Dünya

"Qaralar" problemi ABŞ-ı silkələdi

1 May 2015 17:34
0 Şərh     Baxış: 1 812
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Böyük şəhərlərin sakinləri də Baltimor aksiyalarını dəstəkləməyə başladılar

Baltimorda baş verən son hadisələr Amerika Birləşmiş Ştatlarının (ABŞ) üzərini "Domokl qılıncı" kimi almaqdadır. Artıq ABŞ-ın bir çox böyük şəhərlərinin sakinləri küçələrə axışaraq, Baltimordakı etiraz aksiyalarına dəstək olublar. Bu haqda məlumatı "lifenews" telekanalı yayıb. Məlumata görə, etirazçılara Nyu-York, Sietl, Boston, Minneapolis və Vaşinqton şəhərlərinin fəalları qoşulub. Polis aksiyaların böyüklüyünü nəzərə alaraq, etirazçıları tək-tək həbs etməyə başlayıb. Etirazçıların əsas tələbi isə 25 yaşlı Fredi Qreyin ölümünə bais olan polislərin cinayət məsuliyyətinə cəlb edilməsidir. Qeyd edək ki, qaradərili Fredi Baltimor şəhərində polislər tərəfindən saxlanıldıqdan sonra dünyasını dəyişib.

Nyu-Yorkda minlərlə insan Baltimorda keçirilən aksiyalara dəstək olaraq etiraz aksiyalarına qatılıblar. Etirazçılar "Qaraların həyatının əhəmiyyəti var" şüarları səsləndiriblər. Polislər Manhettenə toplaşan etirazçıların yolu bağlamasına mane olaraq, onları hərəkət zolağından sıxışdırmağa çalışıb. Lakin etirazçılar yolu bağladıqdan sonra polis əməkdaşları ictimai qaydaları pozduqlarına görə onların böyük əksəriyyətini həbs edib.

620-dən çox insan həbs edilib

Nyu-York polisinin mətbuat katibinin sözlərinə görə, 620-dan çox insan həbs edilib. Qeyd edək ki, aprelin 27-i ABŞ-ın Baltimor şəhərindəki iğtişaşlar zamanı 200-ə qədər insan həbs olunub. Şəhərdə fövqəladə vəziyyət və komendant saatı rejimi elan edilib, məktəblərdə məşğələlər dayandırılıb. İğtişaşlar zamanı 144 avtomobilin və 15 binanın yandırıldığı bildirilir.

Hillari Klinton : "Bəzi acı həqiqətlərlə barışmalıyıq"

ABŞ prezidentliyinə demokrat namizəd Hillari Klinton Baltimor şəhərində baş verən hadisələrdən danışaraq, dəyişikliyə çağırıb. Respublikaçılar Partiyasından prezidentliyə namizədliyini irəli sürmüş bəzi siyasətçilər də hadisələrə münasibət bildirib. Qeyd edək ki, H.Klinton Baltimor şəhərində afroamerikalı F.Qreyin ölümündən sonra baş vermiş hadisələrə münasibətini bildirən ilk prezidentliyə namizəddir. Nyu-Yorkda Kolumbiya Universitetində çıxış edən H.Klinton deyib ki, Baltimordakı hadisələr ABŞ cəmiyyətində həllini tapmalı olan bir sıra ciddi məsələlərin olduğunu göstərir. Xanım Klinton deyib ki, gənc, kiçik cinayətlər törətmiş insanların "kütləvi şəkildə həbsi"nə son qoymağın, eləcə də narkotik maddələrə qarşı mübarizə və əqli xəstəliklər üçün maliyyə fondlarının çatışmazlığı probleminin həllinin vaxtı gəlib çatıb: "Baltimor hadisələri ürək yarasıdır. Bu gənclərə və onların ailələrinə baxanda ürəyim ağrıyır. Biz Amerikada irqlər və ədalətlə bağlı bəzi acı həqiqətlərlə barışmalıyıq". H.Klinton, eyni zamanda, Baltimorda baş vermiş son zorakılıqlara görə məsuliyyət daşıyanların cəzalandırılmalı olduğunu bildirib: "Zorakılıqlar dayandırılmalıdır. Amma yadda saxlamaq lazımdır ki, hər bir icmada hər bir kəs qanuna hörmət və qanunun da hər bir kəsə hörmət etməsindən faydalanır".

Xanım Klintonun açıqlamaları bundan bir gün əvvəl Ağ Evdə Baltimor hadisələri ilə bağlı açıqlama verən prezident Barak Obamanın dedikləri ilə üst-üstə düşür. B.Obamanın sözlərinə görə, bu insidentlər ciddi suallar yaratmaqla yanaşı, müəyyən müddət ərzində tədricən böhran şəkli alıb: "Bu, etiraz deyil. Onlar heç bir iş görmür. Bu, vəziyyətdən öz xeyri üçün istifadə edən bir qrup insandır və onlarla cinayətkar kimi rəftar edilməlidir".

Respublikaçılar zorakılıqları pisləyirlər

Yeri gəlmişkən, Respublikaçılar Partiyasından prezidentliyə namizədliyini irəli sürmüş Florida ştatının keçmiş qubernatoru Ceb Buş deyib ki, Baltimorda baş verən zorakılıq hadisəsi qanunun aliliyi və ictimai asayişə dair fikirlərin əhəmiyyətini bir daha vurğulayır. Viskonsin ştatının qubernatoru Skot Uolker Tvitter səhifəsində Baltimorda sülhə dua etdiyini deyib. Respublikaçılar Partiyasından namizədliyini irəli sürmüş daha bir siyasətçi, Texas ştatının qubernatoru Ted Kruz bildirib ki, Fredi Qreyin işi əsaslı və qərəzsiz bir şəkildə təhqiq edilməli, zorakılıq və qarət hallarının arxasında duranlar isə qınanmalıdır.

"Freedom House" polisin jurnalistlərlə rəftarından narazıdır

Bu arada "Freedom House" təşkilatının yeni hesabatında da baş verənlər pislənilib. Hesabatda ABŞ Missuri ştatının Fergüson şəhərində hadisələrlə əlaqədar polisin jurnalistlərlə rəftarına görə tənqid edilib. Qeyd edək ki, son illərdə ABŞ-da onlarla jurnalist ağır şəkildə döyülüb və bu haqda fikirlər mütəmadi olaraq ABŞ senatorları tərəfindən səsləndirilir. Məlum olduğu kimi, Fergüson iğtişaşları zamanı sıravi vətəndaşlar və jurnalistlər arasında çoxlu sayda saxlanılanlar olub, etirazçıların sərbəst toplaşmaq hüququ pozulub. Məsələ ilə bağlı Amerika Vətəndaş Azadlıqları İttifaqı federal məhkəməyə müraciət edib. Müraciətin səbəbi Fergüsonda polisin nümayişçilərə səkilərdə 5 saniyədən artıq dayanmağı qadağan etməsidir. Məhkəmə isə təklifi geri qaytarıb və etirazçılar üçün şəhərin kənarında münasib yer ayrılıb. Təşkilat isə buna cavabında həmin yerin qapısının qıfıllı olduğunu bildirib. İttifaqın rəsmisi Li Rouland bildirib ki, silahı dinc etirazçıya tuşlamaq çərçivələrdən kənara çıxan addımdır: "Bu, əlavə güc tətbiqi kimi qiymətləndirilməlidir".

Obama məsuliyyət daşıyır

ABŞ-ın tanınmış milyarderi, respublikaçı Donald Tramp bəyan edib ki, Baltimorda baş verən qarışıqlığa görə şəxsən B.Obama məsuliyyət daşıyır. "İnterfaks" agentliyinin yaydığı məlumata əsasən, o, ABŞ prezidentinin Baltimoru dağıdan quldurlara müsbət təsir edə bilmədiyini deyib. D.Trampın bu sözləri ciddi narazılıqla qarşılanıb.
Beləliklə, öz gözündə tiri görməyib başqasının gözündə tük axtaran Birləşmiş Ştatlar yürütdüyü çirkin siyasətin acılarını yaşamaqdadır. Maraqlıdır, ən çox təqiblər də, ən çirkin işlər də orada baş verir, insanlar qətlə yetirilir, amma bütün bunlar çox gözəl pərdələnir. Amma getdikcə "cidanı çuvalda gizlətmək" də çətinləşir. Bu səbəbdən də heç kim istisna etmir ki, bu hadisələr daha geniş arealı əhatə edə bilər.

Kaspi.az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.