Dünya

İran PUA texnologiyalarını Ermənistana ötürüb? – Eyni dron İrəvanda istehsal olunur

17 Noyabr 2026 19:09
Baxış: 95
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Ermənistan pilotsuz uçuş aparatlarının (PUA) istehsalını sürətləndirir. Ölkənin "Davaro" şirkəti tərəfindən hazırlanan "Vişap-1" və "Vişap-2" adlı uzunmənzilli pilotsuz uçuş aparatlarının təqdimat görüntüləri isə İrəvanla Tehran arasında dron texnologiyalarının ötürülməsinə dair suallar yaradıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, şirkətin direktoru David Qaloyanın təqdim etdiyi "Vişap-1" və "Vişap-2" aparatlarının xarici görünüşü və konstruktiv xüsusiyyətləri İranın istehsal etdiyi "Shahed-136" kamikadze PUA-sı ilə bir çox oxşarlıqlara malikdir.

Bu oxşarlıq İranın Ermənistana hərbi texnologiya ötürməsi və iki ölkə arasında müdafiə sənayesi əməkdaşlığı məsələsini yenidən gündəmə gətirir. Ümumiyyətlə, bundan əvvəl də İranın hərbi texnologiyalarını və texnikasını Ermənistana ötürməsinə dair məlumatlara rast gəlinirdi. Həmin iddiaların bəziləri zamanla öz təsdiqini tapmışdı.

Məsələn, İran-Ermənistan hərbi əlaqələrinin real nümunələrindən biri 2026-cı il mayın 28-də İrəvanda keçirilən hərbi paradda nümayiş etdirilən silahlardır. Həmin paradda İran istehsalı olan AD-08 "Majid" qısamənzilli hava hücumundan müdafiə sistemi nümayiş etdirilib və Ermənistan tərəfi bu sistemi "Skorpion" adı ilə təqdim edib.

"Majid" aşağı hündürlükdə uçan təyyarələri, helikopterləri və pilotsuz uçuş aparatlarını məhv etmək üçün nəzərdə tutulub. Bu sistemin Ermənistana tədarükü İranın ölkənin hərbi arsenalında yer aldığını göstərən mühüm nümunədir.

2024-cü ilin iyulunda İran mediasında İranla Ermənistan arasında 500 milyon dollarlıq silah müqaviləsi imzalandığını da iddia edilmişdi. Məlumatda "Shahed-136", "Shahed-129", "Shahed-197" və "Mohajer" PUA-ları, eləcə də "3-cü Xordad", "Majid", "15-ci Xordad" və "Arman" hava hücumundan müdafiə sistemlərinin adları çəkilmişdi. Ermənistan Müdafiə Nazirliyi və İranın İrəvandakı səfiri həmin müqavilə barədə məlumatları təkzib etsə də, son görüntülər bu mövzu ilə bağlı açıq suallar qoyur.

Qeyd olunmalıdır ki, Ermənistan təkcə xaricdən silah almaqla kifayətlənmir, yerli hərbi sənayesini də inkişaf etdirir. Bu istiqamətdə "Davaro" şirkəti ilə yanaşı, digər yerli istehsalçılar da pilotsuz sistemlərin hazırlanması ilə məşğuldur. 2026-cı ildə keçirilən RISE müdafiə sənayesi sərgisində Ermənistan şirkətlərinin zərbə, kəşfiyyat və kamikadze dronları, eləcə də pilotsuz yerüstü sistemləri nümayiş etdirilib.

Bu il mayın 28-də keçirilən hərbi paradda da Ermənistan istehsalı olan müxtəlif PUA-lar nümayiş etdirilib. Bununla yanaşı, İrəvan Hindistan, Fransa, Çin, İran və ABŞ daxil olmaqla müxtəlif ölkələrdən hərbi texnika əldə etməklə arsenalını genişləndirir. Paradda Çin istehsalı CH-4 uzaqmənzilli PUA-ları, ABŞ istehsalı M2 pulemyotları, Fransa istehsalı artilleriya və zirehli texnika da göstərilib.

Beləliklə, Ermənistanın hərbi sənayesində pilotsuz uçuş aparatlarının istehsalı sürətlənir. "Vişap-1" və "Vişap-2" aparatlarının "Shahed-136" ilə oxşarlığı, İran istehsalı "Majid" sisteminin Ermənistan arsenalında nümayiş etdirilməsi isə Tehran-İrəvan hərbi-texniki əlaqələrinin sıxlaşdığını göstərir.

Xatırladaq ki, "Shahed-136" İranın hazırladığı, uzaq məsafədəki hədəfləri vurmaq üçün nəzərdə tutulan kamikadze PUA-sıdır. Təxminən 200 kiloqramlıq döyüş başlığı daşıya bilən bu aparatın uçuş məsafəsi müxtəlif versiyalardan asılı olaraq 1 000 kilometrdən artıqdır. Rusiya da bu texnologiyadan istifadə edir və həmin dronları "Geran-2" adı ilə istehsal edir.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.