Cəmiyyət

"Azərbaycanın geosiyasəti"

5 İyun 2015 14:05
Baxış: 1 027
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Dövlətin varsa, hamı üçün olmasa da, bu dövləti yaşatmaq, onu lider dövlətə (ən azından regionda) çevirmək, yaşatmaq üçün milli düşüncələr ziyalılarımızın ən ümdə vəzifələrindən biri olaraq qalır. Bu təqdirəlayiq haldır. Ziyalımız dövlətin keçmişini gələcəyə daşıyandır. Bu olmazsa içində yaşadığın dövlət gec-tez məhvə məhkum olacaq. Çünki vətəndaşı olduğu dövləti dünən, bu gün, sabah hansı təhlükələrdən və necə qorumağın yolunu yalnız ziyalı göstərə, onlardan çıxış yollarını da xalqına, vətəndaşına, dünyaya yalnız o çatdıra bilər. Əslində bu nəticəyə  Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, İctimai-siyasi məsələlər şöbəsinin müdiri  Əli Həsənovun "Azərbaycanın geosiyasəti" kitabını oxuduqdan sonra gəldim. Ürəyində vətən eşqi, dövlət eşqi olan bir şəxs, mübağiləsiz, yalansız-palansız, problemi olduğu kimi göstərən, heç nəyi qabartmayan  bir şəxs bunu, iri həcmli kitabı yaza bilərdi və yazdı da. Bu kitab hər kəsə lazımdır. Məsəl var: "Sən siyasətlə məşğul olmazsan, siyasət səninlə məşğul olar". Doğru deyimdir. Kimsə hüzur istəyirsə, evində, eşiyində sakitlik, əmin-amanlıq görmək istəyirsə, ətrafında nə baş verdiyini bilməyə məcburdur. Əslində bu kitab gənclərimizə daha çox lazımdır, çünki onlar dövlətimizin daşıyıcılarıdır.

Güclü dövlətin güclü ziyalısı olmalıdır. Onlar hər şeyi görməli, hər şeyi nəzərə almalıdır. Güclü dövlət və milli maraqlar ziyalı tərəfindən önə çıxarsa, yazılarsa və gələcək nəslə ötürülərsə, o dövlət və millət yaşamaq haqqını alacaq.

Yadıma çoxdan oxuduğum və heç zaman unutmadığım bir rəvayət düşdü: "Bir məmləkətdə padşah ayda bir dəfə libasını dəyişib gecələr küçələri gəzərmiş, əhalinin dolanışığını öz gözü ilə görüb öyrənmək istərmiş. Kim məmləkətdən razıdır, kim narazıdır - səbəbini araşdırarmış. Onun padşah olduğunu kimsə də bilməzmiş. Padşah bir dəfə vəziri ilə gecə vaxtı küçəni gəzəndə görür ki, evin birindən səs gəlir. Gəlib qapını döyürlər. Qapını alt paltarında ev yiyəsi açır. Padşah bir söz demədən geri qayıdır. Başqa bir məhəlləyə keçəndə yenə görür ki, bir evdən işıq gəlir. Qapını döyüb "Allah qonağıyıq" deyirlər. Ev yiyəsi müsəlləh  əsgər geyimində qapını açıb: "Allaha da, Onun qonağına da qurban olum", - deyib onları evə dəvət edir. İçəri girəndə padşah görür ki, divardan böyük xəritə asılıb, qırmızı rəngli işarələr var. Padşah ondan soruşur ki, bu nədir belə, bu nə işarələrdir. Ev yiyəsi cavab verir ki, ey qonaq, bil ki, bu bizim dövlətin sərhədləridir. Gördüyün yaşıl işarələr də bizim real düşmənlərimizdir. Sabah olmadı elə, oldu belə. Dövləti, vətənimi düşünməliyəmmi? Padşah yenə sual verir ki, bu sənin nəyinə lazımdır? Sən bu məmləkətin adi təbəəsisən, bunun üçün padşah var, onun əyanları var, qoy onlar bu barədə düşünsünlər. Ev yiyəsi cavab verir ki, elədir, ancaq padşah dövlətin təhlükəsizliyini düşünəcək. Dərd, bəla gəlməmiş biz onun olmalıyıq, çünki dövlətə gələn dərd sonradan hər birimizin evinin içindən keçəcək.
Saraya qayıdandan sonra vəziri soruşur ki, padşahım, bu işin səbəbini mənə anladarsanmı; bir evdə qalmadıq, o birisində səhərə qədər yatmayıb söhbət etdik. Padşah cavab verir: "Ya vəzir, birinci evdə ona görə qalmadıq ki, ev yiyəsi qarşımıza alt paltarında çıxdı. O heç ailəsini də fikirləşmədi. Onu qəfil yaxalamaq çox asan olardı. İkinci isə qarşımıza əsgər kimi çıxdı. O təkcə ailəsini deyil, dövlətini də fikirləşirdi, özü də əsgər kimi yox. Kaş belə təbəələrimiz çox olaydı".

Bax, Əli Həsənovun bu kitabını oxuduqda onun ikincidən olduğunun qənaətinə gəldim.
Bir tarixi hadisəni də yazım: "Hülaki xan bir gün Nəsrəddin Tusini yanına çağırıb deyir ki, ulduzları öyrənmək sənin, mənim, əsgərlərimin nəyinə lazımdır ki, ona pul buraxım. Böyük alim cavab verir ki, gəl böyük qazanı əsgərlər düşərgə salan yerdə dağdan aşağı buraxaq, amma bu sirri ikimiz bilək. Nəticəni danışacam. Elə də edirlər. Dağdan böyük, içi boş qazan tappaturupla diyirlənəndə böyük hay-küy düşür. Əsgərlər elə bilirlər ki, düşərgəyə düşmən qəfil hücum edib, hamı həyəcan və təşvişə düşür. Tusi Hülaki xana deyir ki, bax ulduzların sirrinə vaqif olmaq buna görədir, haradan təhlükə gəlir öncədən bilmək lazımdır, Hülaki xan bundan sonra Marağa rəsədxanasının tikilməsi üçün dövlətdən vəsait ayırır".

Bax bu kitab da bizə, dövlətə, millətə, hər ailəyə gələn təhlükədən xəbər verir, nə etmək lazımdır yolunu göstərir.

Əli Həsənov doğru olaraq yazır: "Hazırda təzahüretmə miqyasından və məkan amilindən asılı olaraq beynəlxalq münasibətlər sistemi planetar maraqların arxitekturası əvvəlki dövrdə olduğu kimi sosializm və kapitalizm düşərgələrinin ideoloji qarşıdurması çərçivəsində deyil, Milli, Regional və Qlobal olmaqla üç fərqli məkan ölçülərini və ayrılıqda hər bir dövlətin milli maraq və milli təhlükəsizlik səviyyəsini özündə əks etdirir" (bax; Əli Həsənov "Azərbaycanın geosiyasəti". Bakı, 2015, səh.11.)
Tam doğrudur. O, düzgün olaraq qeyd edir ki, artıq ideoloji baxışlara görə dövlət və milli maraqlar geridə qalıb. Fərqli ideoloji düşüncələrə görə, vətəndaşları məhv etmək, güllələmək, sürgün etmək yolverilməzdir. Dövləti, onun vətəndaşlarını belə seçkilərlə qorumaq mümkünsüzdür. O qeyd edir ki, çağdaş dövrümüz tamam başqa yanaşma və elmi təhlili olan yol tələb edir, əks təqdirdə bəzi başqa, kiçik dövlətlər kimi asılılığa düşəcək, dövlətin və millətin gələcəyini müəyyən edə bilməyəcək. Müəllif yazır: "Bəhs olunan şəraitdə dünyanın geosiyasi reallıqlarına və təhlükəsizlik sistemlərinə ən çox təsir göstərən və fərqli xüsusiyyətlər gətirən amillərdən biri də Avrasiyada - Xəzər-Qara dəniz hövzəsi, Orta Asiya və Cənubi Qafqazda yeni müstəqillik əldə etmiş dövlətlərin milli inkişaf və təhlükəsizlik sahəsində həyata keçirdikləri geosiyasət hesab olunur. Hazırda bütün dünyada, o cümlədən Avrasiya məkanında müstəqillik əldə etmiş və beynəlxalq münasibətlərin subyektinə çevrilmiş hər bir müstəqil dövlət özünün geosiyasi statusunu və fəaliyyət normalarını, milli inkişaf və təhlükəsizlik məsələlərini, milli maraq dairələrini və hədəflərini öyrənir, ölkəsinin daxili və xarici aləmdən qaynaqlanan geosiyasi, geoiqtisadi və hərbi geostrateji maraqlarının qorunması mexanizmlərini təklif edir, milli təhlükəsizlik və hərbi doktrinalarının yaradılması və s. strateji vəzifələrin yaradılması ilə məşğul olurlar..." (Yenə orada, səh 12)

Tamamilə dövlətin və millətin geostrateji maraqları üçün düzgün hədəf seçilir. Bu hədəfləri bilmədən, öyrənmədən düzgün və dayanıqlı inkişaf tapmaq mümkün deyil.

Bu yazını 28 May günündə başladım. Üç ildən sonra cümhuriyyətimizin yaranmasının 100 illiyi möhtəşəm şəkildə qeyd olunacaq. Heyf ki, o zamanlar kimsənin ömrü, zamanı (hərçənd buna çox cəhd edilmişdi) çatmadı. Bəlkə, belə kitab yazılsaydı, dövlətin strateji yükü müəyyənləşsəydi, XI Qızıl Ordu Azərbaycanı işğal etməzdi. Düzgün yeridilən siyasət, hədəfləri müəyyənləşdirmək və xarici siyasətin hədəflərini özündə reallaşdırmaq, dövləti xarici ünsürlərdən və təzyiqlərdən qorumaq milli dövlətin ən başlıca vəzifələrindən biridir.

Müəllif qeyd edir ki, Azərbaycanın Avropa və Asiyanın nəqliyyat-kommunikasiya xətlərinin kəsişmə nöqtəsində, geosiyasi, hərbi geostrateji və geoiqtisadi cəhətdən mühüm əhəmiyyət kəsb edən enerji qaynaqları ilə zəngin Avrasiya məkanında yerləşməsi onun beynəlxalq, regional və milli maraqlarının əsas istiqamətləri və mexanizmlərinin müəyyənləşməsinə həlledici təsir göstərir. Məlumdur ki, Avrasiyanın ən əhəmiyyətli bölgələrindən hesab olunan Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqaz Rusiya üçün daim xüsusi əhəmiyyət daşımış, son iki əsrə yaxın müddət ərzində onun geosiyasi təsiri, hərbi geostrateji və geoiqtisadi nəzarəti altında olmuşdur. Sovet İttifaqının dağılmasından sonra bu məkanda bir müddət nisbi "geosiyasi boşluğun" yaranması ümumi geosiyasi mühitə mənfi təsir göstərən etnik separatizmə, milli qarşıdurmalara və dezinteqrasiya proseslərinə təkan vermişdir.
Düzdür, bu "nisbi boşluqdan" istifadə edən seperatçılar Azərbaycanı bir neçə yerə bölmək istədilər (təbiidir ki, xarici qüvvələrin təsiri nəticəsində) və torpaqlarımız işğal olundu. Hər super dövlət öz maraqlarını bu regionda saxlamaq və qorumaq üçün ilk növbədə Azərbaycana təsir imkanlarını artırmağa çalışırdı. Müəllif yazır: "Hazırda regionun geosiyasi, geoiqtisadi və hərbi geostrateji həyatında yerli ölkələrlə yanaşı üç əsas geosiyasi faktor - Rusiya, ABŞ və Avropa Birliyi öz milli maraqlarını maksimum formada reallaşdırmağa çalışır. Odur ki, bu məkandakı beynəlxalq, regional və lokal maraqların təsnif olunması, ümumi geosiyasi mühitin formalaşmasına hər bir yerli və beynəlxalq faktorun geosiyasi fəaliyyətinə təsir göstərən amillərin, regionda maraqları təmsil olunan dövlətlərin və beynəlxalq güclərin siyasi, hərbi enerji, informasiya və iqtisadi strategiyalarının , geosiyasi proseslərin... getdikcə praktiki cəhətdən aktuallaşır... (Yenə orada, s.14)
Göründüyü kimi Azərbaycan dövlətinin milli maraqları olmadan dövlət siyasəti yürütmək çaşbaşlıq yaratmaqla yanaşı, dövlətin əsas təməllərinə də zərbə vurmuş olacaq. Bu təməllər hansılardır.
1. Milli maraqlar önə çəkilir;
2. Regional maraqlar nəzərə alınır;
3. Beynəlxalq aləmdə dövlət öz yerini müəyyənləşdirir və ona uyğun olaraq özünün siyasətini yürüdür.
Bunları bilmədən, hesaba almadan yaranan yeni dövlət quruculuğunda səhv etməklə dövləti və onun vətəndaşlarını xaosa sürükləmək deməkdir. Vətəndaş öz dövlətinin dayanıqlı inkişafına inanmalıdır.

XXX

Əlbəttə, mənim üçün əlimizin altında olan bu kitab haqqında fəsilləri üzrə yazmaq və bu fəsillərin nədən bəhs etdiyini göstərmək daha asan olardı. Mən bundan vaz keçdim. Belə möhtəşəm bir kitabı fəsillərə bölmək günah olardı.
...Maraqlıdır ki, geosiyasi baxışlarda Əli Həsənov tarixə baş vurur, milli dövlətin yaranmasını keçmişdən gələcəyə daşıyır, milli dövlətin yaranması hüdudlarını göstərir, milli dilin təşəkkül tapmasının zamanını çərçivəyə alır. "... Beləliklə, Azərbaycan uzun müddət  yadelli işğalçıların hökmranlığı altında yaşamağa məcbur edilsə də xalq öz milli inkişafını heç zaman dayandırmamış, hətta böyük və fərqli imperiyaların tərkibində belə özünəməxsus maddi-mənəvi dəyərlərini, dilini, milli varlığını qoruyub saxlamağa və inkişaf etdirməyə nail olmuşdur. Elə bu inkişafın nəticəsində Azərbaycanda Avropadan daha əvvəl - XV əsrin sonlarından etibarən yerli səfəvilərin mərkəzləşmiş milli dövlət hərəkatı başlanmışdır". (Yenə orada, s.21)
Əlbəttə, millətin və dövlətin formalaşmasını göstərmək, xüsusilə zamanında  göstərmək hər ziyalıya müyəssər olmur.
Bir məsələni də xüsusilə qeyd etmək istərdim. Tarixin geosiyasətini araşdırmaq istədikdə Əli Həsənov heç nədən çəkinmir; tarixi olduğu kimi yazır. Bu onun ziyalı bütövlüyüdür, dövlətçi bütövlüyüdür. O düşünmür ki, hansısa qonşumuz bu yazıdan inciyər, ya inciməz. O tarixi olduğu kimi yazır, təhrif edilmiş tariximizə birbaşa meydan oxuyur: "... Xüsusən də I Şah İsmayılın dövründə (1501-24) Səfəvilər dövləti bütün Azərbaycan torpaqlarını birləşdirməyə nail olmuş və keçmişdə ayrı-ayrı qonşu imperiyalar tərəfindən tutulmuş digər əraziləri geri qaytarmaq uğrunda qanlı müharibələr aparmışdır"...(Yenə orada, s.22)
Buradan aydın görünür ki, Əli Həsənov tarixi dərindən bilir və onu gələcəyə ötürmək istəyir. Heç şübhə etmirəm ki, yazdığı kitabın mükəmməlliyi qədər də ağqoyunluların tarixini bilir. Bir söhbətimizdə mənə demişdi ki, Uzun Həsənin əl Tehraniyə sifarişini oxumuşam. Oğuzların tarixindən söhbət gedir. "Dədə Qorqud"da yazılan Bayandur xandan söhbət gedir. Elə faktlar danışdı ki, mən - tarixi romanlar yazan bir insan təəccüb içində qaldım. Heç kəsin bilmədiyi sözlər danışdı. Dövlətimizin və millətimizin təşəkkül tapması tarixini mənə göstərdi. Fərəhləndim, bir ziyalımızın bu qədər dərin fikirləşməsinə sevindim, yuxarıda yazdığım kimi müsəlləh əsgər olmasını gördüm. Belə ziyalılarımız olacaqsa dövlətimiz əbədi yaşayacaq. Çox gözəl yazıb: "... Bu zamandan etibarən çarizm dairələri "Bakı və Azərbaycan" ifadələrini öz istilası altında olan Şimali Azərbaycan torpaqlarına aid edərək, bu torpaqlara rus əyaləti kimi baxmağa başladılar. Belə yanaşma onların Bakıya münasibətində strateji niyyətlərindən xəbər verirdi".(Yenə orada, s.25-26)

Tarix onun ovcunun içindədir. Müasir gənclərdən, alimlərdən fərqli olaraq o tarixi olduğu kimi, dərin və sadə dillə yazır, hətta ona heç bir şərh vermir: "1813-cü il Gülüstan və 1828-ci il Türkmənçay sülh müqavilələrinin şərtlərinə görə, Şimali Azərbaycan bütövlükdə və Qərbi Azərbaycanın bir hissəsi (İrəvan xanlığının ərazisi və azərbaycanlılar yaşayan Gürcüstanın Borçalı vilayəti-Ə.H) Rusiyanın, Cənubi Azərbaycan bütövlükdə həmin vaxtdan sonra bəzi mənbələrdə artıq İran dövləti kimi təqdim edilən Səfəvilərin, Qərbi Azərbaycanın digər hissəsi, o cümlədən Araz çayının qərb ətrafı Osmanlı imperiyasının tərkibində qaldı... Lakin hətta bölüşdürüləndən sonra Azərbaycan uzun tarixi dövr ərzində bölgənin böyük dövlətləri arasında maraqların toqquşduğu əsas geosiyasi məkan olaraq qaldı və geosiyasi ədəbiyyatda "Şimali Azərbaycan", "Cənubi Azərbaycan", "Qərbi Azərbaycan" ifadələri yarandı. (Yenə orada, s.28)
Diqqət yetirin! Müəllif kitabın birinci bölməsində, yəni "Azərbaycanın geosiyasi inkişaf tarixi və xarakteristikası müasir milli inkişaf siyasətinin əsasları"nda elmi dairələrdə cəsarətlə "Şimali Azərbaycan", "Cənubi Azərbaycan" termini ilə yanaşı "Qərbi Azərbaycan" terminini də işlədir. Bununla da Əli Həsənov Azərbaycan millətinin, daha sonra dövlətinin formalaşmasında tarixi coğrafiyamızı, onun harada və necə təşəkkül tapmasını göstərir. Bütün bunlardan sonra bu tarixi coğrafiyada yaşayan azərbaycanlıların inkişaf tempini göstərərək yazır ki, Cənubi Azərbaycanı öz tərkibində saxlayan İranda və Qərbi Azərbaycanın bir hissəsini özündə birləşdirən Osmanlıda isə Azərbaycan xalqının milli inkişafı ayrıca bir xətt üzrə davam etdirilməli  və İranda bu proses şiə məzhəbli ümumislam, Osmanlı ərazisindəsə dil birliyinə söykənən ümumtürk çərçivəsinə salınaraq dayandırıldı. Bu ölkələrin heç birində azərbaycanlılar üçün məxsusi milli tədris müəssisələri, mətbuat, dini ibadət və mədəniyyət ocaqları yaradılmadı, əksinə onlara qarşı güclü assimilyasiya siyasəti keçirilməyə başlandı.
"Çarizm... azərbaycanlılar üçün bir sıra ciddi geosiyasi problemlərin də təməlini qoydu. İşğal etdiyi əraziləri imperiya ilə daha sıx bağlamaq üçün Cənubi Qafqazın "daha etibarlı ünsürlər"i ilə Azərbaycanın demoqrafik şəraitini dəyişdirməyə başladı. Regiona kənardan ruslar, almanlar, polyaklar, xüsusən ermənilər köçürülməyə başlandı. (Bax, səh.29)
Göründüyü kimi cəsarətli fikirlərdir. İran, Rusiya, Gürcüstan və Türkiyə ilə geostrateji dostluğumuz və tərəfdaşlığımızın müasir beynəlxalq sistemdə ən yüksək səviyyədə göstərilməsinə baxmayaraq müəllif tarixi keçmişimizin həqiqətlərini olduğu kimi yazır, etdiyimiz səhvlərdən nəticə çıxarmağın yolunu göstərir. Haqlı olaraq yazır ki, milli, mənəvi və iqtisadi bütövlüyümüz tarixi keçmişimizi bilməyimizdədir.
Daha sonra Əli Həsənov kitabda "yumşaq keçid" edərək Azərbaycanın əsaslı geosiyasi dəyişikliklər etməsindən bəhs edir. O yazır: "İşğalçı müharibələr nəticəsində həyata keçirilən bölüşdürülmə və ermənilərin yerləşdirilməsi XIX əsrdə Azərbaycanın geosiyasi vəziyyətində baş verən ən ciddi dəyişiklik olub, bütün Azərbaycan xalqının taleyinə və gələcək dövlətinin ərazi quruluşuna təsir edən amil oldu. Çarizmin regionda həyata keçirdiyi "parçala və hökm sür" siyasəti sonralar Cənubi Qafqaz regionunda qan və müharibələr ilə müşaiyət olunan əsaslı geosiyasi dəyişikliklər üçün şərait yaratdı". (Bax, səh.30)
"Yumşaq keçid" yazanda bunu nəzərdə tuturduq. Müəllif  "Azərbaycan" terminini coğrafiyadan siyasi terminə çevirməyə başlayır, baxmayaraq ki, özünün də qeyd etdiyi kimi Azərbaycan əsillərin başçılıq etdiyi və ərazisində əksəriyyət azərbaycanlıların da yaşadığı dövlətlərimiz olmuşdur. İndi isə dünya məkanına siyasi terminlər ilə dolu olan "Azərbaycan" sözü daxil olur və onun ətrafında, hətta deyərdim ki, uğrunda geosiyasi, geostrateji, geoiqtisadi mübarizələr başlayır. "... 1917-ci ilin fevral ayında Rusiyada inqilab baş verdi... Rus imperiyasının caynağından qurtulmağa çalışan və qısa müddətdə buna nail olan etnik ərazilərdən biri də XIX əsrdə işğal edilərək bu ölkəyə  birləşdirilmiş Cənubi Qafqaz idi. (Bax, səh.32)

XXX

1917-ci ildə oktyabr inqilabının baş verməsi nəticəsində Azərbaycanın geosiyasi şəraiti daha da mürəkkəbləşdi. Bir tərəfdən Bakı neftinin əhəmiyyəti birinci Dünya müharibəsində iştirak edən dövlətlər üçün arxivacib şərtlərdən biri hesab edilirdi. Digər tərəfdən isə Azərbaycanın Cənubi Qafqazda geostrateji mövqe tutması, yəni Qərbdən Qara dəniz hövzəsinə Gürcüstan üzərindən çıxması, Şərqdən Xəzər vasitəsilə Orta Asiyada münasibətləri möhkəmlədə bilməsi, Cənubdan İran və Osmanlı, Şimaldansa bolşevik Rusiya ilə qonşu olması bu ərazinin yerləşdiyi geostrateji şəraiti, onun uğrunda gedən sərt mübarizənin, amansız qarşıdurmanın bütün çılpaqlığını təsəvvür etmək çətin deyildi. Buna görə də V. İ. Lenin Azərbaycan Bakısının ələ keçirilməsi tapşırığını verdi. Azərbaycan Bakısını ələ keçirmək, həm daxili düşmənlərə, həm də birinci Dünya müharibəsindən hələ ki, imtina etməmiş xarici düşmən, yaxud rəqiblərinə qarşı mübarizə və müharibə apara bilmək demək idi.

Belə də oldu: "Bolşevik hakimiyyəti üçün iqtisadi, siyasi və hərbi-strateji cəhətdən ən əhəmiyyətli regionlardan biri Cənubi Qafqaz idi. Bakı Cənubi Qafqazda iqtisadi, hərbi-strateji, geosiyasi baxımdan xüsusi bir yer tuturdu. Bakı nefti artıq müharibədə qələbənin taleyinə təsir edən ciddi amilə çevrilmişdi. Ona görə də bolşeviklər Bakı üzərində nəzarətin itirilməsinə yol vermək istəmirdilər. 1917-ci ilin noyabrında bolşeviklər erməni daşnak qüvvələrinin köməyi ilə Bakıda hakimiyyəti ələ keçirdilər. Onların Bakıda hakimiyyətə gəlməsi Antanta ölkələri içərisində ciddi narazılıq və həyəcan yaratdı". (Bax, s.33)
Daha sonra Cənubi Qafqaz uğrunda mübarizə kəskinləşməyə başlayır. Müəllif qeyd edir ki, göstərilən ilin sonunda Böyük Britaniya, ABŞ və Fransa diplomatik və maliyyə  səyləri nəticəsində Tiflisdə azərbaycanlı, gürcü və ermənilərdən ibarət Transqafqaz (Zaqafqaziya) komissarlığı yaradılır. Hər üç xalqın bir çox məsələlərdə yekdil olmaması, müxtəlif ölkələrə müxtəlif münasibətlərin göstərilməsi ondan xəbər verirdi ki, yaradılan komissarlığın ömrü uzun olmayacaq.
Müəllifin bu mövzu üzərində geniş dayanmasının səbəbi aydındır. Qarşıdan "Azərbaycan" adlanacaq yeni cümhuriyyətin yaradılmasının yüzilliyi gəlir. Bu dövrdə yeni-yeni milli qüvvələrin yaranması, onların keşməkeşli və ağır həyatı, əzablı fəaliyyəti yüz ildən və ondan sonra gələn nəslin bütün bunları bilməsi vacibliyini ortaya qoyur. Bir neçə ay keçəcək, yeni yaranmış Azərbaycan Demokratik Cümhuriyyətinin görkəmli nümayəndələri artıq hər hansı qurum uğrunda deyil, yaranacaq dövlətin milli, geosiyasi, hərbi-geostrateji və iqtisadi maraqları uğrunda mübarizə aparacaqlar.
Hələlik isə, müəllif qeyd edir ki, Petroqraddakı bolşevik hökumətinin sülh təkliflərini Antanta ölkələri qəbul etmədikdə Almaniya bloku ilə Brest-Litovskda danışıqlara başladılar. Brest-Litovskda Almaniya, Avstriya-Macarıstan, Türkiyə və Bolqarıstanla atəşkəs haqqında sənəd imzalanması ilə dünyada və bölgədə əsaslı geosiyasi dəyişikliklərin başlanğıcı qoyuldu. Bunun ilk təzahürü ... dekabrın 5-də Ərzincanda Osmanlı hökumətinin nümayəndələri ilə rus generalları arasında 14 bəndlik müqavilənin imzalanması oldu... Bu müqavilədən sonra rusların Qafqaz cəbhəsi dağıldı. Rusiyada və müharibə cəbhəsində yaranmış vəziyyətlə əlaqədar rus ordusu mövqeyindən geri çəkildi. Onunla birlikdə rus ordusu tərkibində fəaliyyət göstərən erməni silahlı dəstələri də Anadoluda dinc türk əhaliyə qarşı törətdikləri kütləvi qırğınlara görə məsuliyyətdən yaxa qurtara bilməyəcəklərindən qorxaraq Cənubi Qafqaza (əsasən Bakıya və Azərbaycanın digər ərazilərinə) doğru hərəkət etdilər.
Dağılmış rus ordu hissələri öz silah və sursatını erməni silahlı dəstələrinə verirdilər. (Bax, s.35-36)
Cənubi Qafqazda xaos və başıpozuqluq yarandığından bütün qüvvələr bölgə uğrunda ciddi mübarizə aparmağa qərar vermişdilər. Əli Həsənov yazır: "Antanta ölkələri Mesopotamiya cəbhəsində Türkiyənin panislamçı siyasətinə qarşı etnik ərəb milliyətçiliyini qızışdırdı. Türkiyə üçün bu regionda artıq panislamizm şüarları ilə hərəkət etmək, hərbi əməliyyatlarda uğur qazanmaq ... mümkün deyildi. Ona görə də Osmanlı imperatorluğu və onların alman müttəfiqləri Cənubi Qafqaz istiqamətində hərəkət etməyə qərar verdilər" və müəllif bunu aşağıdakı şərtlərlə  əlaqələndirir "... Hər şeydən əvvəl Azərbaycanın nefti hərbi əməliyyatların aparılmasında əsaslı rol oynayırdı... Almaniya bloku ölkələrindən Cənubi Qafqaza ən yaxın olanı və regionu daha  mükəmməl tanıyan türklər idi. 
İkincisi, Cənubi Qafqaz istiqamətində Osmanlı ordu hissələrinin hərəkəti üçün milli və sosial baza baxımından heç bir ciddi problem yox idi. Regionun əhalisinin böyük əksəriyyətini azərbaycanlılar, digər türkdilli xalqlar və müsəlman əhalisi təşkil edirdi... Türklərin özü də bu faktordan xüsusi istifadə edərək bu xalqların nümayəndələri hesabına özlərinin günü-gündən zəifləyən və seyrələn Qafqaz İslam ordusunun sıralarını doldurdu". (Bax, s.36-37)
Ərzincan müqaviləsinin bağlanması və türk ordusunun Cənubi Qafqazda fəallaşmasına səbəb oldu. Burada söhbət yeni bir dövlətin yaranmasının işartılarından deyil, real milli dövlətlərin qurulmasından və regionda söz sahibinin kim olmasından gedirdi. Şübhəsiz, bu hərəkatda Osmanlı imperatorluğunun hərbi-strateji maraqları mövcud idi. O, yazır: "Əslində Osmanlı imperatorluğunun bu mövqeyi Cənubi Qafqazın müstəqilliyi üçün geniş imkanlar yaradırdı. Türk komandanlığının müraciəti Transqafqaz komissarlığında qəbul olunsa da, irəli sürülən təkliflər bu qurumda təmsil olunan Antanta ölkələri ilə o dövr üçün müəyyən münasibət yaratmağa nail olmuş qeyri-müsəlman nümayəndələri tərəfindən müəyyən təsirlər nəticəsində qəbul edilmədi... Hadisələrin sonrakı gedişi Transqafqaz komissarlığının Çar Rusiyasından ayrılaraq özünün müstəqilliyini elan etməkdə maraqlı olmadığını ortaya çıxardı. (Bax, s.40)
Bunun da heç şübhəsiz, məntiqi və siyasi sonluğu olmalı idi. 22 aprel 1918-ci ildə Transqafqaz Seyminin gürcü və Azərbaycan nümayəndələrinin əksər çoxluğu tərəfindən Cənubi Qafqaz müstəqil dövlət-Demokratik Federativ respublika elan edildi.
Lakin, Cənubi Qafqazda anarxiya və xaos, millətlərarası qarşıdurma və lokal döyüşlər dayanmırdı. Transqafqaz  Seymi bu qırğınları dayandırmaq üçün məsul olsa da, ona nail ola bilmirdi.
Belə şəraitdə may ayının 26-da Transqafqaz Seyminin sonuncu iclasında gürcü nümayəndələri Seymi tərk edərək öz müstəqil dövlətlərini yaratmaq haqqında bəyanat verdilər. Bunun ardınca qurum özünün buraxılması haqqında qərar qəbul etdi. Yaranmış vəziyyətlə əlaqədar, mayın 27-də Seymdə təmsil olunan Azərbaycan fraksiyasının nümayəndələri fövqəladə iclas keçirir və Azərbaycan Müvəqqəti Milli Şurasının yaradılması qərarına gəlir. Milli Şuranın mayın 28-də keçirilən ilk iclasında çıxış edənlər Azərbaycanın müstəqil respublika elan edilməsinin vacib olduğunu bildirdilər. İclasda Azərbaycanın İstiqlaliyyətinin elan edilməsi  haqqında qərar qəbul olunur və altı bənddən ibarət "İstiqlal bəyannaməsi" bəyan edilir.  Burada Azərbaycanın daxili və xarici siyasətinin əsas istiqamətləri müəyyən olunmuşdu". (Bax, s.40-41)
Müəllif bunu fəxrlə yazır. Fikir verin heç bir dövlət təcrübəsi olmayan, lakin yüz illərlə itirilmiş dövlətin arzusu ilə yaşayan, onun ağrısını ürəklərində daşıyan bir qrup ziyalı insan müstəqil Cümhuriyyət elan edərək onu yaradır. Özü də dərhal, ilk "bəyannamədə" onun daxili və xarici siyasətini müəyyənləşdirirlər. 
Müəllif bunun üçün tarixi şəraitin yetişdiyini də bildirir. Məlumdur ki, birinci Dünya müharibəsi böyük imperiyaların geosiyasi, hərbi-geostrateji, geoiqtisadi maraqlarının toqquşması nəticəsində baş vermişdi. Təsadüfi deyildi ki, birinci dünya savaşı başa çatdıqda dörd böyük imperiya labüd olaraq parçalanmışdı. Bunlar müharibədə məğlub olan Almaniya, Avstriya-Macarıstan və Osmanlı imperiyaları bir tərəfdən, digər tərəfdən isə inqilablar alovuna bürünmüş və ilk növbədə özünün daxili problemlərini həll etməyə çalışan, ancaq dünya hegemonluğunu əldən vermək istəməyən Rusiya idi. Bir zamanlar Rusiyanın təsiri altında olan Cənubi Qafqaz, o cümlədən  Azərbaycan müstəqilliyinə bu qədər yaxın olmamışdı. Əli Həsənov "tarixi şərait" dedikdə bunu nəzərdə tuturdu. Həm daxili insan resursları, yəni Avropada, Türkiyə və Rusiyada yüksək təhsil görmüş insanlar, onların çevik siyasi addımları, diplomatik bacarıqları, daxili iqtisadi resurslar, həm də beynəlxalq şərait Azərbaycanın müstəqilliyini şərtləndirən ən mühüm amillərdən biri idi.

Ardı var

Yunus Oğuz

Olaylar.az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.