Cəmiyyət

"Nobel"ə namizədliyi verilən Azərbaycan şairi: Məmməd İsmayıl kimdir? - BİOQRAFİYA

19 Avqust 2025 20:33
Baxış: 692
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bu gün Azərbaycanın tanınmış şairi Məmməd İsmayıl vəfat etdi.

Milli.Az lent.az-a istinadən "Bioqrafiya" rubrikasında Məmməd İsmayıl haqqında məlumatı təqdim edir.

- Məmməd İsmayıl kimdir?

Məmməd İsmayıl tanınmış Azərbaycan şairidir.

- Məmməd İsmayıl harada və nə vaxt anadan olub?

Məmməd İsmayıl 1939-cu ildə Azərbaycan Respublikasının Tovuz rayonunun Əsrik-Cırdaxan kəndində dünyaya gəlib.

- Onun ilk təhsili harada başlayıb və necə davam edib?

1957-ci ildə Əsrik-Cırdaxan kənd orta məktəbini bitirib. Daha sonra 1964-cü ildə Azərbaycan Dövlət Universitetini, 1975-ci ildə isə Moskvada SSRİ Yazıçılar İttifaqı nəzdindəki Ali Ədəbiyyat kursunu başa vurub.

- Məmməd İsmayıl hansı elmi dərəcələrə sahib olub?

1998-ci ildə filologiya elmləri namizədi elmi dərəcəsini alıb. 2013-cü ildə isə Türkiyənin Çanaqqala On Səkkiz Mart Universitetində professor adına layiq görülüb.

- İlk əmək fəaliyyəti harada başlayıb?

1966-cı ildən Azərbaycan Dövlət Radio və Televiziya Komitəsində redaktor, böyük redaktor və şöbə müdiri vəzifələrində çalışıb.

- Jurnalistika və mətbuat sahəsində hansı vəzifələrdə olub?

1975-1976-cı illərdə "Ədəbiyyat və incəsənət" qəzetində müxbir, 1988-1992-ci illərdə isə "Gənclik-Molodost" jurnallarının baş redaktoru olub.

- Kino sahəsi ilə əlaqəsi olubmu?

Bəli, 1976-1980-ci illərdə "Azərbaycanfilm" studiyasının Elmi-kütləvi sənədli filmlər birliyində baş redaktor vəzifəsində çalışıb.

- Nəşriyyatlarda fəaliyyəti necə olub?

1980-1983-cü illərdə "Yazıçı" nəşriyyatında şöbə müdiri və baş redaktorun müavini, 1983-1987-ci illərdə isə "İşıq" nəşriyyatının direktoru olub.

- Gənclər və ədəbiyyat sahəsində hansı təşəbbüslərdə iştirak edib?

1983-1992-ci illərdə Respublika Komsomolu yanında "Gənclik Ədəbi Birliyi"nin rəhbəri kimi gənc yazıçıların formalaşmasında mühüm rol oynayıb.

- Onun ictimai-siyasi fəaliyyəti necə olub?

1989-1993-cü illərdə Xalq Hərəkatında iştirak edib, "Demokratik Qüvvələr Birliyi"nin həmsədri olub. 1992-1993-cü illərdə isə "Azərbaycan Televiziya və Radio Verilişləri" şirkətinin idarə heyətinin sədri olub.

- Türkiyədə hansı işlər görüb?

1995-1996-cı illərdə "TİKA" və "Türk Dil Qurumu"nun birgə lüğət layihəsində ekspert olub. 1996-cı ildən isə Çanaqqala On Səkkiz Mart Universitetində professor kimi çalışıb.

- Ədəbi yaradıcılığa nə vaxt başlayıb?

O, 14 yaşından şeir yazmağa başlayıb və 1970-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

- Hansı beynəlxalq təşkilatlarda üzv olub?

"Avrasiya Yazarlar Birliyi"nin qurucu üzvü, Bogdani Beynəlxalq Yazarlar Birliyinin vitse-prezidenti, "Uluslararası Sanatçılar ve Gazeteciler" birliyinin Türkiyə təmsilçisi olub.

- Onun əsərləri hansı dillərə tərcümə olunub?

Əsərləri 50-dən çox dünya dilinə tərcümə olunub.

- Nobel mükafatına namizədliyi olubmu?

Bəli, 2018-ci ildə Rumıniyanın "Mihail Eminescu Akademiyası" tərəfindən əsərləri Nobel mükafatına təqdim olunub.

- Beynəlxalq tədbirlərdə iştirakı necə olub?

O, dünyanın 30-dan çox ölkəsində keçirilən şeir festivallarında və konfranslarda Azərbaycan və Türk ədəbiyyatını təmsil edib.

- Ən məşhur şeirlərindən hansılarıdır?

"Adım", "Apar məni", "Burda bir şəhər yatır", "Yatan mənalar", "Döyüş, Qələbə", "Yaşıldı gözümdə dünyanın əksi" kimi şeirləri geniş tanınır.

- Onun adına təsis edilən mükafat varmı?

Bəli, Türkiyədə "Mehmet İsmayıl Ədəbiyyat Ödülü" təsis olunub (2018). Həmçinin 2023-cü ildə "Uluslararası Prof. Dr. Mehmet İsmayıl Şiir Yarışması" elan olunub.

- Neçə kitab və məqaləsi çap olunub?

Azərbaycan, Türk, Fransız, Rus, Macar, Qazax və başqa dillərdə 40-dan çox kitabı, 300-dən çox məqaləsi nəşr olunub. Onun 50-dən çox şeirinə musiqi bəstələnib.

- Hansı fəxri ad və mükafatlara layiq görülüb?

O, "Qızıl qələm", SSRİ Ostrovski mükafatı, SSRİ Xalq Təsərrüfatı sərgisinin gümüş medalı, Türkiyə Yazarlar və Sanatkarlar Vakfının "Türk Dünyasına Hizmet" mükafatı, S. Yesenin adına "Qızıl payız" medalı və onlarla beynəlxalq mükafata layiq görülüb.

- Məmməd İsmayıl nə vaxt vəfat edib?

O, 19 avqust 2025-ci ildə dünyasını dəyişib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.