Dünya

Rəsmi Tehrandan sərt bəyanat: Generalın öldürülməsi beynəlxalq terror aktıdır

3 Yanvar 2020 09:59
10 Şərh     Baxış: 1 839
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif "Əl-Qüds" dəstələrinin komandanı, İran İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Qasım Süleymaninin ABŞ tərəfindən öldürülməsini beynəlxalq terror aktı adlandırıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, nazir Twitter səhifəsindəki açıqlamasında, həmçinin iranlı generalın qətlə yetirilməsinin bütün nəticələrinə görə məsuliyyətin ABŞ-ın üzərinə düşəcəyini qeyd edib.

Bundan əvvəl Pentaqon Bağdad beynəlxalq aeroportu rayonuna iranlı general Qasım Süleymaninin öldürülməsi ilə nəticələnən raket zərbəsi endirdiyini təsdiqləyib. Amerika Müdafiə Nazirliyinin mətbuat mərkəzi isə öz növbəsində, məlumat verib ki, əməliyyat ABŞ Prezidenti Donald Trampın göstərişinə əsasən keçirilib.

İranlı generalın öldürülməsindən sonra ABŞ Silahlı Qüvvələri yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib.

"Əl-Qüds" dəstələrinin komandanı, İran İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Qasım Süleymani yanvarın 2-də axşam Bağdad aeroportu rayonuna endirilən raket zərbəsi nəticəsində həlak olub. Onunla birlikdə İraqın "Əl-Xaşd əş-Şaabi" şiə könüllülərinin bir sıra liderləri də öldürülüb, 12 hərbçi yaralanıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.