Dünyanın ən məşhur müğənnilərindən biri, kanadalı Selin Dion ərini və qardaşını itirib. 47 yaşlı müğənninin əri Rene Ancelil yanvarın 14-də, iki gün sonra isə qardaşı Deniel vəfat ediblər. Onların ikisinin də ölüm səbəbi xərçəng xəstəliyidir.
Milli.Az TMZ-yə istinadən bildirir ki, dünən Kanadanın Monreal şəhərindəki "Notre-Dame Basilica" kilsəsində 73 yaşlı Rene Ancelilin dəfn mərasimi keçirilib.
"Bu günlərdə ailəmizi dəstəkləmiş hər kəsə minnətdaram. Dərdimizin bölüşdürülməsi Tanrının bizə lütfü idi", - Selin Dion deyib.
Selin Dion və Rene Ancelil tanış olanda müğənninin 12 yaşı vardı. Selin 19, Rene isə 45 yaşda olanda onlar görüşməyə başlayıblar. 1991-ci ildə nişanlanan Selin və Rene 3 il sonra evləniblər.
Onların nikahında 2001-ci ildə Rene Çarlz, 2010-cu ildə isə əkizlər Nelson və Eddi doğulublar.
Rene Ancelildə 1998-ci ildə xərçəng xəstəliyi aşkarlanmışdı. 1999-cu ildə qırtlağında cərrahiyyə əməliyyatına məruz qalan Rene xərçəngdən qurtulduğunu düşünürdü. Lakin 2013-cü ildə residiv oldu, yeni əməliyyat aparıldı. Amma əməliyyat müsbət nəticə vermədi.
Rene Ancelilin ölümündən iki gün sonra Selin Dionun 59 yaşlı qardaşı Deniel vəfat edib.
Milli.Az