Yəqin bir il bundan əvvələdək dünyada, eləcə də Azərbaycanda çox az adam Çində Uxan adlı şəhərin olmasından xəbərdar idi. Ötən il dekabrın son günlərində Uxanda səbəbi məlum olmayan sətəlcəm xəstəliyi yayılmağa başladı. Uxan həkimləri ilk günlər xəstəliyin səbəbini bilmədikləri üçün onun müalicəsi ilə bağlı konkret fikrə gələ bilmirdilər.
Milli.Az bildirir ki, Uxan Pulmonologiya Xəstəxanasının baş həkimi Pen Pen AZƏRTAC-ın müxbiri ilə söhbətində həmin günlərdə tibb müəssisələrinin çətin vəziyyətlə üzləşdiyini xatırladaraq deyir: "Xəstəxanamız COVID-19 xəstələrinin müalicəsi üçün təyin olunmuş ilk xəstəxanalardan biri idi. Biz xəstələrin qəbulu və müalicəsi üçün tibb işçilərinin və tibbi ləvazimatların sayını artırdıq, intensiv terapiya-reanimasiya şöbələrini yenidən qurduq. Tibb işçiləri virusun mənşəyinin bilinməməsi və qoruyucu tədbirlərin effektivliyinin qeyri-müəyyən olmasına baxmayaraq, öz həyatlarını riskə ataraq israrla fəaliyyətlərini davam etdirirdilər".
Çox keçmədən bu xəstəliyə koronavirusun yeni ştamının səbəb olduğu müəyyənləşdi. İlkin ehtimallara əsasən, virus Uxandakı dəniz məhsulları bazarında satılan vəhşi heyvanlardan, yarasadan insana keçmişdi. Amma Çin mütəxəssisləri sonrakı aylarda apardıqları araşdırmalara əsasən virusun Uxana xaricdən gəldiyini iddia ediblər.
Uxan şəhərində virusun sürətlə yayılması hökuməti sərt addımlar atmağa məcbur etdi. Yanvarın 23-də Hubey vilayətinin paytaxtı olan Uxanda və vilayətin bir neçə digər şəhərində tam qapanma elan olundu, şəhərə bütün növ giriş-çıxış dayandırıldı, ictimai nəqliyyatın, fərdi avtomobillərin hərəkəti qadağan edildi. Oxucularda bu qapanma barədə tam təəssürat yaratmaq üçün deyə bilərik ki, bu rejimdə səlahiyyətli qurumların əməkdaşları istisna olmaqla heç kimin evdən çıxmasına, hətta bazara və ya dükana getməsinə, həyətə düşməsinə belə icazə verilmirdi. Sakinlərə ehtiyacı olan ərzaqları və digər gündəlik tələbat mallarını binaların, məhəllələrin kommunal xidmətinin əməkdaşları alıb gətirirdilər. Uxanda xidmətindən istifadə etdiyimiz taksinin sürücüsü Lu deyir: "Həmin günlər çox çətin dövr idi. Bütün günü evdə oturub televizora baxırdıq, yaxınlarımızla, hətta qonşularımızla yalnız telefon və internet vasitəsilə danışırdıq. Başa düşürdük ki, bu epidemiya çox təhlükəlidir. Nə qədər çətin olsa da, hökumətin qərarlarına, mütəxəssislərin tövsiyələrinə tam əməl etməklə bu epidemiyaya qalib gələcəyimizə inanırdıq və belə də oldu".
Həmin günlər Uxanda xəstələrin yerləşdirilməsi üçün bir neçə gün ərzində iki mobil xəstəxana quraşdırıldı, əlavə olaraq idman arenaları, sərgi-konfrans kompleksləri müvəqqəti xəstəxanalara çevrildi. Ölkənin digər şəhərlərindən Uxana tibbi briqadalar köməyə gəlirdi.
Çində, xüsusən də Uxan da daxil olmaqla sərt karantin rejimi tətbiq olunan şəhərlərdə məhz əhalinin hökumətin qərarlarına, mütəxəssislərin tövsiyə və təlimatlarına ciddi əməl etməsi sayəsində artıq martın əvvəlindən virusun yayılması səngiməyə başladı. Martın sonlarında şəhərdə ictimai nəqliyyatın hərəkəti bərpa olundu, aprelin 8-də isə şəhərə giriş-çıxış qadağası aradan qaldırıldı. Bununla belə, hökumət virusun ikinci dalğasının qarşısını almaq məqsədilə əhaliyə ehtiyac olmadığı təqdirdə yaşadıqları məhəllələrindən kənara çıxmamağı tövsiyə etdi, habelə qoruyucu maska taxmaq məcburiyyəti qüvvədə qaldı.
O vaxtdan indiyədək Uxanda olan yeganə azərbaycanlı, Çin Mərkəzi Pedaqoji Universitetinin doktorantı Aqil Əliyev deyir: "Uxandakı Azərbaycan vətəndaşları təxliyə ediləndə mən buraya başqa şəhərdən gəldiyim üçün 14 günlük karantində idim. Ona görə də təxliyə oluna bilmədim. Ümumiyyətlə, sərt karantin rejimi günləri Uxan sakinləri ilə yanaşı, biz xarici tələbələr üçün də çox çətin idi. Çünki insanlar sosial həyatdan tam təcrid olunmuşdu, psixoloji durum dəyişmişdi. Amma insanlar ilk növbədə özlərinin və yaxınlarının sağlamlığı, habelə bütün şəhərin, Çinin təhlükəsizliyi üçün evdə qalmağın ən doğru qərar olduğunu anlayırdılar".
Uxanlılar COVID-19-a qarşı birgə mübariz apardılar desək, yanılmarıq. Həmin günlərdə hər kəs öz sahəsində bacardığı qədər faydalı olmağa çalışıb, xeyli insan könüllü kimi səlahiyyətli qurumların işinə dəstək verib. Ma Veylian 3 aylıq sərt karantin dövründə sahibi olduğu yeməkxananın yerində xidmət həyata keçirməsə də, bir gün də olsun bağlanmadığını deyir: "O çətin günlərdə şəhərdə çox az sayda restoran və yeməkxana fəaliyyət göstərirdi. Demək olar ki, hər yer bağlanmışdı. Bizim yeməkxananın işçiləri xəstəxanalara gedib orada həkimlər və xəstələr üçün yemək bişirirdi. Hazırladığımız əriştələri xəstəxanalara pulsuz paylayırdıq. Az da olsa, nə iləsə öz köməyimizi göstərmək istəyirdik.
Beləliklə, təxminən 10 milyon sakini olan Uxan 76 günlük sərt karantin rejimini arxada qoyaraq, yenidən normal həyata qayıtmağı bacardı. Bu işdə Çin hökumətinin pandemik vəziyyətlə bağlı qəbul etdiyi qərarlar və insanların həmin təlimatlara əməl etmələri mühüm rol oynayıb. İndi Uxanda açıq məkanlarda qoruyucu maska taxmaq məcburiyyəti olmasa da, sakinlərin demək olar ki, böyük əksəriyyəti maska taxır. Başqa sözlə desək, maska taxmaq artıq adət halını alıb. Uxanlıların özlərinin də söylədiyi kimi 76 gün davam edən o çətin günləri heç vaxt unutmayacaqlar. Lakin, heç şübhəsiz bu, Uxanın müasir tarixində həm də epidemiya üzərində qələbə ili kimi də xatırlanacaq.
Milli.Az