Dünya

Məşhur serialda Maduro və Venesuela DETALI - illər öncə hər şeyi biliblər - VİDEO

8 Yanvar 2026 10:45
Baxış: 1 340
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Məşhur "Jack Ryan" serialı yenidən diqqət mərkəzinə düşüb.

Milli.Az xəbər verir ki, ekran işində Venesueladakı baş verən son hadisələr öncədən təxmin edilir.

Serialda obrazı canlandıran aktyor ABŞ və dünya üçün ən böyük təhlükənin Rusiya ilə Çinin yaxud Şimali Koreyanın deyil məhz Venesuelanın olduğunu bildirir. Bundan başqa dünyada ən zəngin neft və qızıl mədənlərinin də sözügedən ölkədə olduğu xüsusi diqqətlə vurğulanır.

Amerikanın ən məşhur "Jack Ryan" serialında Venesuela ilə bağlı detal hər kəsi təəccübləndirib. John Krasinskinin canlandırdığı obrazın çıxışı zamanı səsləndirdiyi "Venesuela, mübahisəsiz şəkildə planetin ən böyük neft və mineral ehtiyatlarına malik ölkəsidir" sözləri gündəm olub.

John Krasinskinin oynadığı Cek Rayan obrazının bu fikirləri səsləndirdiyi səhnə serialın illər sonra yenidən diqqət mərkəzinə düşməsinə səbəb olub. Həmin çıxışda Cek Rayan ABŞ-nin Venesuelaya müdaxilə edəcəyini öncədən proqnozlaşdırırdı.

Tom Clancy'nin "Jack Ryan" serialından olan bu səhnə baş qəhrəmanın Venesuelanın siyasi gələcəyi ilə bağlı verdiyi dəyərləndirmələrə görə sosial şəbəkələrdə sürətlə yayılaraq viral olub.

Amazon Prime platformasında yayımlanan məşhur aksiyon serialı "Jack Ryan" Venesuela səhnələri ilə diqqət çəkib. Serialda ölkə "batıq dövlət" adlandırılır, Nikolas Maduro isə "Nicolás Reyes" adlı obraz üzərindən hədəf göstərilir. Neft və qızıl yataqları, Rusiya və Çin amili fonunda Venesuelanın ABŞ üçün ən böyük təhlükə olduğu işlənir.

Maduronun saxlanılması ilə bağlı proseslər davam edərkən, məşhur xarici aksiyon serialı "Jack Ryan"dakı Venesuela səhnələri yenidən diqqət mərkəzinə düşüb.

Tom Clancy-nin roman personajından uyğunlaşdırılan və CIA-da analitik kimi çalışan "Jack Ryan" obrazının macəralarını izah edən serialın 2-ci mövsümündə Venesuela mövzusu geniş yer tutur.

Hollivudun tanınmış aktyoru Con Krasinskinin baş rolda çəkildiyi serialda Venesuela "ABŞ üçün ən böyük təhlükə" kimi təqdim edilir.

"BUNLARI XƏBƏRLƏRDƏ EŞİTMƏZSİNİZ"

İkinci mövsümdə süjet Venesueladakı prezident seçkiləri ətrafında qurulur. Ölkədə avtoritar meyillər göstərən bir idarəetmənin olduğu, seçkilərin ədalətli keçirilmədiyi və müxalifətin təzyiq altında saxlanıldığı vurğulanır.

Jack Ryan seçki prosesinə kənardan müdaxilələrdən və pərdəarxası qaranlıq əlaqələrdən şübhələnir. Bu nöqtədən sonra Venesuela təkcə yerli böhran zonası deyil, beynəlxalq kəşfiyyat oyunlarının mərkəzinə çevrilir.

"Jack Ryan" serialının 2-ci mövsümünün ilk səhnəsi təqdimatla başlayır. Təqdimatda Ryan CIA əməkdaşlarına təlim keçir. Rusiya və Çinlə bağlı bir xəbəri izlədikdən sonra sual verir:
"Dünya səhnəsinin ən böyük təhlükəsi sizcə hansıdır?"

Rusiya, Çin, Şimali Koreya cavablarından sonra "Venesuela" deyir və davam edir:

"Hamı Venesueladan razıdır? Təhlükə yoxdur? Yaxşı. O zaman sizə bunu soruşum: bu bölgələrdən hansında planetin ən böyük neft yataqları var? Səudiyyə Ərəbistanından, İrandan belə çox. Vay! Yaxşı, bəs qızıl? Afrikanın bütün mədənlərindən də çoxdur. Əslində Venesuela mübahisəsiz şəkildə planetin yeganə və ən böyük benzin və mədən mənbəyidir. Bəs bu ölkə niyə müasir tarixin ən böyük humanitar böhranlarından birini yaşayır?

Gəlin Prezident Nikolas Reyeslə tanış olaq. Milliyyətçi dalğa ilə hakimiyyətə gəldikdən sonra cəmi 6 il ərzində bu adam milli iqtisadiyyatı yarıbayarı çökdürdü. Yoxsulluq səviyyəsini isə demək olar ki, 400% artırdı".

Serialın süjetində Venesuela hökuməti korrupsiya, silah sövdələşmələri və gizli maliyyə şəbəkələri ilə əlaqələndirilir.

"Jack Ryan" və CIA Venesuelada üzə çıxan qeyri-qanuni silah daşınmalarının təkcə daxili təhlükəsizliyi deyil, ABŞ və region ölkələrini də təhdid edə biləcək səviyyəyə çatdığını anlayır.

Serialda Nikolas Maduro və onun rəqibi Maçado fərqli adlarla təqdim olunur.

BATIQ DÖVLƏT VENESUELA

"Jack Ryan" serialının 2-ci mövsümündə önə çıxan obrazlardan biri Markus Bişopdur (Covan Adepo). Bişop keçmişdə Venesuelada xidmət etmiş bir əsgərdir və bölgədə yaşanan xaosun hansı fəsadlara yol açdığını təmsil edir.

Onun hekayəsi vasitəsilə serialda siyasi böhranların təkcə dövlətlərarası deyil, insan həyatına vurduğu dağıdıcı təsir də göstərilir. Xalqın yaşadığı qorxu, təzyiq və qeyri-müəyyənlik arxa planda tez-tez hiss etdirilir.

Serialda ölkənin vəziyyəti və seçki prosesi Nikolas Maduronun təmsil olunduğu "Nikolas Reyes" və Maçadonun təmsil olunduğu fəal namizəd "Qloriya Bonalde" üzərindən belə izah olunur:

"Bəs onun qarşısına kim çıxacaq? Bu Qloriya Bonaldedir. Qloriya aktivistliyi seçmiş bir tarix professorudur.

Sosial Ədalət platforması ilə prezidentin qarşısına çıxıb və onun gücü, mənim sadə fikrimcə, çirkabın bir parçası olmamasıdır. Analitiklərin bugünkü proqnozlarına görə, Venesuela iqtisadiyyatının tam çökmə ehtimalı 87%-dir. Xəbərlərdə buna 'böhran' deyirlər. Amma dünya səhnəsində buna batıq dövlət deyilir.

Əgər bu termini ilk dəfə eşidirsinizsə, yaxın tariximizdə digər batıq dövlətlər Yəmən, İraq və Suriyadır.

Daha pis bir xəbər də var. Venesuela yeni nəsil nüvə raketlərinə sahib olan və Amerikadan cəmi 30 dəqiqəlik məsafədə yerləşən yeganə ölkədir.

Bunları xəbərlərdə görə bilməzsiniz. Çünki dünya səhnəsinin ən böyük oyunçuları sizin bunları görməyinizi istəmirlər.

Onlar üçün batıq dövlətlər sadəcə böyük fürsət qapılarıdır. Yəni Rusiya və Çin heç vaxt daha böyük təhlükə yaratmır. Venesuela kimi ölkələr həyətimizə açılan arxa qapılarını bağlı saxlamadıqları müddətcə."

Bundan əlavə, serialda Venesuela qlobal güclərin maraq toqquşması yaşadığı bir məkan kimi təqdim olunur.

ABŞ, CIA və digər aktorlar; rejim dəyişikliyi, seçki təhlükəsizliyi və regional sabitlik kimi mövzular çərçivəsində ölkədəki prosesləri yaxından izləyirlər. Bu kontekstdə Venesuela serialda artıq "tək bir ölkə" olmaqdan çıxır, Latın Amerikasındakı balanslara təsir edən strateji bir mərkəzə çevrilir.

Bildirək ki, "Tom Clancy's Jack Ryan" (qısaca Jack Ryan) - Tom Clancy tərəfindən yaradılmış və 31 avqust 2018-ci ildə Amazon Prime Video platformasında premyerası baş tutmuş, uydurma "Ryan Kainatı" personajlarına əsaslanan ABŞ istehsalı siyasi triller və aksiyon serialıdır. Serial Carlton Cuse və Graham Roland tərəfindən yaradılıb. Carlton Cuse John Krasinski, Michael Bay və Mace Neufeld də daxil olmaqla bir qrup yaradıcı ilə birlikdə icraçı prodüser kimi çıxış edir. John Krasinski serialda baş qəhrəman Cek Rayan rolunu canlandırır və bu, onu film seriyasında Alec Baldwin, Harrison Ford, Ben Affleck və Chris Pine-dan sonra Cek Rayan obrazını canlandıran beşinci aktyor edir.

2018-ci ildə yayımlanmağa başlayan serial 2023-cü ildə nümayiş etdirilən dördüncü mövsümdən sonra başa çatıb. Michael Peña-nın Dinq Çaves rolunda çəkiləcəyi spin-off layihəsi isə hazırda istehsal mərhələsindədir.

Serialın süjetinə görə, CIA analitiki Cek Rayan və onun yeni rəhbəri Ceyms Qrir şübhəli maliyyə əməliyyatlarını izləyərkən özlərini ABŞ və müttəfiqlərinə qarşı genişmiqyaslı hücum planlaşdıran terrorçu liderlə Avropa və Yaxın Şərqdə baş verən ölümcül "pişik-siçan" oyununun mərkəzində tapırlar.

İkinci mövsümdə Venesuela cəngəlliklərində baş verən şübhəli bir çatdırılmanı izləyən Cek Rayan araşdırma aparmaq üçün Cənubi Amerikaya yollanır. Cekin böyük bir sui-qəsdi üzə çıxara biləcəyini anlayan Venesuela prezidenti ona qarşı hərəkətə keçir. Bu isə Ceki prezidentin planlarını pozmaq və xaos həddinə çatmış ölkəyə sabitlik gətirmək məqsədilə ABŞ, Böyük Britaniya, Rusiya və Venesuelanı əhatə edən genişmiqyaslı bir missiyaya sürükləyir.

Üçüncü mövsümdə Cek Avropanın müxtəlif bölgələrində zamanla yarışaraq Rusiya dövlətinin daxilindəki bir qrupun Sovet İmperiyasını yenidən bərpa etməsinin və üçüncü dünya müharibəsini alovlandırmasının qarşısını almağa çalışır.

Dördüncü və final mövsümündə CIA-nin yeni direktor müavini təyin olunan Cek Rayan qurumun daxilindəki korrupsiyanı üzə çıxarmaq vəzifəsini alır. Araşdırma dərinləşdikcə o, bir narkotik karteli ilə terror təşkilatı arasında təhlükəli əlaqənin mövcud olduğunu aşkar edir. Qarşılaşdığı həqiqət həm ölkəsinə son dərəcə yaxın olur, həm də onun qorumaq uğrunda mübarizə apardığı sistemə olan inancını ciddi şəkildə sınağa çəkir.

Qeyd olunanlar yenidən ekran işinin izləyicilərin müzakirəsinə səbəb olub.

Hüseyn
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.