Ölkə

Binəqədidə 9 ayın yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilib - FOTO

14 Oktyabr 2016 16:03
Baxış: 1 506
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Binəqədi Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın 2016-cı ilin 9 ayının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.

Milli,Az bildirir ki, İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsindən Trend-ə verilən məlumata görə, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın məsul işçiləri, idarə-müəssisə və hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

İclası giriş sözü ilə Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov Nazirlər Kabinetinin 2016-cı ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısının qarşıya qoyduğu vəzifələrdən söz açıb. Xaləddin İsgəndərov vurğulayıb ki, dünyada təhlükələrin artması, iqtisadi böhranın daha da dərinləşməsi və bütün ölkələrin bu böhrandan müxtəlif formada əziyyət çəkməsi göz önündədir. Bununla belə Azərbaycanda uğurlu inkişafın təmin edilməsi, ictimai-siyasi vəziyyətin sabitliyi, ölkə qarşısında duran vəzifələrin həll olunması respublikada aparılan məqsədyönlü və hərtərəfli siyasətin nəticəsidir.

Ölkəmizdə keçirilən referendum barədə danışan Binəqədi rayon İcra Hakimiyyətinin başçısı bildirib ki, referendum demokratik, ədalətli və tam şəffaf şəkildə keçirildi. Xaləddin İsgəndərov Azərbaycan xalqının mütləq əksəriyyəti təklif olunan dəyişikliklərə öz dəstəyini verdiyini, bunun da siyasətimizə növbəti dəfə xalq tərəfindən verilən böyük dəstək olduğunu xüsusilə vurğulayıb.

Qeyd edilib ki, 2016-cı ilin yanvar-sentyabr ayları ərzində görülən işlərin yekunu olaraq Binəqədi rayonunun sosial-iqtisadi həyatında da bir sıra nəticələr əldə edilib, sənaye sahəsində 153 milyon 37 min manatlıq məhsul istehsal edilib, nəqliyyat sektorunda 0,2%, artım müşahidə olunub, rabitə müəssisələri tərəfindən isə 4630,1 min manat xidmət göstərilib. Hesabat dövründə istehlak bazarı dinamik inkişaf etməkdə davam edib və pərakəndə ticarət şəbəkəsindən rayon əhalisinə 906 milyon 927 min manatlıq istehlak malları satılıb. Tikinti sektorunda bütün maliyyə mənbələri hesabına 18 milyon 994 min manat əsas fondlar istifadəyə verilib. Fəhlə və qulluqçuların orta aylıq əmək haqqı isə 386,2 manat təşkil edib.

Əhaliyə göstərilən pullu xidmətlərin həcmi 285 milyon 145 min manat təşkil edib. 2016-cı ilin yanvar-sentyabr aylarında əhaliyə göstərilən xidmətlərin 15,8%-i dövlət müəssisələrinin payına düşüb. Binəqədi rayonu ərazisində fevral ayının 1-dən iyun ayının 31-dək 1290 yeni iş yeri açılıb ki, bunun da 1159-u daimi iş yerləridir. Xaləddin İsgəndərov bildirib ki, rayon ərazisində mərhələli və planlı şəkildə həyata keçirilən abadlıq-quruculuq işləri çərçivəsində 2016-cı ilin 9 ayı ərzində rayonun qəsəbələrarası və məhəllədaxili yollarında, mərkəzi prospektlərdə, yaşayış binalarının fasad və dam örtüklərində, park və meydanlarda, həmçinin digər infrastruktur sahələrində yenidənqurma və əsaslı təmir işləri aparılıb, bu istiqamətdə işlər bu gündə davam etdirilməkdədir. Rayonda ətraf mühitin qorunması, sahibkarlığın dəstəklənməsi, vətəndaşların firavan yaşayışı üçün zəruri infrastrukturun yaradılması, o cümlədən səhiyyə, təhsil, mədəniyyət, gənclər və idman, əhalinin sosial müdafiəsi sahələrində keyfiyyətli xidmətlərin göstərilməsinə nail olunub.

Həmçinin, Azadlıq prospektinin yenidən qurulması və yolun genişləndirilməsi işləri həyata keçirilib. Yenidənqurma və yolun genişləndirilməsi zamanı 4030 p/m mərmər səki daşları düzülüb, əraziyə 45200 m2 yeni asfalt örtüyü salınıb. Yenidənqurma işləri başa çatdırıldıqdan sonra prospekt boyunca Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə yol kənarlarında yaşıllıq zolağı salınaraq 28109 m2 çəmən örtüyü, 116 ədəd dekorativ ağac və 21802 ədəd müxtəlif növ bəzək gül-çiçək kollarının əkilməsi işlərinə başlanılıb və bu istiqamətdə işlər bu gündə davam etdirilməkdədir. Bundan əlavə rayon ərazisində məhəllədaxili yollarda və Azadlıq prospektində 67 200 кv.m, Binəqədi qəsəbəsində 2000 kv.m, M.Ə.Rəsulzadə qəsəbəsində 5320 kv.m asfalt örtüyü salınmışdır. Hesabat dövründə 74520 kv.m asfalt örtüyü salınıb.

Sonra hesabat məruzəsi ətrafında çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva qeyd edib ki, hesabat dövrü ərzində sakinlərin kommunal səhədə, həmçinin digər sosial sahələrdə mövcud olan bir sıra problemləri öz müsbət həllini tapıb. Hesabat dövrü ərzində əlamətdar hadisələrdən biri Prezident İlham Əliyevin Binəqədi rayonunda əsaslı təmir edilmiş 9 nömrəli Bakı Peşə Liseyinin bazasında yaradılmış IT STEP akademiyasında görülən işlərlə tanış olmasıdır. Rayon İcra Hakimiyyəti başçısının müavini qeyd edib ki, dövlətimizin başçısına Liseyin tədris korpusunun əsaslı təmir olunması və burada tədris olunacaq sahələr barədə ətraflı məlumat verilib.

Aygün Əliyeva bir neçə gün əvvəl oktyabrın 11-də Qazaxıstan nümayəndə heyəti ilə birgə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovun nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin Binəqədi rayon Məşğulluq Mərkəzində olmasını vurğulayıb. Bildirib ki, bununla da məşğulluq xidməti işçilərinin say həddi ümumilikdə 2,5 dəfə artırılıb və artıq ölkədə əhalinin hər 10,7 min nəfərinə bir nəfər məşğulluq xidməti əməkdaşı fəaliyyət göstərir ki, bu da müvafiq sahədə icra strukturunun kadr potensialının mütərəqqi dünya təcrübəsində mövcud olan normalara uyğunlaşdırılmasına imkan verib.

Yığıncaq Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Binəqədi Rayon sektorunun müdiri Abuş Məmmədovun 2016-cı ilin 9 ayı ərzində qaçqın və məcburi köçkünlərin mənzil və məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər barədə çıxışı ilə davam etdirilib. Sonra yığıncaqda Binəqədi RİH başçısının M.Ə.Rəsulzadə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Məmmədov Mübariz Hidayət oğluna Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən dövlət qulluğunda səmərəli fəaliyyətinə görə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı tədqim edilib. O cümlədən, yığıncaqda Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə təhsil işçiləri Xudiyeva Xatirə Rafiq qızı və Məmmədova Sənubər Abdulrəhim qızı "Tərəqqi" medalı ilə təltif edilmələri, Bayramova Gülnar Abbas qızı "Əməkdar müəllim" fəxri adı verilməsi, həmçinin 8 saylı Binəqədi birinci Dairə Seçki Komissiyasının katibi Məhəmməd Əliyarov 55 illik yubileyi münasibətilə təbrik olunublar.

Şura iclasının qərarı oxunduqdan sonra iclasa yekun vuran Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov qarşıda duran vəzifələrdən danışaraq bəzi nöqsanların aradan qaldırılması ilə bağlı tapşırıqlarını verib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.