Dünya

Bazar bağlandı, azərbaycanlılar aksiya keçirtdi

30 Yanvar 2014 17:53
0 Şərh     Baxış: 855
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Tatarıstanın paytaxtı Kazan şəhərində azərbaycanlıların çoxluq təşkil etdiyi Adoratski küçəsində yerləşən eyniadlı bazarda satıcılar aksiya keçirir. Bu barədə Lent.az-a Kazanda yaşayan soydaşımız Tərlan Salayev bildirib.

Onun sözlərinə görə, aksiyaya səbəb yerli miqrasiya xidmətinin səhər saatlarında bazarı bağlamaq cəhdidir. Məlumata görə, səhər miqrasiya xidmətinin pristavları bazarın bağlanması ilə bağlı meriyanın qərarını rəhbərliyə təqdim ediblər. Onlar miqrantlarla bağlı yoxlamaya başlayacaqları, buna görə də bazarın bağlanacağı barədə xəbərdarlıq ediblər.

"Amma pristavlar bazara buraxılmayıblar. Köməyə gələn polislərə də ciddi müqavimət göstərilib. Bazar sanki blokadaya alınıb"

Həmyerlimizin sözlərinə görə, vəziyyət gərgin olaraq qalır.

"Bir həftə olar ki, yerli pristavlar tərəfindən geniş miqyaslı yoxlama aparılırdı. Bütün sənədləri və pavilyonları yoxlamışdılar. Bu gün səhər OMON qəfildən ticarət mərkəzini mühasirəyə aldı, bazanı boşaltmaq və çıxmaq üçün on dəqiqə vaxt verdilər. Bu vaxt ərzində sadəcə istilik qızdırıcılarını və işıqları söndürüb çıxa bilərdik. Təsəvvür edin, 50-60 kvadratmetrlik obyektlərdi, o qədər malı kənara daşımaq üçün bir ay vaxt lazımdı", - Tərlan Salayev deyib.

Soydaşımız onu da bildirib ki, etiraz zamanı heç kimə zor tətbiq olunmayıb: "OMON-çular maskada, silahlıydılar. Biz onlara nə edə bilərdik? Bir yandan da polis dəstələri. Biz sadəcə etirazımızı bildirdik. Bizə hələ də dəqiq bir məlumat verilmir. Bəlkə də tamam bağladılar bazarı".

T.Salayevin sözlərinə görə, OMON bir qədər əvvəl bazarı tam boşaldıb: "Onlar hamını çıxartdılar kənara, özləri içəridə qaldılar. Bütün obyektlərin qapılarını möhürlədilər, biz kənarda bazara gələn yolu tutduq, milis maşınlarına, digər rəsmilərə qarşı dayandıq, haqqımızı tələb etməyə başladıq. Amma xeyri olmadı. Bazarı da bağlasalar, məcbur qalıb işsizlikdən Azərbaycan dönməliyik".

T.Salayevin sözlərinə görə, bu bazar Kazan şəhərində əsas topdansatış baza sayılır. "Şəhərdəki irili-xırdalı ticarət obyektlərini meyvə və tərəvəzlə biz təmin edirik. Bazada çalışanların hamısı vergi ödəyir, bütün sənədlər qaydasında olur adətən. Adam vardı ki, ağlayırdı. İki körpəsi, hamilə arvadı olan var ki, bütün malı içəridə qaldı. Başımızı itirmişik. Qışın ortasında demək olar ki, heç nəsiz qalmışıq. Bazadakı malların hamısını şaxta vuracaq".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.