Braziliyanın Aviasiya Qəzalarının Araşdırılması və Qarşısının Alınması Mərkəzinin (CENIPA) nümayəndələri Aktau şəhərində baş vermiş təyyarə qəzasını araşdırmaq üçün Qazaxıstana gəliblər.
Milli.Az xəbər verir ki, bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyindən bildirilib.
"Dekabrın 28-də CENIPA-nın araşdırma üzrə səlahiyyətli nümayəndələri Aktau şəhərinə gəliblər.
Araşdırma Komissiyasının qərargahında keçirilmiş iclasda aviasiya hadisəsi yerində birgə vəzifələr müəyyən edilib", - deyə nazirliyin bəyanatında qeyd olunub.
Qeyd edək ki, CENIPA mülki aviasiyada aviasiya qəzalarının araşdırılması üzrə səlahiyyətli orqandır.
Xatırladaq ki, dekabrın 25-i Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.
Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.
Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfər Azərbaycan Respublikasının, 8 nəfər Rusiya Federasiyasının, 3 nəfər Qırğızıstan Respublikasının vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti, hələlik müəyyən edilməyib.
Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb.
26 dekabr tarixində Azərbaycana 14 yaralı və 4 nəfərin cəsədi gətirilib.
Təyyarənin "qara qutu"su artıq aşkar edilib və onun beynəlxalq aviasiya konvensiyalarına uyğun olaraq təhlili üçün prosedurlar aparılır. Hazırda qəzanın səbəbləri araşdırılır. Bütün zəruri tədqiqatlar və məlumatların təhlili başa çatdıqdan sonra yekun nəticələr açıqlanacaq.
Milli.Az