Si Cinpin və dünya iqtisadiyyatının yeni arxitekturası - (Foto)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dövlət liderinin dünya iqtisadiyyatına töhfəsini yalnız onun ölkəsində ÜDM-in artımı ilə ölçmək güzgün olmaz. Daha mühüm məsələ fərqli rakursda yer alır: həmin liderin irəli sürdüyü ideyalar və qəbul etdiyi strateji qərarlar milli sərhədləri aşan, digər dövlətlərin, bazarların və bütövlükdə dünya iqtisadiyyatının inkişafına təsir göstərən nəticələr yarada bilirmi?
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Si Cinpinin fəaliyyətinin iqtisadi əhəmiyyətini də məhz bu mövqedən qiymətləndirmək lazımdır. Yeni dövrün ötən illərində Çin həm dünya iqtisadiyyatının əsas hərəkətverici qüvvələrindən biri statusunu qoruyub saxlayıb, həm də, eyni zamanda, öz inkişafının xarakterini əhəmiyyətli dərəcədə dəyişib. Beynəlxalq Valyuta Fondunun məlumatına görə, son üç il ərzində dünya iqtisadiyyatındakı artımın təxminən 30 faizi Çinin payına düşüb. Lakin Si Cinpinin rəhbərliyi dövründə Çinin iqtisadi kursunun əhəmiyyəti yalnız Çin bazarının miqyası ilə məhdudlaşmır. Bu əhəmiyyət getdikcə daha çox texnologiyalar, sənaye istehsalı, infrastruktur, energetika, yaşıl transformasiya və beynəlxalq inkişafın yeni mexanizmləri vasitəsilə özünü büruzə verir. Buna görə də Çin modernləşməsinin özünəməxsus qlobal iqtisadi effektinin formalaşması haqqında danışmaq daha doğru olardı, çünki, ilk növbədə Çinin öz inkişafının dayanıqlılığını və keyfiyyətini yüksəltməyə yönəlmiş qərarlar ölkənin miqyası səbəbindən dünya iqtisadiyyatının fəaliyyət şərtlərini dəyişdirməyə başlayır.
Belə bir effektin ən qeyri-adi nümunələrindən birini bir az bundan əvvəl dünya neft bazarında müşahidə edə bildik.
Neft böhranı: Çinin dayanıqlılığı dünya bazarının dayanıqlılığı amilinə çevrildikdə
Baş verənlərə maraqlı yanaşmalardan birini bloqer və analitik Maks Fişer irəli sürüb. O, öz verilişində Çinin idxal neftinə tələbatının kəskin azalmasının faktiki olaraq dünya bazarına Hörmüz boğazı vasitəsilə tədarükdə yaranan fasilələrə uyğunlaşmağa kömək etdiyinə diqqət çəkib. Fişer bu fikri kifayət qədər parlaq şəkildə ifadə edərək, faktiki olaraq Çinin addımlarını dünya iqtisadiyyatını daha ağır neft şokundan "xilas edən" amillərdən biri kimi xarakterizə edib. Fikrimizcə, məsələnin bu şəkildə qoyuluşu ilk növbədə ona görə diqqətə layiqdir ki, müəllif Çinin daxili enerji dayanıqlılığı ilə qlobal bazarın sabitliyi arasında ilk baxışdan nəzərə çarpmayan əlaqəni görə bilib. Belə bir formulun daha ciddi elmi şərhə ehtiyacı olsa da, analitik yanaşmanın özü kifayət qədər məhsuldar görünür.
Müstəqil mənbələr də bu müşahidənin əsas hissəsini gerçəkdən təsdiqləyir. ABŞ Enerji İnformasiya Administrasiyasının qiymətləndirməsinə görə, 2026-cı ilin ikinci rübündə dünyanın ən böyük neft idxalçısı olan Çin xam neft idxalını əvvəlki rüblə müqayisədə 32 faiz azaldaraq sutkada 8,1 milyon barelə endirib. Amerika qurumu birbaşa qeyd edir ki, Çin idxalının azalması qlobal tələbatı zəiflədib və bununla da Hörmüz boğazında tədarük fasilələrinin neft qiymətlərinə yüksəldici təsirini yumşaldıb. Kpler analitik şirkəti də bildirirdi ki, iyulun sonuna Çinin neft idxalı böhrandan əvvəlki sutkada təxminən 11 milyon barellə müqayisədə 7 milyon barel ətrafında qalırdı və Çinin bazarda iri əlavə alıcı qismində iştirak etməməsi qiymətlərin sonrakı artımını məhdudlaşdırırdı.
-Foto.png)
Lakin bu epizodun əhəmiyyəti idxalın qısamüddətli azalmasından daha dərindir. Hələ 2014-cü ildə Si Cinpin "dörd inqilab və bir əməkdaşlıq" adı ilə tanınan yeni enerji təhlükəsizliyi strategiyasını formalaşdırmışdı: enerji istehlakının, təklifinin, texnologiyaların və bütövlükdə enerji sisteminin transformasiyası, eyni zamanda beynəlxalq əməkdaşlığın genişləndirilməsi. Sonrakı illərdə Çin enerji mənbələrini ardıcıl şəkildə şaxələndirib, daxili istehsalı, infrastrukturu və ehtiyatları möhkəmləndirib, bərpa olunan energetikanı, nəqliyyatın elektrikləşdirilməsini və yeni enerji saxlama sistemlərini sürətlə inkişaf etdirib. Çinin Milli İnkişaf və İslahat Komissiyası bu dəyişiklikləri birbaşa olaraq ölkənin enerji sisteminin dayanıqlılığının yüksəldilməsi ilə əlaqələndirir.
Daha bir fakt da xüsusilə diqqətəlayiqdir: 2025-ci ildə dünya qiymətlərinin nisbətən aşağı səviyyədə olduğu bir dövrdə Çin sutkada rekord həcmdə - 11,6 milyon barel neft idxal edib və eyni zamanda strateji ehtiyatlarını artırıb. Bu isə o deməkdir ki, 2026-cı il böhranına verilən reaksiya yalnız situativ xarakterli bir qərarın nəticəsi olmayıb, əvvəlcədən yaradılmış dayanıqlılıq ehtiyatı sayəsində mümkün olub.
Si Cinpinin rəhbərliyi ilə Çin tərəfindən formalaşdırılmış enerji dayanıqlılığı dünya iqtisadiyyatı üçün müsbət xarici effekt yaradıb.
Bu, Çinin yeni mövqeyinin mühüm göstəricisidir. Dərin qarşılıqlı asılılıq şəraitində ən böyük iqtisadiyyatların dayanıqlılığı bir növ beynəlxalq ictimai resursa çevrilir. Əgər nəhəng iqtisadiyyat qıtlıq təşkil edən resursa tələbatı kəskin şəkildə artırmadan xarici şokun təsirinə tab gətirə bilirsə, bu, bazarın digər iştirakçıları üzərindəki təzyiqi də azaltmış olur. Buna görə də Çinin 2026-cı il təcrübəsi daha geniş bir tezis irəli sürməyə imkan verir: Çinin dayanıqlılığı tədricən dünya iqtisadi sisteminin dayanıqlılığını təmin edən amillərdən birinə çevrilir.
Kəmiyyətdən keyfiyyətə: innovasiyalar və "yeni keyfiyyətli məhsuldar qüvvələr"
Belə dayanıqlılıq Çin inkişaf modelinin ümumi transformasiyası ilə bağlıdır. Si Cinpinin rəhbərliyi dövründə ağırlıq mərkəzi tədricən iqtisadiyyatın əsasən kəmiyyət baxımından genişlənməsindən artımın keyfiyyətinə, texnoloji yenilənməyə və məhsuldarlığın yüksəldilməsinə doğru keçir.
Bu yanaşma ən dolğun şəkildə Si Cinpin tərəfindən formalaşdırılmış və ilk dəfə 2023-cü ilin sentyabrında irəli sürülmüş "yeni keyfiyyətli məhsuldar qüvvələr" konsepsiyasında öz ifadəsini tapır. Bu konsepsiyanın iqtisadi mahiyyəti texnoloji sıçrayışlar, istehsal amillərindən daha səmərəli istifadə və sənayenin modernləşdirilməsi hesabına yeni artım mənbələrinin formalaşdırılmasından ibarətdir. Aparıcı rol innovasiyalara verilir, yeni məhsuldarlığın əsas xüsusiyyətləri isə texnoloji səviyyə, səmərəlilik və keyfiyyət, o cümlədən ümumi amil məhsuldarlığının yüksəldilməsi hesab olunur.
Söhbət ənənəvi sənayedən imtina etməkdən deyil, elmin, müasir texnologiyaların və Çinin güclü istehsal bazasının vahid sistemdə birləşdirilməsindən gedir. Süni intellekt, robototexnika, yeni materiallar, biotexnologiyalar və perspektiv energetika sahələri eyni zamanda həm mövcud sənaye sahələrini modernləşdirməli, həm də yeni sahələrin formalaşmasına şərait yaratmalıdır. Buna görə də "yeni keyfiyyətli məhsuldar qüvvələr"in inkişafı Çinin 2026-2030-cu illəri əhatə edən 15-ci beşillik proqramının əsas istiqamətləri sırasında təsbit olunub.
-Foto.png)
Həmin kurs artıq beynəlxalq ölçü də qazanıb. 2025-ci il Qlobal İnnovasiya İndeksində Çin ilk dəfə dünyanın on aparıcı innovativ iqtisadiyyatı sırasına daxil olub, bilik və texnologiyalar sahəsində nəticələr üzrə birinci yeri tutub və ilk yüzlüyə daxil olan innovasiya klasterlərinin sayına görə dünya liderinə çevrilib - belə klasterlərin sayı 24 olub. Çinin patent müraciətlərinin sayına görə liderliyi də ayrıca qeyd olunmalıdlr.
Lakin dünya iqtisadiyyatı üçün özü-özlüyündə reytinqlər deyil, Çinin elmi nailiyyətləri dünyanın ən böyük sənaye sistemlərindən biri ilə birləşdirmək qabiliyyətindən daha mühüm və əhəmiyyətlidir. Bu, innovasiyaların işlənib hazırlanma mərhələsindən kütləvi istehsala qədər keçdiyi yolu sürətləndirir, texnoloji təklifi genişləndirir və beynəlxalq rəqabəti gücləndirərək istehsalçıları texnologiyaları daha sürətlə təkmilləşdirməyə, səmərəliliyi artırmağa və xərcləri azaltmağa sövq edir.
Odur ki, "yeni keyfiyyətli məhsuldar qüvvələr"in qlobal təsiri yalnız Çində yeni sənaye sahələrinin meydana çıxması ilə məhdudlaşmaya bilər. Bu prosesin eyni zamanda qlobal texnoloji yenilənmənin sürətlənməsinə təkan verməsi tan real görünür. Çin tədricən dünyanın təkcə ən böyük istehsal mərkəzlərindən biri deyil, həm də yeni texnologiyaların, istehsal modellərinin və rəqabət impulslarının əsas mənbələrindən birinə çevrilir.
Bu proses hazırda ən aydın şəkildə süni intellekt sahəsində özünü göstərir.
Süni intellekt: milli texnologiyadan dünya iqtisadiyyatının amilinə
Məhz süni intellekt sahəsində Çinin texnoloji inkişafının milli sərhədləri necə aşdığı xüsusilə aydın görünür. Si Cinpin süni intellekti iqtisadi artımın və sənaye transformasiyasının yeni hərəkətverici qüvvəsi kimi dəyərləndirir. 2026-cı ilin iyulunda o, süni intellekti birbaşa olaraq dünya iqtisadiyyatının yeni inkişaf mühərriki adlandıraraq, beynəlxalq əməkdaşlığın genişləndirilməsinə, süni intellektin müxtəlif sahələrdə tətbiqinin artırılmasına və dövlətlər arasında texnoloji fərqin azaldılmasına çağırıb. Hələ 2023-cü ildə Si Cinpin inkişaf, təhlükəsizlik və əməkdaşlığın uzlaşdırılmasına əsaslanan Süni İntellektin Qlobal İdarəetmə Təşəbbüsünü irəli sürmüşdü.
Bu kursun iqtisadi əsası getdikcə daha aydın şəkildə özünü göstərməyə başlayır. Stanford AI Index 2026-nın məlumatlarına görə, Çin süni intellekt sahəsində elmi nəşrlərin həcminə, sitatgətirmə göstəricilərinə və patentlərin sayına görə liderlik edir, aparıcı Amerika və Çin modelləri arasındakı fərq isə əhəmiyyətli dərəcədə azalıb. 2024-2025-ci illərdə Çin ixtiraçıları generativ süni intellekt sahəsində 43 mindən çox patent ailəsi dərc etdiriblər, dünyanın on ən böyük patent müraciətçisindən altısı isə Çində yerləşir.
Dünya iqtisadiyyatı üçün bu rəqabətin qiymətlərə təsiri xüsusi əhəmiyyət daşıyır. 30 iyul 2026-cı ildə OpenAI bir sıra modellərindən istifadə qiymətlərini 20-80 faiz aşağı salıb. Şirkətin özü bunu səmərəliliyin yüksəlməsi ilə izah edir. Bununla belə, bu kimi qərarlar, o cümlədən daha əlçatan Çin texnoloji həllərinin yaratdığı, getdikcə güclənən rəqabət təzyiqi şəraitində qəbul olunur.
Ümumi iqtisadi mexanizm aydındır: Si Cinpinin rəhbərliyi ilə həyata keçirilən dövlət kursu Çində güclü süni intellekt ekosisteminin formalaşmasına şərait yaradır, Çin şirkətləri beynəlxalq rəqabəti gücləndirir, bu isə öz növbəsində texnologiyaların keyfiyyətinin yüksəlməsini və onların dəyərinin azalmasını stimullaşdırır. Nəticədə qabaqcıl süni intellekt həllərinə çıxış daha əlçatan olur, onların inkişaf tempi isə sürətlənir. Eyni zamanda Si Cinpin süni intellektə yalnız texnoloji rəqabət resursu kimi deyil, həm də beynəlxalq ictimai nemət kimi yanaşmağı təklif edir. Buna görə də Çinin töhfəsi eyni vaxtda üç istiqamətdə özünü büruzə vermis olur: yeni texnologiyaların yaradılmasında, qlobal rəqabətin gücləndirilməsində və süni intellektin qlobal inkişafı üçün daha əlçatan və inklüziv sistemin formalaşdırılmasında.
Yaşıl transformasiya: qlobal enerji keçidinin dəyərinin azaldılması
Çinin qlobal yaşıl transformasiyaya verdiyi töhfə də az əhəmiyyət daşımır. Son illərdə ölkə günəş energetikası, akkumulyatorlar, elektromobillər və digər aşağı karbonlu texnologiyalar sahəsində nəhəng istehsal və tətbiq gücləri yaradıb. Bu proses Si Cinpinin iqtisadi modernləşməni ekoloji sivilizasiya, texnoloji yenilənmə və daha təmiz energetikaya keçidlə əlaqələndirən strateji kursuna uyğundur.
2024-cü ildə Çin təxminən 278 QVt yeni günəş və təqribən 80 QVt yeni külək enerjisi gücünü istismara verib. Beynəlxalq Enerji Agentliyinin qiymətləndirməsinə görə, günəş energetikası üzrə qlobal istehsal zəncirinin güclərinin təxminən 85 faizi, litium-ion akkumulyatorlarının istehsal güclərinin isə təqribən 80 faizi Çinin payına düşür.
İnteqrasiya olunmuş təchizat zəncirləri, toplanmış təcrübə və yüksək daxili rəqabət texnologiyaların dəyərinin azalmasına şərait yaradır. 2023-cü ildən etibarən dünyada günəş modullarının qiyməti təxminən iki dəfə, akkumulyator batareyalarının qiyməti isə təqribən 30 faiz aşağı düşüb. Avropa İttifaqı daxilindəki ticarət nəzərə alınmadıqda, Çin əsas təmiz enerji texnologiyaları üzrə dünya ticarətinin təxminən yarısını təmin edir. 2025-ci ildə Çində akkumulyator bloklarının orta qiyməti Şimali Amerika ilə müqayisədə 30 faiz, Avropa ilə müqayisədə isə 35 faiz aşağı olub. Eyni təsir elektrik enerjisinin maya dəyərində də müşahidə olunur: 2024-cü ildə Çində yeni iri günəş elektrik stansiyalarında istehsal olunan elektrik enerjisinin orta dəyəri 1 kVt·saat üçün 0,033 ABŞ dollarınadək enib, halbuki dünya üzrə orta göstərici 0,043 dollar təşkil edib. Ümumilikdə isə günəş enerjisi istehsalı artıq ən ucuz yeni fosil yanacaq əsaslı generasiya ilə müqayisədə təxminən 41 faiz daha ucuz olub.
Göründüyü kimi, Çin yalnız öz enerji keçidini həyata keçirmir, eyni zamanda digər ölkələr üçün belə bir keçidin iqtisadi həddini də aşağı salır. Daha ucuz günəş panelləri, akkumulyatorlar və elektromobillər müqayisəolunan sənaye bazasına malik olmayan dövlətlər üçün yaşıl texnologiyaları daha əlçatan edir. Beləliklə, Çin eyni vaxtda həm enerji keçidinin ucuzlaşmasına təsir göstərən əsas amillərdən birinə, həm də bununla bağlı qlobal istehsal zəncirlərinin mərkəzi həlqəsinə çevrilir.
"Kəmər və Yol" və yeni inkişaf institutları: iqtisadi coğrafiyanın dəyişməsi
Əgər süni intellekt və yaşıl texnologiyalar Çinin dünya iqtisadiyyatının texnoloji bazasına təsirini nümayiş etdirirsə, "Kəmər və Yol" təşəbbüsü Si Cinpinin töhfəsinin başqa bir istiqamətini - regionlar arasında malların, kapitalın və iqtisadi fəallığın hərəkət şərtlərinin dəyişdirilməsini əks etdirir. 2013-cü ildə Çin lideri İpək Yolunun İqtisadi Kəmərinin, daha sonra isə XXI əsr Dəniz İpək Yolunun yaradılması təşəbbüsünü irəli sürüb. İlkin mərhələdə təşəbbüs nəqliyyat bağlantılarının inkişaf etdirilməsini, ticarətin asanlaşdırılmasını, maliyyə əməkdaşlığını və iqtisadi strategiyaların əlaqələndirilməsini nəzərdə tuturdu.
"Kəmər və Yol"un əsas iqtisadi mahiyyəti qurulmuş infrastruktur obyektlərinin sayında deyil, "iqtisadi məsafə"nin, yəni daşınma müddətinin, nəqliyyat və tranzaksiya xərclərinin, eləcə də bazarlara çıxış maneələrinin azaldılmasındadır. Dünya Bankının hesablamalarına görə, təşəbbüs çərçivəsində yaradılan nəqliyyat dəhlizləri daşınma müddətini 12 faizə qədər azalda, iştirakçı iqtisadiyyatların ticarətini 2,8-9,7 faiz, dünya ticarətini 1,7-6,2 faiz, real qlobal gəliri isə 0,7-2,9 faiz artıra bilər.
-Foto.png)
Bu ideya institusional müstəvidə də davam etdirilib. 2013-cü ildə Si Cinpin Asiya İnfrastruktur İnvestisiyaları Bankının (AİİB) yaradılmasını təklif edib. 2026-cı ilin yanvarına AİİB 111 təsdiqlənmiş üzvü birləşdirirdi və 40 ölkədə nəqliyyat və energetikadan rəqəmsal və su infrastrukturunadək müxtəlif sahələri əhatə edən 361 layihə üçün təxminən 70 milyard ABŞ dolları həcmində maliyyələşdirməni təsdiqləmişdi.
Beləliklə, Si Cinpinin bu istiqamətdə töhfəsi yalnız Çinin xarici iqtisadi fəaliyyətinin genişləndirilməsindən ibarət deyil, həm də dünya iqtisadiyyatının fiziki və maliyyə baxımından qarşılıqlı bağlılığını gücləndirən mexanizmlərin formalaşdırılmasında ifadə olunur. "Kəmər və Yol" bazarlar arasındakı maneələri azaltmaqla iqtisadi coğrafiyanı dəyişdirir, AİİB isə inkişafın institusional infrastrukturunu genişləndirir. Birlikdə onlar infrastruktur siyasətini Si Cinpin dövrünün ən nəzərəçarpan beynəlxalq iqtisadi nəticələrindən birinə çevirir.
Qlobal Cənub: inkişaf ümumi hüquq və ortaq vəzifə kimi
Si Cinpinin iqtisadi strategiyasının daha bir mühüm istiqaməti inkişaf anlayışının özünün necə dərk edilməsi ilə bağlıdır. Onun yanaşmasına görə, dünya iqtisadiyyatının artımı yalnız məcmu sərvətin çoxalması ilə deyil, həm də dövlətlərin infrastruktura, texnologiyalara, investisiyalara və modernləşmə imkanlarına nə dərəcədə geniş çıxış əldə etməsi ilə ölçülməlidir. Bu, xüsusilə Qlobal Cənub ölkələri üçün mühüm əhəmiyyət daşıyır, çünki onların bir çoxu hələ də ciddi maliyyə, texnoloji və infrastruktur məhdudiyyətləri ilə üzləşir.
Məhz bu məntiqə əsaslanaraq Si Cinpin 2021-ci ilin sentyabrında BMT Baş Assambleyasında Qlobal İnkişaf Təşəbbüsünü irəli sürüb. O, inkişafı yenidən beynəlxalq gündəliyin mərkəzinə qaytarmağı, onu daha balanslı və inklüziv etməyi, həmçinin BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasını sürətləndirməyi təklif edib.
BMT-nin Çindəki nümayəndəliyinin məlumatına görə, 2024-cü ilədək təşəbbüs çərçivəsində 40-dan çox ölkədə 100-dən artıq layihə ya başa çatdırılmış, ya da həyata keçirilməkdə idi. BMT bu təşəbbüsün Çin ilə inkişaf etməkdə olan dövlətlər arasında əməkdaşlığın möhkəmləndirilməsi və 2030-cu il Gündəliyinin irəlilədilməsi baxımından potensialını qeyd edib.
Beləliklə, Si Cinpin prinsipial bir ideyanı ardıcıl şəkildə irəli sürür: inkişaf qlobal idarəetmənin mərkəzi vəzifələrindən biri olaraq qalmalı, texnoloji və iqtisadi modernləşmə imkanları isə yalnız ən zəngin ölkələrin əlində cəmləşməməlidir.
Daha geniş mənada Çinin töhfəsi müasir inkişaf prosesində iştirak edən ölkələrin dairəsinin genişləndirilməsindən ibarətdir. Əgər yeni sənaye inqilabının nailiyyətləri yalnız məhdud sayda dövlət üçün əlçatan olarsa, qlobal bərabərsizlik təkcə maliyyə deyil, həm də texnoloji xarakter alacaq. Buna görə də Qlobal Cənuba dəstək daha balanslı dünya iqtisadiyyatı haqqında Çin baxışının mühüm tərkib hissəsinə çevrilir.
İqtisadi parçalanma dövründə açıqlıq
Si Cinpinin daha bir mühüm mövqeyi açıq dünya iqtisadiyyatının müdafiəsi ilə bağlıdır. Onun töhfəsi islahatlar və açıqlıq siyasətinin bundan sonra da inkişaf etdirilməsində, iqtisadi qloballaşmaya dəstəyin isə Çinin beynəlxalq iqtisadi mövqeyinin mühüm istiqamətlərindən birinə çevrilməsində ifadə olunur. Bu yanaşma proteksionizmin və geoiqtisadi rəqabətin gücləndiyi bir dövrdə xüsusilə böyük əhəmiyyət kəsb edir.
2017-ci ilin yanvarında Davosda keçirilən Dünya İqtisadi Forumunda Si Cinpin açıq dünya iqtisadiyyatının, azad ticarət və investisiyaların, qarşılıqlı faydanın və daha sıx qlobal qarşılıqlı bağlantıların tərəfdarı kimi çıxış edib, eyni zamanda proteksionizmin və ticarət müharibələrinin təhlükələri barədə xəbərdarlıq edib.
Bu gün həmin tezis daha da aktuallaşıb. Ümumdünya Ticarət Təşkilatı qlobal ticarət siyasətində gərginliyin artdığını göstərir və xəbərdarlıq edir ki, dünya iqtisadiyyatının geosiyasi bloklar üzrə dərin parçalanması uzunmüddətli perspektivdə qlobal ÜDM-in təxminən 7 faizinə yaxın itkilərlə nəticələnə bilər.
Açıqlığın iqtisadi mahiyyəti aydındır: müasir istehsal müxtəlif ölkələrdən xammalı, texnologiyaları, kapitalı və komplektləşdirici hissələri birləşdirən beynəlxalq dəyər zəncirləri üzərində qurulur. Bu zəncirlər arasındakı maneələr nə qədər yüksək olarsa, istehsal bir o qədər bahalaşır, innovasiyaların yayılması isə bir o qədər ləngiyir.
Bununla yanaşı, XXI əsrdə açıqlıq artıq yalnız tariflərin azaldılması ilə məhdudlaşmır. Bu, təchizat zəncirlərinin dayanıqlılığını, texnoloji və rəqəmsal riskləri, iqlim tələblərini və faydaların daha ədalətli bölüşdürülməsini də nəzərə almalıdır. Məhz buna görə Si Cinpinin qloballaşmadan imtina etməmək, əksinə, onu daha açıq, inklüziv və balanslı etmək çağırışı xüsusi əhəmiyyət daşıyır.
Bu mənada Çinin iqtisadi strategiyası özündə iki prinsipi birləşdirir: öz dayanıqlılığını artırmaq və eyni zamanda dünya iqtisadiyyatına dərin inteqrasiyanı qoruyub saxlamaq. Söhbət müstəqilliklə qarşılıqlı asılılıq arasında seçim etməkdən deyil, ticarətdən, investisiyalardan və beynəlxalq texnoloji mübadilədən imtina etmədən xarici şoklara tab gətirmək qabiliyyətindən gedir.
***
Nəzərdən keçirilən istiqamətlər daha geniş nəticə çıxarmağa imkan verir: Si Cinpinin dünya iqtisadiyyatına töhfəsini yalnız Çinin qlobal ÜDM-ə nə qədər əlavə dəyər qazandırması ilə ölçmək olmaz. Daha mühüm olan Çin təsirinin xarakterinin özünün dəyişməsidir.
Çinin enerji dayanıqlılığı xarici şokları yumşaltmağa qadirdir, süni intellektin inkişafı texnoloji və qiymət rəqabətini gücləndirir, yaşıl texnologiyaların kütləvi istehsalı enerji keçidinin dəyərini azaldır, "Kəmər və Yol" nəqliyyat bağlantılarının coğrafiyasını dəyişir, yeni inkişaf institutları və Qlobal İnkişaf Təşəbbüsü isə Qlobal Cənub ölkələrinin imkanlarını genişləndirir.
Şübhəsiz ki, bu nəticələrin arxasında Çin dövlətinin və Çin Kommunist Partiyasının fəaliyyəti, milyonlarla əməkçinin, alimin və sahibkarın səyləri, həmçinin əvvəlki onilliklər ərzində formalaşmış potensial dayanır. Lakin Çin liderinin strateji töhfəsi prinsipial əhəmiyyət daşıyır: nəzərdən keçirilən istiqamətlərin bir çoxu məhz onun tərəfindən birbaşa irəli sürülüb, onun rəhbərliyi dövründə ən yüksək siyasi prioritet statusu qazanıb və ya Çin modernləşməsinin vahid modelində birləşdirilib.
Hazırkı mərhələnin ən mühüm xüsusiyyəti və Si Cinpinin tarixi rolu da məhz bundan ibarətdir: Çin artıq dünyaya yalnız öz iqtisadiyyatının miqyası ilə deyil, həm də inkişaf modelinin strukturu ilə təsir göstərir. Texnologiyaların seçimi, istehsal güclərinin yaradılması, infrastrukturun maliyyələşdirilməsi, enerji dayanıqlılığının möhkəmləndirilməsi və təklif olunan beynəlxalq əməkdaşlıq modelləri digər dövlətlərin iqtisadi imkanlarına getdikcə daha nəzərəçarpacaq dərəcədə təsir göstərir.
Azərbaycan üçün bu, dünya iqtisadiyyatının növbəti mərhələsini formalaşdıracaq proseslərdə - nəqliyyat əlaqələrinin inkişafında, təmiz energetikada, rəqəmsal transformasiyada, texnoloji əməkdaşlıqda və yeni Avrasiya istehsal zəncirlərinin qurulmasında iştirak üçün yeni imkanlar açır.
Nəticə etibarilə, Si Cinpinin dünya iqtisadiyyatına töhfəsi yalnız Çinin güclənməsində deyil, həm də ölkənin daxili inkişafının getdikcə daha çox xarici iqtisadi effektlər yaratmasında özünü göstərir. Əgər Çinin yüksəlişinin əvvəlki mərhələsi ilk növbədə dünya iqtisadiyyatının miqyasını genişləndirirdisə, hazırkı mərhələ artıq onun fəaliyyət mexanizmlərinə, yəni texnologiyaların dəyərinə, investisiya axınlarına, nəqliyyat coğrafiyasına, enerji keçidinə və qlobal inkişaf anlayışının özünə getdikcə daha nəzərəçarpacaq təsir etmiş olur.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Tayland viza rejimini sərtləşdirir: Azərbaycan siyahıda qaldı
-
Si Cinpin və dünya iqtisadiyyatının yeni arxitekturası - (Foto)
-
Honda və Nissan əməkdaşlıq edəcək
-
Rusiyada miqrantlarla bağlı yeni qayda: Müayinə müddəti 30 günə endirildi
-
İspaniyada isti hava 5 mindən çox insanın ölümünə səbəb oldu
-
“Rusiya tərəfindən müsbət siqnallar alırıq” - Mirzoyan
XƏBƏR LENTİ
-
Bakıda 37 yaşlı kişini "tok" vurub öldürdü
-
Kürdəmirə oğurluğa girən şəxs 7 min manatlıq qızılları satıb maşın aldı
-
"Alya": "Heç bir estetik əməliyyatım yoxdur" - (Video)
-
Azərbaycan-İran münasibətlərinin inkişaf perspektivləri müzakirə edilib
-
Azərbaycanda bir gündə 46 cinayətin üstü açıldı
-
Azərbaycanda hava bağlı son məlumat
-
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir - (Foto)
-
Tayland viza rejimini sərtləşdirir: Azərbaycan siyahıda qaldı
-
Maykl Cordanın 25 ildir heç kimin görmədiyi “Ferrari”si hərraca çıxarılır - (Fotolar)
-
Azərbaycan Rəqəmsal Əməkdaşlıq Təşkilatına üzv qəbul edilib
-
Si Cinpin və dünya iqtisadiyyatının yeni arxitekturası - (Foto)
-
Pulunuz evdə gözləməsin, sizə hər gün gəlir gətirsin
-
Bu tarixədək leysan yağacaq - Xəbərdarlıq
-
Honda və Nissan əməkdaşlıq edəcək
-
Azərbaycanda "su qiymətinə" avtomobillər satışa çıxarılır - 500 manatdan başlayan qiymətlərlə...
-
“Qızıl top”un sahibi bu tarixdə bəlli olacaq
-
Şəkidə oteldə yanğın oldu
-
Paşa Şirinov vəfat etdi
-
Bitcoin və əsas kriptovalyutalar bahalaşdı
-
Kənan Yıldız əməliyyat olundu – “Yuventus”dan açıqlama
-
Bişkekdə Prezident İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla görüşü olub - (Yenilənib/Foto)
-
Rusiyada miqrantlarla bağlı yeni qayda: Müayinə müddəti 30 günə endirildi
-
"Kurtlar vadisi"nin aktyoru yeni serialda - (Foto)
-
Bişkekdə ŞƏT-in növbəti sammiti keçirilir





