Şou-biznes

Azərbaycan şou-biznesi son dayanacağına çatıb?

10 Yanvar 2012 08:30
0 Şərh     Baxış: 572
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
Azərbaycanda təxminən 10 il öncə şou-biznesin qurulduğu dönəmlərdə sənət aləmində, yaradıcı insanlar, müğənnilər arasında sözün həqiqi mənasında rəqabət hiss olunurdu. Son iki ildə vəziyyət həqiqətən acınacaqlı hal alıb. Sənət aləmində yenilik edən, maraqlı layihə təqdim edən sənətçi adı çəkmək müşkülləşib. Bu gün Azərbaycan şou-biznesi sönən bir şamı xatırladır.

Bitən günlərini yaşayan şou-biznesimizin bugünkü durumu ilə bağlı Azərbaycanda kifayət qədər tanınan musiqi prodüseri, şoumen, aparıcı, bəstəkar Murad Arif Milli.Az-a açıqlama verdi. O, Azərbaycan şou-biznesinin bugünkü durumunu belə dəyərləndirdi: "Azərbaycan şou-biznesi son dayanacağına çatıb. Şou sektoru təxminən 1990-2000-ci illərdə yarananda, elə sənətçilər var idi ki, onlar üzərlərinə böyük yük götürdülər. O zaman böyük səhnəyə gələnlər çalışırdılar, onlarda yaradıcılıq rəqabəti hiss olunurdu, axtarışda idilər. Faiq Ağayev, Zülfiyyə Xanbabayeva, Aygün Kazımovanın yaradıcılıqları göz qabağında idi. Nəzərə alsaq ki, o dönəmlərdə səhnədə yenilik etmək, performans nümayiş etdirmək heç də asan deyildi, onlar bacardılar, şou-biznesin təməlini qoydular.

Bu gün isə gənclər arasında, şou-biznesin yeni nəslində bu rəqabət, axtarış, yaradıcılıq iddiası yoxdur. Çünki Azərbaycanda şou-biznes ancaq toy bazarı üstündə qurulub. Şou-biznesin musiqi siyasəti toy mahnıları ilə əvəzlənib. Hamı 6-8-lik mahnılara üstünlük verir. Heç kim üçün maraqlı deyil ki, klip çəkdirsin, maraqlı layihə təqdim etsin. Çünki bu layihələr, kliplər toyda lazım olmur. Müğənnilərin repertuarları bərbad vəziyyətdədir. Demək olar ki, musiqi siyasətimiz toy mahnılarından ibarət olub. Hamı da bunu çox normal qarşılayır. Bax, acınacaqlısı budur.

Toy bazarı televiziya kanallarına da birbaşa təsir etməyə başlayıb. Kanallar da musiqi siyasətlərini artıq toy biznesi üstündə qurmağa başlayıblar. Səhnədə, efir məkanlarında müğənnilərin repertuarı toy mahnıları ilə bəzənib. Həqiqətən şou-biznesimizdə repertuar bəsitliyi hiss olunur, performans yoxdur, axtarış hiss olunmur. Hamı biri-birini təkrarlayır. Hətta telekanallarda çalışan aparıcılar belə, bu gün toy tutmaq uğrunda mübarizə aparırlar. Efir etikasına, efir danışığına diqqət azalıb. Bəzi aparıcılar efirə çıxanda bir məqsədi qarşısına qoyur, bugünkü efirdən heç olmasa, bir toy tutsun. Bu isə şou-biznesin məhvinə gətirib çıxarır.

Artıq efirlərdə toy personajlarının sayı gündən-günə çoxalmağa başlayır. Bunun əsas səbəbi isə sənət aləmində olan insanların əlavə gəlir yerlərinin olmaması ilə bağlıdır. Misal üçün, elə bir gənc müğənninin adını çəkim. Ayaz Qasımov mənim bəstələdiyim "Almalarınla", "Şokoladım" mahnılarını oxuyub. Mən bu yaxınlarda ona bir yeni mahnı təqdim etdim - "Mən səni öldürüm". Ayaz mahnını bəyənsə də, dedi ki, Murad, olar mahnının sözlərini dəyişək? Bu sözlər toy üçün getmir. Dedim məgər sən ancaq toy üçün repertuar hazırlayırsan?

Ayaz tək deyil. Demək olar ki, əksər müğənnilər fikirləşirlər ki, toy bazarı üçün özlərinin mahnıları olsun. Əslində onları başa düşürəm. Axı klipdən, diskdən, konsertdən gəlir əldə etmirlər. Sənət adamlarının yeganə gəlir mənbəyi toy sektoru olduğu üçün də şou-biznesdə əsl yaradıcılıq rəqabəti yoxa çıxıb. Problemin aradan qalxması üçün isə alternativ gəlir yerləri olmalıdır ki, sənət adamları oradan müəyyən gəlir əldə etsinlər ki, gözlərini yalnız toya dikməsinlər. Əvvəllər klip rəqabəti var idi. İndi klip çəkdirən müğənnilərin sayı barmaqla sayılacaq qədər azalıb. Bir də ki, efirlərdə buna şərait, stimul yaradılmalıdır. Efirlədə klip saatları olmalıdır ki, müğənnilərdə həvəs yaransın. Bir sözlə, Azərbaycan şou-biznesi son dayanacağına çatıb".

Tahirə
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.