Dünya

Avropa İttifaqı-Rusiya: enerji qarşıdurmasında yeni mərhələnin başlanğıcı

31 Mart 2015 20:38
0 Şərh     Baxış: 1 975
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Avropa İttifaqı daxilində mərkəzləşmənin fərqli modellərinin axtarışı prosesi gedir. Aİ-nin martın 19-20-də Brüsseldə keçirilən sammitində qəbul olunan yekun sənəddə Enerji İttifaqının (Eİ) yaradılması niyyəti əksini tapıb. Həmin sənəddə istinad olaraq Eİ-nin yaradılması barədə Avropa Komissiyasının 2015-ci il fevralın 25-də təqdim etdiyi çərçivə strategiyası göstərilib (bax: European council meeting (19 and 20 March 2015) - Conclusions / consilium.europa.eu).

Komissiyanın hazırladığı sənəddə deyilir ki, illik enerji tələbatının 53 faizini kənardan alan və buna 400 milyard avro xərcləyən Aİ dünyanın ən böyük enerji idxalçısıdır. Altı Aİ ölkəsi qaz idxalında bir xarici mənbədən (güman ki, Rusiya nəzərdə tutulur) asılıdır və buna görə də təchizatdakı gözlənilməz problemlərə qarşı olduqca həssasdır. Sənəddə qeyd olunur ki, "iddialı iqlim siyasətinə malik davamlı Enerji İttifaqının məqsədi Aİ istehlakçılarını - yaşayış yerləri və biznes obyektlərini - təhlükəsiz, daimi, rəqabətli və münasib qiymətli enerji ilə təmin etməkdir. Bu məqsədə nail olunması Avropanın enerji sistemində əsaslı dəyişiklik tələb edir" (bax: A Framework Strategy for a Resilient Energy Union with a Forward-Looking Climate Change Policy / eur-lex.europa.eu, 25 fevral 2015).

Həmçinin belə bir fikir vurğulanır ki, Aİ ölkələri vətəndaşlarının enerji təhlükəsizliyinin təmin olunmasında bir-birindən asılıdır. Ona görə də Eİ-nin qlobal siyasətdə vahid mövqedən çıxış etməsi üçün həmrəylik və etimad prinsipləri üzərində birlik yaradılmalıdır. Bütövlükdə məqsəd, enerjinin, yanacağın sərhədlər boyunca sərbəst hərəkət edəcəyi inteqrasiyalaşmış qitəmiqyaslı enerji sisteminin yaradılmasıdır. Bu sistem resurslardan səmərəli istifadəni, rəqabəti, enerji bazarlarının lazım gəldikdə Aİ səviyyəsində nizamlanmasını, az karbon emissiyalı texnologiyalardan istifadəni nəzərdə tutur. Yaradılacaq sistem Aİ dövlətlərinin enerji siyasətini bir-birilə əlaqələndirəcək, qitənin enerji bazarlarındakı məhdudiyyətləri və bəzi ərazilərin enerjidən təcrid olması problemini aradan qaldıracaq.

Bu gün Aİ-nin qitə səviyyəsində ümumi enerji qaydaları mövcuddur, lakin təcrübədə bu, ayrı-ayrılıqda 28 üzv ölkənin milli qanunlarından ibarətdir. Çərçivə strategiyasından da göründüyü kimi, Avropa Komissiyası bu vəziyyətə son qoymaq qərarına gəlib. Avropa enerji bazarlarındakı bir sıra problemlər də bu addımı stimullaşdırır. Sadalanan problemlər sırasında göstərilir ki, satış bazarları yaxşı fəaliyyət göstərmir, istehlakçıların enerji mənbələri və qiymətlərində seçimi məhduddur. Kifayət qədər çox sayda Avropa ailələri enerji borclarını ödəyə bilmirlər. Enerji infrastrukturu köhnəlib, bu sahəyə yeni investisiyaların cəlb olunmasına və biznes mühitinin yaxşılaşdırılmasına ehtiyac var.

Avropa inteqrasiyası: ümumittifaq hədəfləri milli maraqlara ziyan vururmu?

Məlumatlara görə, Eİ-nin yaradılması məsələsi son 10 ildə Aİ dairələrində müzakirə olunur (bax: EU's energy union must overcome serious obstacles / "The Guardian", 25 fevral 2015). Eİ-nin yaradılması səylərini, müəyyən mənada, Avropa İttifaqı daxilində inteqrasiyanın dərinləşdirilməsi siyasətinin davamı kimi səciyyələndirmək olar. Məlumdur ki, Aİ çərçivəsində yaradılan Avropa Şurası, Avropa Parlamenti, Avropa İnsan Haqları Məhkəməsi, Avropa Mərkəzi Bankı, avrozona, Şengen zonası və digər bu kimi təsisatlar və strukturlar bölgə dövlətləri arasında sərhədləri yumşaldaraq onları ortaq siyasi, iqtisadi, maliyyə, hüquqi mərkəzlər altında birləşdirir, ittifaq ölkələrinin daxili və xarici siyasətinin qismən də olsa, bir nöqtədən idarə olunmasına zəmin yaradır. Yaradılacaq Enerji İttifaqı isə güman ki, region ölkələrinin enerji siyasətini də vahid mərkəzdən koordinasiya etməyə imkan yaradacaq. Burada maraq doğuran məsələ milli dövlət maraqları ilə ümumittifaq maraqlarının necə uzlaşdırılacağıdır.

Məlumdur ki, ayrı-ayrı siyasi, iqtisadi strukturlara və inkişaf səviyyələrinə malik ölkələr üçün vahid siyasi kursun tətbiq olunması bəzən xoşagəlməz nəticələrə gətirib çıxara bilir. Məsələn, 1999-cu ildən gerçəkləşdirilən vahid valyuta - avroya keçid siyasəti bəzi Aİ ölkələrinin maliyyə-bank sektorunda əlavə problemlər yaradıb, onların böhran situasiyalarına müqavimətini zəiflədib.

Eləcə də Avropa ölkələri enerji resurslarına, enerjiyə olan tələbatın həcminə, enerji infrastrukturuna, xarici mənbələrdən asılılığına və s. görə bir-birindən fərqlənir. Qitənin neft və qazla zəngin olan ölkələri Böyük Britaniya və Aİ üzvü olmayan Norveçdir. Almaniya və Şərqi Avropa ölkələrində kömür ehtiyatları geniş yayılıb. Su elektrik stansiyalarından Avropanın şimalında daha çox istifadə olunur. Qitənin bir çox yerində yenilənən enerjidən istifadə olunur: Almaniyada əsasən günəş enerjisindən, İspaniyada külək enerjisindən istifadə edilir; Fransa enerji tələbatının mühüm hissəsini nüvə reaktorlarından alır (bax: EU's energy union must overcome serious obstacles / "The Guardian", 25 fevral 2015). Hər bir ölkənin enerji sektoru öz spesifikliyi ilə seçilir. Bütövlükdə qitə ölkələrinin vahid enerji siyasəti altında birləşdirilməsinin müsbət tərəfləri ilə yanaşı, mümkün mənfi nəticələri də nəzərə alınmalı, qabaqlayıcı tədbirlər hazırlanmalıdır.

Hələ ki, ortada olan sənəd çərçivə strategiyası xarakteri daşıyır, özündə daha çox ümumi məqsəd və prinsipləri əks etdirir, bununla belə, bəzi administrativ məqamlar da əksini tapıb. Məsələn, sənəddən aydın olur ki, Eİ-nin idarə olunmasında Avropa Komissiyası aparıcı rol oynayacaq və Eİ-nin vəziyyəti ilə bağlı hər il Avropa Parlamentinə və Avropa Şurasına hesabat təqdim olunacaq (bax: A Framework Strategy for a Resilient Energy Union with a Forward-Looking Climate Change Policy / eur-lex.europa.eu, 25 fevral 2015).

Belə bir mərhələdə Avropa ictimaiyyətini maraqlandıran əsas məsələlərdən biri də Eİ-nin yaradılacağı təqdirdə milli dövlətlərin öz enerji siyasətləri üzərində suverenliklərinin nə qədər hissəsini itirəcəkləri ilə bağlıdır. Güman ki, region ölkələri belə bir ittifaqın yaradılması üçün edəcəkləri güzəştin qarşılığında enerji təhlükəsizliklərinin etibarlı təminatına əmin olmaq istəyəcəklər.

Enerji İttifaqının Avropanın xarici tərəfdaşları ilə münasibətlərinə mümkün təsiri

Eİ ilə bağlı çərçivə sənədində ekoloji təmiz texnologiyalar və yenilənən enerji resurslarından istifadə məsələləri qabardılsa da, ittifaqın yaradılmasının sürətləndirilməsini zəruri edən amillər içərisində Rusiya ilə Ukrayna arasındakı qaz böhranına işarə edilir. Bildirilir ki, son ayların siyasi prosesləri göstərdi ki, Avropa ölkələri vətəndaşlarının təhlükəsiz və daimi enerji ilə təmin olunması üçün enerji mənbələrinin, təchizatçılarının və marşrutlarının şaxələndirilməsi zəruridir. Həmçinin Avropa İttifaqının Rusiya ilə enerji sahəsindəki əməkdaşlığına yenidən nəzər yetiriləcəyi qeyd olunur. Enerji İttifaqının yaradılmasından təbii ki, ən çox Rusiya narahat olacaq. Çünki ittifaq ölkələrinin enerji siyasətini birləşdirməsi Aİ-nin alternativ enerji mənbələri və marşrutları axtarışının daha sistemli, sürətli və səmərəli xarakter almasına gətirib çıxara bilər, bu isə region bazarlarındakı üstün mövqeyini əldən vermək istəməyən Rusiya üçün arzuolunmaz haldır. Rusiyalı ekspertlər vahid Avropa enerji siyasətinin yaranma ehtimalının onlarda doğurduğu narahatlığı gizlətmirlər. Eİ-nin yaradılması istiqamətində görülən işləri təhlil edən bəzi ekspertlər belə bir siyasətin formalaşmasının qarşısının alınması üçün Rusiyanın enerji təchizatına olan etimadın artırılmasını və Aİ ilə siyasi münasibətlərdə müsbət dinamikanın təmin olunmasını təklif edirlər (bax: Энергетический союз ЕС - новая упаковка для старых проектов / "Russian Council", 27 mart 2015).

Sənəddə aydın şəkildə qeyd olunur ki, qaz təchizatının şaxələndirilməsini təmin etmək məqsədilə Mərkəzi Asiya ölkələrindən Avropaya ixracına şəraitin yaradılması üçün "Cənub qaz dəhlizi" üzərində iş sürətləndirilməlidir. Bu isə o deməkdir ki, "Cənub qaz dəhlizi"ndə təchizatçı və tranzit ölkə kimi Azərbaycanın Avropa üçün əhəmiyyəti daha da artacaq və "Cənub qaz dəhlizi"nin mühüm tərkib hissəsi olan TANAP layihəsinin Türkiyə, Azərbaycan və Gürcüstan prezidentlərinin iştirakı ilə martın 17-də Qarsda təməlinin qoyulması da yaradılacaq Enerji İttifaqının qarşıya qoyduğu məqsədlərə çatması baxımından mühüm önəm daşıyır. Güman etmək olar ki, enerji tərəfdaşlığı məsələlərində Aİ ölkələrinin vahid mövqedən çıxış etməsi onların alternativ təchizatçı və tranzit ölkələrlə danışıqlarının daha sürətli, aydın və maneəsiz olmasına şərait yaradacaq.

Newtimes.az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.