demək olar ki, hamısı ABŞ-a borclu idilər. Paris sülh konfransının  və dünya müharibəsindən sonrakı beynəlxalq münasibətlər sisteminin təməllərini də məhz Vilsonun "14 maddəsi" təşkil edirdi...

İkincisi, həmin vaxt Paris Konfransında qalib ölkələrdən İngiltərə, Fransa və İtaliyanın real köməyini almaq ehtimalının zəif olmasını yəqin edən, indiyə ölkəmizə yardım edən Türkiyəninsə öz problemlərinin yetərincə olduğunu görən  Azərbaycan hökuməti yeganə çıxış yolunun ABŞ-la siyasi və iqtisadi əlaqələr yaratmaqda olduğu qənaətinə gələrək, ölkənin müstəqilliyinin ABŞ tərəfindən tanınmasına ciddi-cəhdlə səy göstərir..." (Bax, s.67-68)

Yunus Oğuz
olaylar.az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.