İranın Sərhəd Qoşunları (SQ) sabahdan İran-İraq sərhədi yaxınlığında Kirmanşah əyalətinin Qəsri-Şirin şəhəri yaxınlığında 4 günlük təlimlərə başlayacaq.
Milli.Az Trend.az-a istinadən xəbər verir ki, bunu İran Sərhəd Qoşunlarının komandanı, general Hüseyn Zülfüqari bu gün keçirdiyi mətbuat konfransında deyib.
H.Zülfüqari bildirib ki, təlimlərdə Sərhəd Qoşunlarının 4 min qüvvəsi iştirak edəcək. Təlimlərə İran SQ-nin güllə keçirməyən avtomobilləri, kameralarla təchiz olunmuş pilotsuz təyyarələri və digər texnikalar cəlb olunacaq.
Təlimlərin keçirilməsindən məqsəd Sərhəd Qoşunlarının terrorizm, narkotik, silah və mal qaçaqmalçılığı sahəsində mübarizədə gücünün artırılmasıdır.
Təlimlər zamanı Sərhəd Qoşunlarının sərhədin təhlükəsizliyinin təmini üçün digər qüvvələrlə necə koordinasiya olunması üzrə də məşqlər keçiriləcək.
Milli.Az