Dünya

Ermənilər Bakıya qarşı 100 minlik ordu yaratmaq istəyir: ASALA Qarabağa gəlir

14 Sentyabr 2020 13:28
Baxış: 9 826
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistanın baş naziri Nikol Paşinyanın birbaşa göstəriş ilə ölkədə könüllülər korpusunun yaradılması nəzərdə tutulub.

Müdafiə Nazirliyinin təşəbbüsü ilə ictimai müzakirəyə çıxarılmış qanun layihəsi ölkə ilə bahəm, səfərbərlik əsasında formalaşdırılacaq könüllülərdən ibarət hərbi birliklərin yaradılmasını ehtiva edir. Könüllülərə Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Səfərbərlik Qərargahı vasitəsilə komandanlıq edəcək.

"Müdafiə haqqında" qanuna dəyişiklikləri nəzərdə tutan layihə Ermənistan Ədliyyə Nazirliyinin saytında dərc olunub.

Layihədə deyilir: "Səfərbərlik Ermənistana silahlı hücum, birbaşa hücum təhlükəsi və ya hərbi əməliyyatlar zamanı vətəndaşların Ermənistanın silahlı müdafiəsində iştirakıdır".

"Yerkrapa" Könüllülər İttifaqının sədri, Paşinyanın "Mənim addımım" hərəkatının parlamentdəki fraksiyasının üzvü Sasun Mikaelyanın dediyinə görə, müharibə şəraitində olan ölkə üçün səfərbərlik əsasında formalaşan könüllülərin mövcudluğu şərtdir.

"Xeyli vaxtdır bunu müzakirə edirik. Hərbçilər də müzakirə edirlər. Əsrlərdən bəri bizə qənim kəsilən düşmənimiz var. Ətrafımız düşməndir. Səfərbərliklə silahlanacaq könülülərin sayı 10, yaxud 70 min nəfər olmamılıdır. Ən azı 100 min nəfər toplamalıyıq. Hər an, hər dəqiqə hücum ola bilər. Könüllülər olmadan mümkün deyil. Bir daha təkrar edirəm - savaşa hər an hazır olmalıyıq", - S.Mikaelyan söyləyib.

Səfərbərlik prosesində könüllülərə silah və hərbi forma veriləcək.

Ermənilər baş nazir Nikol Paşinyanın bu təşəbbüsünü birmənalı qarşılamayıblar.

Hərbi ekspertlərin fikrincə, Paşinyanın əsas məqsədi Ermənistanda ordu ilə paralel hərbi struktur yaratmaq və bununla da hakimiyyətini qorumaqdır. Çünki səfərbərlik nəticəsində yığılan silahlı könüllülərin sonradan daxili siyasi məsələlərdə istifadə edilməyəcəklərinə kimsə təminat verə bilməz.

Ermənistandakı "Yerkrapa" Könüllülər İttifaqı ilə bağlı təcrübə də buna dəlalət edir. "Yerkrapa" rəsmi İrəvan üçün həmişə hakimiyyətin qorunması vasitələrindən biri, "zərurət" yarananda istifadə olunan alət idi.

Ölkədə fəlakət həddində olan ağır iqtisadi vəziyyət, işsizlər ordusunun sürəkli artması, malliyyə və bankinq sistemlərinin iflic duruma düşməsi vətəndaşların narazılığını artırır. Ermənilər bir zamanlar xilaskar qəhrəman hesab etdikləri Nikol Paşinyana indi qəzəb püskürürlər. Bu səbəbdən də Paşinyan iqtidarı paramilitar struktur formalaşdıraraq ondan sırf siyasi məqsədlər üçün də yararlanmaq niyyətindədir.

Gerçək isə budur ki, Ermənistanın baş naziri Nikol Paşinyan könüllülər birlikləri yaratmaq təşəbbüsünü ortaya atmaqla, əslində, fatiki olaraq ölkənin silahlı qüvvələrinin döyüş hazırlığının və maddi-texniki təminatının yarıtmaz səviyyədə olduğunu etiraf edir.

Bununla yanaşı, Nikol Paşinyan "Müdafiə haqqında" qanuna dəyişikliklər etməklə "könüllülər korpusu"nu xarici ölkə vətəndaşları olan ermənilər, xüsusilə də Suriya, Livan, İraq, Fələstin və s. Yaxın Şərq ölkələrindən olan erməni muzdlular üçün də qanuni fəaliyyət mexanizminə çevirmək niyyətindədir.

Halbuki BMT-nin "Muzdluların cəlb edilməsi, istifadəsi, maliyyələşdirilməsi və təliminə qarşı Beynəlxalq Konvensiyası"nın 5-ci bəndində açıq şəkildə qeyd olunur ki, "Üzv dövlətlər muzdluları cəlb etməməli, istifadə etməməli, maliyyələşdirməməli və ya onlara təlim keçməməli, eləcə də belə addımları qadağan etməlidirlər".

Ermənistan isə bunun tam əksini edir və hətta muzdluların istifadəsini qanuniləşdirmək istəyir.

Muzdlularla bağlı BMT Baş Assambleyasının da bir sıra qətnamələri vardır. BMT Baş Assambleyası məsələ üzrə özünün sonuncu, 74/138 saylı qətnaməsində "muzdlu fəaliyyəti ilə məşğul olanlara və onlardan istifadə edənlərə qarşı cəzasızlığı qınayır və bütün dövlətləri, beynəlxalq hüquq qarşısında öhdəlikləri çərçivəsində, muzdlu və onlardan istifadə edənləri məsuliyyətə cəlb etməyə çağırır."

Bundan əlavə, BMT çərçivəsində "insan hüquqlarını pozmaq vasitəsi kimi istifadə edilən muzdluların istifadəsində dair" işçi qrup da fəaliyyət göstərir.

Bütün bunlar BMT çərçivəsində bu mövzuya göstərilən diqqətin göstəricisidir və beynəlxalq ictimaiyyətin muzdluların istifadəsinə qarşı mövqeyinin aydın olmasını nümayiş etdirir.

N.Paşinyan iqtidarı Livan ermənilərini Dağlıq Qarabağda və Azərbaycanın işğal edilmiş digər ərazilərində məskunlaşdırmaq proqramına başlamaqla, eyni zamanda, ASALA kimi erməni terror təşkilatlarının mənsublarının da həmin torpaqlarda məskunlaşmasına şərait yaradır.

Livan, Suriya və Fələstin ermənilərinin Qarabağa köçürülməsi prosesi çox ciddi maliyyə resursları tələb edir. Ermənistanın belə imkanları olmadığından Qarabağa köçəcək və orada məskunlaşacaq ermənilərin ehtiyaclarının ödənməsi ilə ASALA məşğul olur. Daha doğrusu, xarici ölkələrdə mikromaliyyələşdirmə fondları (MMF) yaradaraq erməni diasporundan "ianə" toplayıb akkumulyasiya edən ASALA sonradan bu vəsaiti köç üçün istifadə edir.

ASALA bunu təmənnasız etmir: erməni terror təşkilatı Nikol Paşinyana yardımın müqabilində Dağlıq Qarabağda və işğal altında olan digər ərazilərdə özünə təlim mərkəzləri və hazırlıq bazaları yaratmaq niyyətindədir.

Beləcə, Dağlıq Qarabağ real terror təhlükəsi məkanına çevrilir.

İnsan haqları, qanunun aliliyi, demokratiya və s.-dən bəhs etməyi çox sevən beynəlxalq təşkilatlar Ermənistanın bu çox təhlükəli niyyətlərinə, yaşanan proseslərə dərhal reaksiya verməli, İrəvanın beynəlxalq hüquqa tam zidd olan əməllərinin qarşısını almalıdır.

Əks təqdirdə, başda BMT olmaqla beynəlxalq təşkilatlar elə beynəlxalq hüququn öldüyünü etiraf etməlidir.

Elçin Alıoğlu
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.