Dünya

“Ərdoğan və Bəşər Əsəd heç vaxt dost olmayıb” - Müsahibə

6 Mart 2020 17:08
Baxış: 1 524
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Suriyada böyük oyunçular var: ABŞ, Rusiya, İsrail, Türkiyə, Səudiyyə Ərəbistanı, İran, Qətər və s. Suriya artıq dövlət deyil, elə bir məkandır ki, orada böyük güclərin maraqları toqquşur. Həmin qüvvələr öz aralarında hansı anlaşma əldə edəcəklərsə, Suriyanın taleyi də ona uyğun olacaq".

Jurnalist Elçin Alıoğlu belə düşünür. Milli.Az onun Teleqraf.com-a müsahibəsini təqdim edir:

- Rusiya və Türkiyə prezidentləri arasında gözlənilən görüş baş tutdu. Görüşdən sonra İdlibdə atəşkəs elan olundu. Bu anlaşmanı dayanıqlı hesab edirsinizmi? Anlaşma məsələnin çözümünə hansı formada yardım edəcək?

- Məni görüşdə deyilənlərdən çox görünənlər maraqlandırdı. Ərdoğan və Putinin görüşdüyü salondakı sobanın üstündə Lanserenin "Balkanlardan keçid yürüşü" adlı bürünc saat-heykəlciyi vardı. Həmin əsər Rusiya qoşunlarının 1877-1878-ci illərdə Osmanlı Türkiyəsini məğlub etdiyi müharibəyə həsr olunub. Salonda, eyni zamanda Krım yarımadasını Osmanlı Türkiyəsindən almış çariça Yekaterinanın heykəli, divarlarda isə çarlar I Nikolay və II Aleksandrın portretləri vardı. Onlar 1828-1829-cu və 1877-1878-ci illərdə Türkiyə ilə savaşlarda qalib gəlmiş rus çarları olub. Bunlar xırda detallardır, amma diqqət çəkdi.

Anlaşmaya gəlincə, bu, məndə böyük ümid yaratmır. Çünki Astana və Soçi anlaşmaları ilə bağlı suallar çoxdur. Türkiyə və Rusiyanın bunlardan nə qazanıb, nə uduzduğu çox maraqlıdır. Birincisi, Türkiyə qarşısına qoyduğu məqsədlərin əksəriyyətinə çatmadı. Düzdür, Əsəd qüvvələrinin dörd milyon insanın yaşadığı İdlibə girməsinin, humanitar fəlakətin qarşısı alındı. Amma Türkiyə Soçi anlaşmasına uyğun olaraq, martın 15-dək İdlibin taleyini təyin həll edən amillərdən biri olan M4 yolunu tamamilə təmizləməlidir. Rusiya və Türkiyə bu yolda birgə nəzarət mexanizmini həyata keçirməlidir.

İkincisi, bu görüşədək hər iki tərəf mümkün qədər qabağa getmək üçün əllərindən gələn hər şeyi edirdi, bununla görüşə üstün tərəf kimi qatılmaq istəyirdi. Bu məqsədlə Türkiyə Sərakib şəhərinə nəzarəti ələ keçirmək istəyirdi və bunu bacardı. Amma Azad Suriya Ordusu və "Heyət Təhrir Şam" qruplaşması Sərakibə nəzarəti itirdi. Bu o deməkdir ki, Hələb və Dəməşqi bir-birinə bağlayan yol tamamilə Əsəd qüvvələrinin nəzarətindədir.

Görünən budur ki, bu anlaşma hava məkanının təhlükəsizliyini təmin edəcək təhlükəsizlik zonası anlayışını özündə ehtiva etmir. Bu deməkdir ki, Bəşər Əsəd və Rusiyanın hərbi aerokosmik qüvvələri İdlibin bombalanmasını davam etdirəcək. Bu, ilkin anlaşmadır və İdlibin taleyi hələ də həll olunmayıb, hər kəs öz mövqeyində qalıb. Eyni zamanda M4 yolu üzrə altı kilometr şimala və altı kilometr cənuba təhlükəsizlik dəhlizinin yaradılması ilə bağlı bir anlaşma yoxdur. Qurulacağı halda da bu dəhlizə Rusiya və Türkiyə qüvvələri birgə nəzarət edəcək. Strateji əhəmiyyətinə görə Sərakibdən çox da geri qalmayan Nəyrabaya nəzarəti isə Əsəd qüvvələri həyata keçirəcək. Yəni bu anlaşma çox suallara cavab vermir, əksinə, çox suallar yaradır.

- Sizcə, Türkiyə coğrafi, din və digər üstünlüklərdən istifadə edib istəyinə nail ola biləcəkmi?

- Hazırda Türkiyənin geosiyasi və geostrateji durumu çox çətindir. Çünki Gürcüstan və Azərbaycan istisna olmaqla, qonşu dövlətlərin hamısı Türkiyəyə qarşı kəskin antipatik mövqe tutublar. Eyni zamanda, Türkiyədə üç milyondan çox suriyalı qaçqın problemi var. Üstəgəl, İsraillə münasibətlərin normal olmaması və Liviyadakı problemlər Türkiyə üçün ciddi çağırışlardır. Amma Türkiyənin əldə etdiyi üstünlük də var. Məsələn, Hatay vilayətinin təhlükəsizliyini təmin etmək üçün planlaşdırılan bufer zona yaradılıb. Bu bufer zona da İdlibdir. Əvvəlki kimi PKK, YPG terror təşkilatları və digər ekstremist qüvvələr İdlibdə aktiv olsaydılar, Türkiyənin bir sıra bölgələri üçün ciddi təhlükələr yarada bilərdilər. Amma indi İdlib Türkiyənin strateji nəzarətində olduğu üçün bu təhlükə bir qədər sovuşub.

Suriyadakı daxili vəziyyətə gəlincə, bu gün səhər saatlarından etibarən faktiki olaraq əməliyyatlar dayandırılıb. Bu da sülhə ümidlər yaradır. Amma Suriya öz taleyini müəyyən edib. İndi Suriyada böyük oyunçular var: ABŞ, Rusiya, İsrail, Türkiyə, Səudiyyə Ərəbistanı, İran , Qətər və s. Suriya artıq dövlət deyil, elə bir məkandır ki, orada böyük güclərin maraqları toqquşur. Həmin qüvvələr öz aralarında hansı anlaşmanı əldə edəcəklərsə, Suriyanın taleyi da ona uyğun olacaq.

Məsələn, Səudiyyə Ərəbistanı oyundan kənarlaşdırıldığını görən kimi guya xalq Suriyanın cənubunda - Dəra vilayəti və Nəyrabda üsyan etdi. Üsyanı kimin körüklədiyinə gəlincə, mütəxəssislər bildirirlər ki, burada İran və Səudiyyə Ərəbistanı ciddi rol oynadı. Bu, Bəşər Əsəd rejiminin konstitusion dəyişikliyə getmək niyyətində olmadığını göstərir. Çünki Bəşər Əsəd parlament və prezident seçkilərini saxtalaşdıracaq, hakimiyyətdə qalmaq üçün əlindən gələni edəcək. Saxtalaşdırılmaması da mümkün deyil. Çünki ölkə ərazisinin yetmiş iki faizinin mərkəzi hakimiyyətin nəzarətində olmaması bu bölgələrdə seçkilərin keçirilməsinə mane olur. Yəni ehtimal olunan seçkilərin hansı məcrada keçiriləcəyi indidən məlumdur.

- Görüşdən əvvəl Suriya başçısı Bəşər Əsəd türk həmkarı Rəcəb Tayyib Ərdoğana belə bir sual ünvanladı, "biz sizə nə etmişik?". Maraqlıdır, niyə vaxtilə dost olan Ərdoğan və Əsədin arası bir-birinə düşmən olacaq səviyyədə dəydi?

- Ərdoğan və Əsəd heç vaxt dost, Suriya və Türkiyə də heç vaxt isti münasibətdə olmayıblar. Bəşər Əsəd demaqogiya ilə məşğuldur. "Biz türklərlə dostuq, Ərdoğanla dost deyilik" - bu, siyasi demaqogiyanın ən primitiv yoludur. Guya Bəşər Əsəd ritorik sual verib. Amma Suriya Türkiyəyə pislik etmək üçün əlindən gələn hər şeyi edib. Birincisi, öz ərazisində PKK terror təşkilatına baza yaratmağa imkan verib. İllərlə Suriya Müdafiə Nazirliyi PKK-ya logistik, maliyyə və hərbi-texniki dəstək verib. 1982-ci ildən başlayaraq, Suriya Türkiyədəki ekstremist, terrorçu və separatçı qüvvələri maliyyələşdirib. Suriya əlindən gələni edib ki, Türkiyənin cənub və cənub-şərq sərhədləri boyu təhlükəli zona yaratsın və daim Türkiyəyə mane olsun. Hətta Bülənt Ecevitin vaxtında Türkiyə az qalmışdı ki, Suriyaya müharibə elan etsin. Nəcməddin Ərbakanın dönəmində isə Suriya rəhbərliyi iddia etdi ki, Türkiyə bu ölkənin ərazilərindəki "Müsəlman qardaşlar"ını maliyyələşdirir. Bu, absurd bəyanat idi, Türkiyə bunu heç vaxt etməmişdi.

Bəşər Əsədin atası Hafiz Əsəd Suriya Hərbi Hava Qüvvələrinin komandanı olduğu illərdə ekstremist "Müsəlman qardaşlar"ı qırx üç suriyalının ölümü ilə yadda qalan partlayış törətdi. Bundan sonra Hafiz Əsəd "Müsəlman qardaşlar"ının da olduğu yaşayış məntəqəsinə hücum edib 1147 nəfəri qətlə yetirdi. Belə faktlar onlarla, bəlkə də yüzlərlədir. Yəni Əsədin Türkiyəyə qarşı ittihamı səmimi görünmür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.