Fransa prezidenti Emmanuel Makron Yelisey Sarayında Yeni Kaledoniyanın institusional gələcəyinə dair keçirilən toplantıda eynəklə diqqət çəkib.
Milli.Az-ın məlumatına görə, "Le Parisien" nəşri bildirir ki, dövlət başçısı görüş zamanı bunun səbəbinə də aydınlıq gətirib. O, kiçik bir narahatlıq yaşadığını və bu səbəbdən müəyyən müddət eynək taxmalı olacağını deyərək iştirakçılardan anlayış gözlədiyini vurğulayıb.
Görüş çərçivəsində Makron Yeni Kaledoniyanın institusional quruluşu ilə bağlı müzakirələrin yenidən başlanmasının vacibliyini qeyd edib. Prezident bildirib ki, Fransa dövləti bölgədə institutların sabitliyini təmin etmək istəyir və bu prosesi hörmətə əsaslanan, zorakılıqdan uzaq yanaşma ilə davam etdirmək niyyətindədir.
Xatırladaq ki, yanvarın 15-də Emmanuel Makron İstr aviabazasında hərbçilərlə görüş zamanı gözü qızarmış vəziyyətdə ictimaiyyət qarşısına çıxmışdı. Yerli medianın yazdığına görə, bu görüntü Fransa cəmiyyətində narahatlıq yaradıb. Prezident isə vəziyyəti yumorla qarşılamağa çalışıb.
Sosial şəbəkələrdə isə bəzi istifadəçilər Makronun gözündəki vəziyyətlə bağlı fərqli ehtimallar irəli sürərək, bunun həyat yoldaşı Bricit Makronla əlaqəli ola biləcəyini iddia ediblər.
Asya
Milli.Az





