İdman

“Qızıl top”un sahibi bu tarixdə bəlli olacaq

1 Sentyabr 2026 10:00
Baxış: 292
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Futbol dünyasının ən prestijli fərdi mükafatlarından biri hesab olunan "Qızıl top"la bağlı builki mərasimin detalları açıqlanıb.

Milli.Az xəbər verir ki, "France Football"un məlumatına görə, 2025/26 mövsümünün nəticələrinə əsasən müxtəlif nominasiyalar üzrə namizədlərin adları sentyabrın 8-də ictimaiyyətə təqdim ediləcək.

"Qızıl top"un təqdimat mərasimi isə oktyabrın 26-da Londonda keçiriləcək. Bu il təşkil olunacaq tədbir mükafatın 70-ci təqdimat mərasimi olacaq.

Sentyabrın 8-də kişilər və qadınlar arasında "Qızıl top" üçün 30 namizəd açıqlanacaq. Həmçinin digər kateqoriyalar üzrə də qısa siyahılar təqdim ediləcək:

İlin ən yaxşı gənc futbolçusu: kişilər üzrə 10, qadınlar üzrə 5 namizəd;

İlin ən yaxşı qapıçısı: kişilər üzrə 10, qadınlar üzrə 5 namizəd;

İlin ən yaxşı məşqçisi: kişilər və qadınlar üzrə 5 namizəd;

İlin ən yaxşı hücumçusu: kişilər üzrə 10, qadınlar üzrə 5 namizəd;

İlin ən yaxşı klubu: kişilər və qadınlar üzrə 5 klub.

Mükafat uğrunda əsas favoritlər sırasında Lamin Yamal, Harri Keyn, Kilian Mbappe, Maykl Olise və Xviça Kvaratsxeliya göstərilir. Ötən il "Qızıl top"a sahib olan PSJ və Fransa millisinin hücumçusu Usman Dembele də titulunu qorumağa çalışacaq.

Qeyd edək ki, "Qızıl top" mükafatı 1956-cı ildə "France Football"un keçmiş baş redaktoru Qabriel Ano tərəfindən təsis olunub. İlk qalib ingiltərəli Stenli Mettyuz olub. Mükafatı ən çox qazanan futbolçu isə 8 dəfə bu ada layiq görülən Lionel Messidir.

1995-ci ildən etibarən mükafatın verilməsi üçün milliyyət məhdudiyyəti aradan qaldırılıb, 2007-ci ildən isə coğrafi məhdudiyyətlər də ləğv edilib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.