Dünya

İki dünyanın, iki qütbün savaşı

3 Aprel 2015 21:55
0 Şərh     Baxış: 1 725
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qərblə Rusiya arasındakı qarşıdurmanın kökündə iki dünyagörüş və dəyərlər sisteminin mübarizəsi dayanır 

Ukrayna hadisələrinə dair Qərb-Rusiya münasibətlərindəki ehtiraslar dinamikası ilə fərqlənir və belə görünür ki, tərəflərdən heç biri prinsiplərindən imtina etmək fikrində deyil. Bu zaman qeyd olunmalıdır ki, Rusiya prezidenti Vladimir Putin bu oyunda özünü qərbli tərəfdaşlarından daha inamlı aparır - 2007-ci ildə birqütblü dünya düzəninin tənqid etdiyi Münhendəki beynəlxalq konfransda olduğu kimi. Maraqlıdır ki, Rusiya prezidenti nə qədər çox inadcıllıq nümayiş etdirirsə, ölkəsində reytinqi bir o qədər də artır. Və iqtisadi durumun ağırlaşması, inflyasiyasının artması və milli valyutanın devalvasiyası bu tendensiyaya təsir göstərmir. Qərb isə Rusiya ictimaiyyətinin, onların fikrincə, irrasional davranışı üzərində baş sındırmaqdadır.
 

Elə isə, gəlin məsələni diqqətlə izləyək. Rusiyada imperiya təfəkkürünün son 25 ildə maksimum həddə çatdığı bir vaxtda Putin daxili dəstəyə tam arxalana bilər. Ona görə də Qərbin V. Putinin devrilməsinə yönələn daxili siyasi sabitliyi pozmaq planları baş tutmur. İlk növbədə, ona görə ki, Qərb rusların fövqəldövlət ambisiyaları məsələsi gündəmdə olarkən, maddi sıxıntılara dözüm diapazonunu düzgün hesablaya bilməyib. Bu kontekstdə, Qərbin keçmiş məhbus-oliqarx Mixail Xodorkovskini Rusiya liderinin əsas siyasi opponenti təyin etməsi böyük səhv idi. M.Xodorkovski rusiyalıların əksəriyyəti tərəfindən ötən əsrin 90-cı illərində dövlət əmlakını və xalq kütləsinin varidatını mənimsəyərək varlanmış oliqarx-nuvorişlərinin simvolu kimi qəbul edilir.
 

Qərbin V. Putinin sonillərki əsas opponentlərindən olan Boris Nemtsovun qətlindən istifadə edərək Rusiyadakı daxili siyasi vəziyyəti çalxalamaq cəhdi də fiaskoya uğradı. Bu cəhd apriori iflasa məhkum idi, çünki B.Nemtsov ölümündən sonra təqdim olunduğu kimi, xarizmatik şəxsiyyət deyildi. Bundan başqa, sadə rusiyalıların gözündə B.Nemtsovun baş nazirin müavini olduğu hökumət oliqarxlara və Qərbə vətəni talan etməsinə imkan yaradan, üstəlik, bundan yararlanan hökumət olub. Odur ki, rusiyalıların çoxu üçün M.Xodorkovski və mərhum B.Nemtsov bir-birindən o qədər də fərqlənmirdilər.
 

Digər tərəfdən, oliqarxlarla müəyyən münasibətlər sistemi quran V.Putin onları öz iradəsinə tabe edib. Bu sistem oliqarxları inandırıb ki, məhz Putin onların təhlükəsizliyi və biznesinin qarantıdır. Amma bir şərtlə - onlar yalnız varlanmaq haqqında düşünməməli, lazım gəldikdə, dövlətə lazımi maliyyə yardımı da göstərməlidir. V.Putinin ötən ilin dekabrındakı mətbuat konfransında səsləndirdiyi sözlər də bunu təsdiqləyir: prezident etiraf etmişdi ki, dostyana söhbətdən sonra nəhəng şirkətlərdən biri rublun kursunun enməsinin qarşısını almaq üçün bazara "ordan-burdan" topladığı 3 milyard dolları buraxmağa razılıq verib. "Yalnız bir şirkətdən 3 milyard! Bu cür 30 yox, 300 milyard da toplamaq olar. Amma məcbur etmək lazım deyil", - deyə Rusiya prezidenti vurğulayıb.
 

V.Putinin SSRİ-nin (Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqı) qurultayında səsləndirdiyi bəyanat da intriqa doğurub: "Bizdə belə təəssürat yaranır ki, kapitalın Rusiyaya qaytarılmasının qarşısı alına bilər. Bu o zaman baş verə bilər ki, xarici yurisdiksiyadakı kapitallardan istifadəyə məhdudiyyət qoyula. İstənilən halda, bunu nəzərə alın", - deyə V.Putin xəbərdarlıq edib. Başqa sözlə desək, prezident ölkədən böyük həcmdə vəsait çıxarmış sahibkarlara işarə edib ki, onların kapitalı Rusiyada daha etibarlı şəraitdə saxlanıla bilər, nəinki hər müsadirə təhlükəsi yaşanan xaricdə. Bəlkə də, məhz buna görə bu gün Rusiyada Qərbin istəyinə uyğun olaraq 5-ci kolonu maliyyələşdirmək istəyən oliqarx yoxdur. QHT-lərin xaricdən maliyyələşdirilməsi şərtlərini sərtləşdirdikdən sonra isə V. Putin müxalifətə xaricdən maliyyə dəstəyi imkanını xeyli çətinləşdirib. Həmçinin köhnə rus şüarı olan "Bizimkiləri döyürlər!" şüarını da unutmayaq, çünki bu şüar rusların birləşməsi üçün istənilən ideoloji strataqemadan daha böyük rol oynayır. Ümumrusiya İctimai Rəyi Öyrənmə Mərkəzinin (ÜİRÖM) keçirdiyi son sorğuda respondentlərin 73 faizinin Rusiyanın əsas düşməni kimi ABŞ-ı göstərməsi də bundan xəbər verir. RF prezidentinin özü də vətəndaşlarının nəzərinə çatdırır ki, Rusiyanı başqalarının iradəsinə tabe olmaqdan imtina etdiyinə görə cəzalandırmaq istəyirlər. Bir sözlə, onun fikrincə, ABŞ-a tabe olan Amerikanın sattelitlərindən (bu, V.Putinin ifadəsidir) fərqli olaraq, Rusiyanın özəl tarixi kodu var. Məhz bu fikrə istinad edən Rusiya lideri, Qərblə Moskva arasındakı qarşıdurmanı fərqli sivilizasiya, etnomədəniyyət və dini-ideoloji məkanda yaşayan iki dünyagörüş və dəyərlər sistemininin sərt mübarizəsi adlandırıb. Yəni, XV-XVI əsrlərdə formalaşmış "Moskva - Üçüncü Romadır" panprovaslav ideyası bu gün yenidən aktuallaşır.
 

Vaşinqtonla mübarizədə V.Putinin işini asanlaşdıran amillərdən biri Qərb cəbhəsindəki boşluqlardır ki, bu da ayrı-ayrı dövlətləin iqtisadi və siyasi maraqları ilə izah olunur. Rusiyanın Aİ-dəki nəhəng tərəfdaşları (Almaniya, Fransa, İtaliya) məcburən Vaşinqtonun yürütdüyü xətti dəstəkləmək zorunda qalsalar da, arabir onların biznes-elitası durumla bağlı ciddi narazılığını ortaya qoyur. Hətta sərt amerikapərəst mövqeyilə seçilən Paris də böyük maliyyə itkiləri təhlükəsinə görə Moskvaya iki helikopter daşıyan gəmini satmaqdan birmənalı şəkildə imtina edə bilmir. Fransanın NATO-dakı və okeanın o tayındakı müttəfiqləri isə bu müqavilənin pozulacağı təqdirdə Parisə dəyəcək maddi ziyanın ağırlığını öz üzərinə götürməyə hazır deyillər.
 

"G20"nin Brisbendəki sammitində ən sərt anti-Rusiya nitqi ilə yadda qalan Almaniya kansleri A.Merkel də ölkəsi daxilində işgüzar dairələr və siyasi opponentlərinin ciddi narazılığı ilə üzləşib. Bu siyasət Almaniya hökuməti daxilində də ziddiyyələr yaradıb və XDB/XSB-SDP koalisiyasının dağılmasına belə yol aça bilər. Xüsusilə də nəzərə alsaq ki, Almaniyanın XİN başçısı, ağır çəkili diplomat hesab olunan F.V.Ştaynmayer dəfələrlə A.Merkelin mövqeyi ilə üst-üstə düşməyən bəyanatlar səsləndirir. Üstəlik, alman siyasətinin patriarxlarından olan gks-kanslerlər Helmut Kol (80-ci illərin sonunda Almaniyanı birləşdirmiş şəxs), Gerhard Şröder, Gelmut Şmidt, sabiq XİN başçısı (1974-1992) Hans-Ditrix Qenşerin tənqidləri də A.Merkel üçün xoşagəlməz sürpriz olub. Aİ-nin sanksiyalarından sonra Almaniyadan Rusiyaya ixracatın 26 faiz azalması isə, Rusiya bazarına ehtiyacı olan alman biznes-mühitində protest əhval-ruhiyyəni artırıb.
 

Bu qarşıdurmada Putinin lehinə olan daha bir faktor Macarıstanın baş naziri Viktor Orban və Çexiya prezidenti Miloş Zemanın Qərbin Rusiyaya qarşı siyasətini sərt tənqid etməsidir. Əksər Qərb KİV-i onları Kremlin pulla ələ aldığır rupor kimi təqdim etsələr də, bu, inandırıcı deyil. Çox guman ki, onlar Avropanın qeyd-şərtsiz Vaşinqtonun siyasi iradəsinə tabeçiliyinə qarşı olan avropalı siyasətçilərin sırasındadırlar.

Üstəlik, Nobel sülh mükafatının iki laureatı - ABŞ-ın keçmiş dövdət katibi Henri Kissinjer və rusiyalıların əksəriyyətinin öz ölkəsinin maraqlarını satmaqda ittihamladığı SSRİ-nin son lideri Mixail Qorbaçovun bəyanatları da V.Putinin opponentlərini çaş-baş salıb. H.Kissinjer Qərbi Ukraynanın Rusiya üçün əhəmiyyətini səhv qiymətləndirməkdə ittiham edib və sanksiya siyasətini səmərəsiz adlandırıb. Özü də, bu səmərəsiz qərarın ləğvində Kissincer Avropanın ən vacib ölkəsi olan Almaniyanın rolunu önəmli sayır.
 

Maraqlıdır ki, Qərbi daha çox narazı salan öz siyasi ağırçəkililərinin deyil, məhz M.Qorbaçovun mövqeyi olub. İndiyədək dəfələrlə Putinin ünvanına tənqidlər səsləndirən Qorbaçovun indi onu müdafiə etməsi Qərbdə demokratiya prinsiplərinə "xəyanət" kimi qəbul edilib.

Və sonda. Məncə, Qərb ölkələrinin əksər liderlərinin faşizm üzərindəki qələbənin 70 illiyi münaslbətilə Moskvaya gəlməkdən imtina etmələri çox səhv addımdır. Çünki bu, rusiyalıların əksəriyyəti tərəfindən Rusiyanın əlindən onun üçün müqəddəs olan Böyük Qələbəni almaq cəhdi kimi qəbul edilib, bunu isə onlar heç kəsə bağışlamazlar. Bundan başqa, bu məqam Rusiya hakimiyyəti üçün neonasizm və milli-şovinizmə qarşı mübarizəni sabotaja görə Qərbi ittiham etmək üçün böyük manevr imkanları verir. Ən sərt sanksiyalar və Qərbin Rusiya daxilindəki vəziyyəti gərgiləşdirmək cəhdlərinə rəğmən, Putin belə bir şəraitdə öz hakimiyyəti üçün çətin ki, diskomfort hiss etsin.

Odur ki, biz hələ uzun müddət sonu bilinməyən "iki dünya"nın qarşıdurmasını izləməli olacağıq.

"Region Plyus"

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.