İqtisadiyyat

Cahangir Əsgərov: "AZAL iki “Boeing-767-300 ER” təyyarəsi alacaq"

8 İyul 2010 11:22
Baxış: 1 545
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
- "Azərbaycan Hava Yolları" QSC öz hava parkını müntəzəm şəkildə yeniləyir. Həmçinin, QSC "Boeing" markalı təyyarələrin alınması üçün sifariş verib. Həmin markada cəmi neçə təyyarə alışı planlaşdırılır? Digər istehsalçıların təyyarələrini almaq planlaşdırılırmı?

- Təyyarələrin böyük parkına sahib olan, dünyanın müxtəlif nöqtələrinə sərnişindaşımaları həyata keçirən güclü milli aviaşirkətin mövcudluğu ölkənin yalnız nüfuzu hesab olunmur. Bu, ilk növbədə, dövlətin iqtisadi, mədəni, humanitar siyasətinin möhkəmlənməsinə müsbət təsir göstərir. Genişşaxəli marşrutların mövcudluğu Azərbaycanın iqtisadi potensialını və turizm imkanlarını əhəmiyyətli dərəcədə artırmağa imkan verir. Azərbaycan Prezidenti İlham Əliyevin Lənkəranda aeroportun açılışı zamanı dediyi kimi, "aeroportların mövcudluğu, yeni təyyarələrin alınması və yüksək xidmət səviyyəsi "Azərbaycan Hava Yollları" QSC-ni beynəlxalq səviyyəyə qaldıracaq". Bu gün AZAL regionda müxtəlif fəaliyyət istiqamətlərində aparıcı mövqe tutan aviaşirkətdir. Bunu sübut edən faktlardan biri də odur ki, Azərbaycan MDB ölkələri sırasında ən yeni "Boeing 787 Dreamliner" təyyarələrini alacaq birinci ölkədir. Ötən ilin avqust ayında AZAL və Boeing arasında razılaşma əldə olunub, 2010-cu ilin mayında isə AZAL-ın iki "Boeing-767-300 ER" təyyarəsi alması haqqında rəsmi saziş imzalanıb. AZAL bu təyyarələrdən birini 2011-ci ildə, ikincisini isə 2012-ci ildə alacaq. 2014-cü ildən etibarən milli aviaşirkət "Boeing-787 Dreamliner" ( iki hava gəmisi) təyyarələrini almağa başlayacaq. "Dreamliner" əvvəlkilərdən fərqli olaraq daha əlverişli, həmçinin kompozisiya materiallarından geniş şəkildə istifadə edilən birinci sərnişin təyyarəsi olacaq. Bu hava gəmilərinin alınması AZAL-a Avropa, Cənub-Şərqi Asiya və Amerikaya yeni marşrutların açılmasına imkan yaradacaq. "Silk Way Airlines" yük aviaşirkətinin iki "Boeing-747" təyyarəsinin alınmasını əhəmiyyətli hadisə hesab etmək olar. Şirkət, həmçinin iki "Boeing-767" təyyarəsi alıb. Uçuşlar üçün pilot-namizədlər artıq seçilib. Yaxın günlərdə onların hazırlanması başlanacaq. Hazırda Heydər Əliyev adına Bakı beynəlxalq hava limanı beynəlxalq yük və sərnişindaşımaları tranzit uçuşlarının həyat keçirilməsi üçün daha cəlbedici hesab olunur. "Silk Way Airlines" aviaşirkətinin yeni təyyarələri alındıqdan sonra Bakı hava limanında son dərəcə əlverişli və cəlbedici iqtisadi regionun ən böyük yük aviadaşıyıcıları yerləşdiriləcək. Şirkət məşhur dünya aviadaşıyıcıları ilə rəqabətə girmək imkanlarına malikdir. Təyyarələrin alınması ilə yanaşı, Azərbaycanda kiçik aviasiyanın inkişafı, xüsusilə də Azərbaycan iqtisadiyyatının mühüm təməl daşı olan neft-qaz sənayesinin inkişafında əhəmiyyətli rol oynayan vertolyot parkının genişləndirilməsi prosesi gedir. Bu vertolyotlardan istifadə ilə Xəzərin Azərbaycan şelfində dəniz neft-qaz əməliyyatlarının inkişafı dəstəklənir. "Super Puma", "Dauphin", "Eurocopter" Avropa vertolyotları və Rusiyanın Mi-8 MTV və Mi-171 (fevralda alınıb) vertolyotundan istifadə edən "Silk Way Helicopter Services" MMC iki S-92 vertolyotlarının alınması barədə "Sikorsky" Amerika aviaşirkəti ilə müqavilə imzalayıb. Bu hava gəmiləri 2010-cu ilin sonunda Azərbaycana gətiriləcək. Azərbaycanda, həmçinin "SW Business Aviation" şirkəti fəaliyyət göstərir - postsovet məkanında bütün dünya üzrə şəxsi və işgüzar uçuşlar üçün korporativ və fərdi xidmətləri həyata keçirməyə başlayan ilk şirkətlərdən biri. Bu şirkət Gulfstream G550, Gulfstream G450, Gulfstream G200, Boeing 727-200 və ATR 42-500 VIP kimi hava gəmiləri ilə işləyir. AZAL-ın hava gəmiləri parkında Azərbaycana gələn təyyarələrin sayının artmasında infrastrukturun müasir inkişafı da böyük rol oynayır. Bu gün Heydər Əliyev adına Bakı hava limanında dünyada ən böyük təyyarələrdən biri olan "Boeing-747"ni tez-tez görmək olar. Müasir, dünya standartlarına cavab verən Bakı yük terminalı (Baku cargo terminal - BCT) bu prosesdə əhəmiyyətli rol oynayır. Ən müasir avadanlıqlar və mexanizmlərlə təchiz olunmuş bu terminal dünyada ən yaxşı yük komplekslərindən biri sayılır. BCT-nin istismara verilməsi Azərbaycana yük əməliyyatlarının effektivliyini əhəmiyyətli dərəcədə artırmağa, Amerika və Avropadan Asiyaya və əks istiqamətdə daşınan yüklər üçün yükboşaltma məntəqəsinə çevrilməyə əlverişli imkan yaratdı.

- AZAL Sovet istehsallı hava gəmilərinin istifadəsindən tam imtina edib. Hazırda AZAL-ın parkında neçə hava gəmisi var və onlar hansı markadandır?

- Qeyd etmək istərdim ki, Sovet İttifaqında istehsal olunan hava gəmiləri bu dövlətin mövcud olduğu müddət ərzində istifadə edilib və dünyada ən etibarlı hesab olunub. Sovet və ya Rusiya istehsalı olan hava gəmilərinin istismarının dayandırılması barədə söhbət gedəndə, bunu resursu tükənən və istismar müddəti bitən təyyarələrə aid etmək lazımdır. Hazırda "Azərbaycan Hava Yolları" Sovet və Rusiya istehsalı təyyarələrini istismar etmir. "TU-154" təyyarələri "Turan Air" aviaşirkəti tərəfindən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində blokadada olan Naxçıvan Muxtar Respublikasına uçuşlar etmək üçün istifadə edilir. Bu hava gəmilərinin uçuş resursu 30 min saat təşkil edir. Hazırda bu göstəricidən təyyarələr təxminən 6 min saata yaxın uçublar ki, bu da ümumi resursun beşdə biri deməkdir. Bununla yanaşı, qeyd etmək istərdim ki, bu hava gəmiləri bütün zəruri reqlamentli texniki prosedurdan daim keçirlər. Bakıda daimi əsasda "Tupolev" ASC-nin konstruktor bürosunun nümayəndəsi fəaliyyət göstərir. O, TU markalı bütün təyyarələrdə bütün lazımi prosedurları aparır. - 2009-cu il bütün dünya üçün, xüsusilə də hava nəqliyyatı üçün çətin il olub. AZAL dünya maliyyə-iqtisadi böhranının nəticələrini necə aradan qaldırıb? - Son illər mülki aviasiya bütün dünyada çətinliklərlə üzləşir. İqtisadiyyatın sektorlarından biri kimi, ilk baxışdan bir-biri ilə bağlılığı olmayan mənfi anlara əksər hallarda daha çox reaksiya verən aviadaşımalardır. Son bir neçə ildə dünya mülki aviasiyasına bir neçə nəzərəçarpacaq "zərbə endirilib". Bu, neftin qiymətinin qəfil artımıdır ki, nəticədə yanacağın qiymətinin artmasına səbəb olub. Bunun ardınca A/H1N1 qripi ilə bağlı olan vəziyyət və nəhayət dünya maliyyə-iqtisadi böhranı. Bütün bu faktorlar böhranın nəticələri ilə bacara bilməyən çoxlu sayda dünya aviaşirkətinin bağlanmasına gətirib çıxardı. Buna baxmayaraq, "Azərbaycan Hava Yolları" nəinki dünya aviadaşıma bazarında mövqeyini qoruyub saxlaya bildi, hətta onları genişləndirməyi bacardı. Şirkət aviaparkını modernləşdirmək və genişləndirmək üzrə siyasətini davam etdirir, uçuşların sayını artırır, sərnişin və yükdaşımalarının göstəricilərini yüksək səviyyədə qoruyub saxlaya bilib. Bu gün Azərbaycana sutkada 3 minə yaxın sərnişin gəlir və o qədər də sərnişin Azərbaycandan yola salınır. AZAL-ın fəaliyyətinin etibarlılığı, ilk növbədə, dövlətin düzgün və müvəffəqiyyətli iqtisadi siyasətini əks etdirir. Məlum olduğu kimi, Azərbaycan dünya maliyyə-iqtisadi böhranı şəraitində mənfi dinamika nümayiş etdirməyərək, iqtisadi artım tendensiyasını qorudu. Hazırda dünyada maliyyə-iqtisadi böhranın təsirinin azalması müşahidə edilməkdədir və bunun nəticəsi kimi, aviaşirkətlərin fəaliyyətində tədricən sabitlik və iqtisadi artım nəzərə çarpır. Bu şəraitdə AZAL daha yüksək templə inkişaf edəcək.

- AZAL müntəzəm olaraq uçuşların istiqamətini genişləndirir. Bu il yeni reyslərin açılacağı gözlənilirmi? QSC nə zaman daha uzaq məsafələrə, eləcə də Cənub-Şərqi Asiyaya, Şimali və Cənubi Amerikaya öz reyslərini həyata keçirməyi planlaşdırır?

- Bu günədək Azərbaycan 29 dövlətlə hava nəqliyyatı haqqında hökumətlərarası saziş imzalayıb, 22 dövlətlə onları ekspertlər səviyyəsində razılaşdırıb və bu istiqamətdə 12 dövlətlə danışıqlar aparır. Respublika beynəlxalq mülki aviasiya üzrə 22 sənədə qoşulub. Azərbaycan Aİ ilə ölkələr arasında hava nəqliyyatının liberallaşdırılmasını nəzərdə tutan "üfüqi sazişlərə" malikdir, mövcud sazişləri Aİ qanunvericiliyinə uyğunlaşdırır. Bu normativ-hüquqi baza AZAL-a müxtəlif istiqamətlərdə uçuşlar həyata keçirməyə, marşrutların sayını daim genişləndirməyə imkan verir. Bu yaxınlarda Antalya və Bodruma reyslər açılıb. İyulun 15-dən "Airbus-319" hava gəmisi vasitəsilə Bakı-Praqa marşrutu üzrə müntəzəm reys həyata keçiriləcək. Yaxın vaxtlarda "Boeing" təyyarələrinin alınması ilə Avropaya, Cənub-Şərqi Asiyaya, Şimali və Cənubi Amerikaya reyslərin açılması imkanlarına baxılır. AZAL-ın ölkə hüdudlarından kənara həyata keçirdiyi uçuşlardan başqa, xarici şirkətlərin Azərbaycana uçuşlara artan diqqətini də qeyd etmək lazımdır. Həm də bu təkcə Heydər Əliyev adına Bakı hava limanına deyil, ölkə regionlarındakı aeroportlara da aiddir. Bu, hər şeydən əvvəl regional hava limanlarının yenidən qurulması haqqında qərarın düzgünlüyünün təsdiqidir. Regionların sosial-iqtisadi planda inkişafından əlavə, bu, onların turizm baxımından cəlbediciliyini əhəmiyyətli dərəcədə artırır. Nümunələrdən biri kimi Lənkəran hava limanını göstərmək olar. Bu gün 2008-ci ildə açılan bu aeroporta təkcə Moskvadan bir neçə aviaşirkətin uçuşları həyata keçirilir. İyulda onlara daha bir aviaşirkət qoşulacaq. Bununla yanaşı, uçuşların gündəlik həyata keçirilməsinə baxmayaraq, Lənkərana gələn və gedən reyslər bir qayda olaraq tam komplektləşdirilir. Həmçinin Gəncə (respublikanın qərb regionu) şəhərindən və Naxçıvandan beynəlxalq aviareyslərin sayının artırılması planlaşdırılır. Əgər turizm operatorlarından sifarişlər daxil olarsa, Zaqatala aeroportuna (ölkənin şimal-qərb regionu) turizm mövsümündə uçuşların başlamasının mümkünlüyü istisna edilmir.

/Trend/

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.