Dünya

Çində avtomobil satışları azalıb

15 Yanvar 2020 23:56
0 Şərh     Baxış: 997
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyanın ən böyük avtomobil bazarı olan Çində ötən il avtomobil satışları 8,2 faiz azalıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, 2019-cu ildə ölkədə 25,7 milyon avtomobil satılıb. Sərnişin avtomobillərinin satışı 9,6 faiz, ekoloji təmiz avtomobillərin (elektrik enerjisi də daxil olmaqla, yeni enerji mənbələrindən istifadə edən avtomobillər) satışı isə 4 faiz azalıb. Keçən il Çində avtomobil istehsalı da 7,5 faiz azalıb.

Qeyd edək ki, 18 il ardıcıl artımın ardından son 2 ildə Çində avtomobil satışlarında azalma müşahidə olunur. 2018-ci ildə satışlar əvvəlki illə müqayisədə 2,8 faiz azalmışdı. Buna baxmayaraq, həmin il tətbiq olunan subsidiyalar nəticəsində ekoloji təmiz avtomobillərin satışı xeyli çoxalmışdı. Ötən ilin iyununda ekoloji təmiz avtomobillərin satışına tətbiq olunan subsidiyanın dayandırılması bu növ nəqliyyat vasitələrinin satışına da mənfi təsir göstərdi.

Çinin Sənaye və İnformasiya Texnologiyaları Nazirliyi cari ildə də ekoloji təmiz avtomobillərin satışına iri subsidiyaların tətbiq olunmayacağını açıqlayıb.

Çin dünyanın ən böyük avtomobil bazarı olmaqla yanaşı, ekoloji təmiz avtomobillərin istehsal və satış sayına görə dünyada birinci yerdədir. Ötən ilin sonuna Çində istifadədə olan ekoloji təmiz avtomobillərin sayı təxminən 3,8 milyon ədəd olub. Bu tip avtomobil istehsalını prioritet sahə elan edən Çin hökuməti ənənəvi yanacaq növləri ilə işləyən avtomobillərin istehsalına və satışına cədvəl üzrə məhdudiyyət tətbiqinə başlayıb. Bu səbəbdən yerli və xarici avtomobil brendləri ekoloji təmiz avtomobillər bazarında yer tutumaq üçün sanki yarışa giriblər. Dünyanın bu sahədə öndə gələn şirkətlərindən olan "Tesla"nın bir neçə gün əvvəl Şanxyada avtomobil zavodunun işə başlaması da yuxarıda qeyd olunan "yarış"dan xəbər verir. İllik istehsal gücü 500 min avtomobil olacaq zavod "Tesla"nın ABŞ-dan kənarda ilk nəhəng zavodudur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.