Siyasət

"Azərbaycanın geosiyasəti"

7 Sentyabr 2015 14:32
Baxış: 675

Əli Həsənovun kitabından qənaətə gəldiyim düşüncələr

(Əvvəli burada)

Vladimir Putinin hakimiyyətə gəlişindən sonra geostrateqlərin fikrincə geosiyasi məkanda Rusiyanın yeni dirçəliş dövrü başlandı. Rusiyanın yenidən beynəlxalq gücə çevrilməsi cəhdləri başladı. Daxildə müəyyən qədər stabilliyə nail olmuş Rusiyanın qarşısında növbəti vəzifələr dururdu. Bunlar:

·        bütün metod və vasitələrlə ABŞ, Avropa ittifaqı və NATO-nun hərbi geostrateji sahədə Şərqə-postsovet məkanına doğru genişlənməsinin qarşısını almaq;

·        Qərb dövlətlərinin iqtisadi və siyasi cəhətdən bu məkanda möhkəmlənməsinə və yeni müstəqil dövlətlərin Qərbə meyllənməsinə malik olmaq;

·        Rusiya Federasiyasının bütövlüyünü qorumaq, onun milli təhlükəsizliyini və dövlət maraqlarını bütün vasitələrlə təmin etmək və s. ibarətdir.

Hörmətli professor bir geostrateq olaraq tam dəqiqliyi ilə yazır: "1990-cı illərin əvvəlində Müstəqil Dövlətlər Birliyinin (MBD) və Kollektiv Təhlükəsizlik  Müqaviləsi Təşkilatının (KTMT) yaradılması da mütəxəssislərin fikrinə görə, ilk növbədə Rusiyanın keçmiş SSRİ məkanında  öz geosiyasi, geoiqtisadi və hərbi-geostrateji təsirini qorumaq, dövlət və milli maraqlarını təmin etmək, bu məkanda mərkəzdənqaçma tendensiyalarının qarşısını almaq, Qərbin qonşu dövlətlər üzərindəki getdikcə artan təsirini zəiflətmək, yenicə müstəqillik qazanmış qonşu ölkələrin xarici siyasətini mümkün qədər koordinasiya etmək (ittifaq tipli müxtəlif təşkilatlar yaratmaq, sərhədləri birgə mühafizə etmək və s. tədbilər vasitəsilə) məqsədi güdürdü". (Bax. s. 226-227)

Təbiidir Rusiyaının yeni lideri bütün bunlarla yanaşı postsovet məkanını yeni formada birləşdirmək üçün təşəbbüslər göstərir, bəzən keçmiş respublikaların bəzilərinə təhdid etməkdən belə çəkinmir. Onun əsas məqsədi keçmiş SSRİ-nin əvvəlki qüdrətini olduğu kimi özünə qaytarmaq, güc mərkəzinə çevirməkdir. Buna görə də Şərqi Avropanın geosiyasi məkanında uduzduğunu, yəni Kosovanın müstəqillik elan etməsinə qarşı olsa da Qərb dövlətlərinin qarşısında geri çəkilsə də, bunun əvəzini Krımı ilhaq etməklə və Ukraynanın şərqində bufer "Donetsk Xalq Respublikası"  Luqansk Xalq Respublikası yaratmaqla çıxdı. Bununla da V. Putin ABŞ və Qərb dövlətlərinə ismarıc yollardı ki, Rusiya özünün geosiyasi, geostrateji  maraqlarından bir addım da geri çəkilməyəcək, hətta Qərb dövlətləri tərəfindən tətbiq edilən iqtisadi sanksiyalar da onu qorxutmadı. Bunun da səbəbi ABŞ-ın yürütdüyü "təkqütblü dünya" siyasətini postsovet məkanına buraxmamaqdır. Bunun üçün də Rusiya Avrasiyada regional təhlükəsizlik siyasəti yürüdərək, burada baş verən bütün- siyasi, iqtisadi, hərbi proseslərə təsir etməyə çalışır və bütün bunları öz "süzgəcindən" keçirməklə hər şeyi öz əlində saxlamağa, onları yönəltməyə cəhd edir.

Hörmətli professor qeyd edir ki, 2009 və 2010-cu illərdə qəbul etdiyi "Rusiya Federasiyasının 2020-ci ilədək Milli Təhlükəsizlik Strategiyası" və hərbi Doktrinasında  Rusiyanın "lazım gəldikdə öz təhlükəsizliyini təmin etmək məqsədilə" başqa region dövlətlərin sərhədləri daxilində "hərbi güc tətbiq etmə hüququ"nu təsbit etmişdir. Bu o deməkdir ki, beynəlxalq normaların əleyhinə olaraq, hətta özünün sərhədlərini tanıdığı ölkələrə Rusiya qoşun yeridə bilər. Bu isə ondan xəbər verir ki, Rusiya Avrasiya kimi geosiyasi məkanı heç kimlə bölüşdürmək fikrində deyil, hətta beynəlxalq normalara zidd olsa belə. Bu baxımdan Xəzər dənizi hövzəsində İransız, Qara dənizdə Türkiyəsiz, ABŞ, NATO və Avropa İttifaqısız bütün məsələləri özü təkbaşına həll etmək istəyir və bununla da "tək qütblü dünya" məngənəsindən çıxmağa cəhd göstərir.

Rusiyanın Avrasiya siyasətində Cənubi Qafqazda, Xəzər-Qara dəniz hövzəsində Azərbaycan mühüm yer tutur. Odur ki, hələ SSRİ dağıldıqdan sonra Rusiya Azərbaycanı təsir altında saxlamaq üçün onun hökuməti, bir tərəfdən bütün vasitələrlə bu ölkənin daxilində milli birlik və sabitliyin pozulmasına nail olmuş, etnik separatizmi, siyasi və vətəndaş qarşıdurmasını qızışdırmış, iqtisadi böhran yaratmış və onu günü-gündən dərinləşdirməyə çalışmışdır. Digər tərəfdən, açıq və yaxud dolayı yollarla Azərbaycanın ətrafında geosiyasi və geoiqtisadi blokada yaratmaq, Ermənistanın işğalçı siyasətini dəstəkləmək, Rusiyada yaşayan azərbaycanlıları sıxışdırmaq , beynəlxalq aləmdə Azərbaycanın milli maraqlarına zərbə vurmaq,  Xəzər dənizinin Status məsələsini qabartmaq, Qərb ölkələrinin Azərbaycanla əlaqələrini pozmaq və s. kimi gosiyasi vasitələrlə ona xaricdən zərbə vurmağa çalışmışdır". (Bax.s. 245)

Hörmətli professorun bu iqtibasına heyrətlənməyə bilmirsən! Bu iqtibası bilərəkdən tam olduğu kimi bir qədər də geniş verdim. Bu iqtibasda cəmi iki cümlə var, amma bu iki cümlə iki dokturluq işinin yığcam olaraq tezisidir. Əgər bu iki cümləni genişləndirsən keçid dövrünün epopeyası ilə üz-üzə qalacaqsan. Orada ağrı da var, acı da. Orada ölüm və xəyanət ortada gəzir. Orada üsyan və aclıq müstəqil dövlətin qapısını döyür. Orada ərazilər itirilib, qaçqınlar ordusu yaranıb. Həmin dövrə qısaca nəzər yetirək:

·        Lənkəranda Talış-Muğan respublikası elan olunur və mövcud dövlət sturkturları  iflic vəziyyətə salınır.

·        Bakıda mitinqlər ara vermir.

·        Surət Hüseynov Gəncədə üsyan edir və tabeçiliyində olan əsgərləri Bakıya yönəldir. Mərkəzi hökumət də iflic vəziyyətdə.

·        Ölkədə taxıl qıtlığı yaranır, pul dəyərdən düşür. Ən zəruri mallar belə defisitdir.

·        Rusiyanın köməyi ilə Xocalı faciəsi yaşanır. Bunun ardınca Şuşa və Laçın işğal olunur.

·        Daha sonra yenə Rusiyanın köməyi ilə Ermənistanın hərbi qüvvələri Qarabağa bitişik altı rayonu işğal edirlər.

·        Rus qoşunları son əsgərinə kimi Azərbaycandan çıxarılır.

·        Ölkədə hakimiyyət dəyişikliyi üsyan və mitinqlərlə müşaiyət olunur.

·        Tanınmış millət vəkillərinə sui-qəsdlər.

·        Cavadov qardaşlarının üsyanı. Konflikt silahlı qarşıdurmaya çevrilir.

·        Yenidən  Surət Hüseynovun üsyana cəhdi və onun Moskvaya qaçması, sonradan həbs edilib Azərbaycana gətirilməsi.

·        Milli Məclisin sədri Rəsul Quliyevin istefası, Amerikaya mühacirət etməsi, oradan anti Azərbaycan çıxışları.

Mən bu siyahını kifayət qədər uzada bilərdim. Düşünürəm ki, yazdıqlarım da bəs edər və bu yazdıqlarım müstəqillik dövrünün başlanğıcında  hansı çətin və ağır dövrü başa vurmuşuq təsəvvürünü yarada bilir. Bütün bunların başında isə Rusiyanın geosiyasi, geostrateji, daha sonra isə geosiyasi maraqları dururdu. Rusiya barışa bilmirdi ki, onun başının üstündən, onun izni olmadan Azərbaycan ABŞ və Avropa dövlətləri ilə təmasa girir, müstəqil siyasət yürüdür və ən əsası enerji resurslarının satışında Moskvadan iznsiz Bakı-Ceyhan müqaviləsinin imzalayır. Rusiya maraqları uzun müddət Azərbaycanı çalxaladı- istər daxildən, istər xaricdən, istərsə də sərhəddə Ermənistanla hərbi münasibətlərdə.

Bax bütün bunların hamısını müəllif cəmi iki cümlə ilə ifadə edib. Bu onun peşəkarlığından xəbər verməklə yanaşı, həm də sözü oynatmağı və yerində işlətmək bacarığını da təzahür edir.

Daha sonra Əli Həsənov yazır ki, V. Putinin hakimiyyətə gəlişindən sonra Rusiyanın Xəzər hövzəsi ölkələri  ilə bağlı geosiyasətində də yeni-yeni xüsusiyyətlər özünü göstərməyə başladı. Belə ki, Rusiya dövləti qarşısında regionla bağlı geosiyasi məqsədlərə nail olmaq üçün əsasən iki vəzifə müəyyənləşdirildi.

1.     ABŞ və Qərb dövlətlərinə məxsus neft şirkətləri və korporasiyaların regionda fəaliyyət göstərməsinin qarşısını almaq və  bununla da əvvəlki illərdə olduğu kimi regionun bütün enerji mənbələrini təkbaşına istismar etmək;

2.     Xəzər hövzəsi ölkələrinin bazarlarına xarici dövlətlərin təsirini zəiflətmək və regionda yalnız öz sənaye məhsullarının rəqabətsiz satışını təmin etmək. Göstərilən vəzifələrin yerinə yetirilməsi isə son nəticədə Xəzər hövzəsi ölkələrinin Rusiyanın sərt geosiyasi təsir dairəsində saxlamağa istiqamətlənmişdir.

Ardı var

Yunus Oğuz

Olaylar.az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.