Braziliyada sərnişin avtobusu ilə yük maşınının toqquşması 22 nəfərin həyatına son qoyub.
Milli.Az xəbər verir ki, Minas Gerais ştatında, Braziliyanın cənub-şərqində baş verən ağır yol qəzasında, sərnişin avtobusu ilə yük maşınının toqquşması nəticəsində 22 nəfər həyatını itirib.
21 dekabr 2024-cü il, şənbə günü, səhər saatlarında baş verən qəza Teofilo Otoni şəhəri yaxınlığında BR-116 şosesində qeydə alınıb. Yerli yanğınsöndürmə xidmətinin məlumatına görə, hadisə yerinə dərhal xilasedici qruplar cəlb olunub və 13 nəfər yaxınlıqdakı xəstəxanalara çatdırılıb.
Avtobusun São Paulo şəhərindən yola çıxdığı və içərisində 45 sərnişinin olduğu bildirilir. Rəsmi məlumata görə, avtobusun şini partlayıb, nəticədə sürücü idarəetməni itirərək yük maşını ilə toqquşub. Bundan başqa, üç sərnişin olan bir avtomobil də avtobusla toqquşub, lakin həmin avtomobildə olan bütün sərnişinlər sağ qalıb.
Minas Gerais Yanğınsöndürmə Xidmətinin leytenantı Alonso qeyd edib ki, hadisə yerində xilasedici qrupların işi davam edir və hələ də daha çox qurbanın çıxarılması gözlənilir.
Lalə Qüdrətova
Milli.Az