Dünya

Putin artıq yükdən xilas oldu: Paşinyan niyə sevinir?

12 Oktyabr 2024 07:00
Baxış: 556
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hakimiyyət nümayəndələri bir-birinə aman vermədən sevincli xəbəri elan edirlər. Nikol Paşinyan Moskva səfəri zamanı çox ciddi uğur qazana bilib. 2025-ci il yanvarın 1-dən Ermənistan-İran və Ermənistan-Türkiyə dövlət sərhədlərinin mühafizəsində, Ermənistan-İran dövlət sərhədinin nəzarət-sərhəd məntəqəsində xidmətdə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları da iştirak edəcək. Bu Ermənistanın, yoxsa Rusiyanın uğurudur? Bu razılaşma nəticəsində Ermənistan hansı mühüm nailiyyət əldə edib?

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu sözləri erməni politoloq Avetis Babacanyan deyib.

Onun sözlərinə görə, ola bilsin ki, Ermənistan-İran sərhədinin buraxılış məntəqəsində Rusiyanın hansısa marağı olub:

"Bəs Rusiya, məsələn, Ermənistan-Türkiyə sərhədinin mühafizəsini təşkil etməklə nə qazanır? Heç nə! Əksinə, Rusiya illərdir ki, öz sərhədçilərinə maaş vermək, sərhəd infrastrukturunu yaxşı vəziyyətdə saxlamaq və digər zəruri tədbirlər üçün milyonlarla dollar xərcləyir. Bu illər ərzində maddi ziyandan başqa Rusiyaya heç bir şey əldə etməyib. Ona görə də Rusiya Ermənistan sərhədini qorumaq kimi ağır maliyyə yükündən tədricən xilas olur".

Babacanyan qeyd edib ki, Rusiya uzun illərdir bu lazımsız xərci azaltmaq üçün müəyyən addımlar atırdı: erməniləri sərhəd mühafizəsinə müqaviləli şəkildə cəlb edirdi, çünki ermənilərin sərhəddə xidmət etməsi Rusiya Sərhəd Xidmətinin yükünü azaldırdı - onlara ev almağa, kommunal xərclərini ödəməyə, üstəlik, ailələrini yerləşdirməyə ehtiyac olmurdu:

"Buna görə də yüksək rütbəli zabitlər və rəhbərlik ruslar olsa da, sərhədçilərin əksəriyyəti ermənilər idi. İndi bir neçə erməni rəhbərliyə gətiriləcək, sərhəd infrastrukturunun bütün xərcləri Ermənistanın üzərinə atılacaq.
Bu tənzimləmədən sevinən və məmnun olanlar deyirlər ki, önəmli olan maddi xərclər deyil, suverenlikdir, Ermənistan öz sərhədlərinin mühafizəsini öz üzərinə götürərək, suverenlik səviyyəsini xeyli yüksəldir. Məlumunuz olsun ki, avqustun 1-də rus sərhədçilər Zvartnots hava limanını tərk edərək sərhəd nəzarətində iştiraklarını dayandırandan sonra hava limanında erməni sərhədçilərin vəziyyəti xeyli pisləşdi: ora yeni işçilər cəlb olunmayıb, rus sərhədçilərin işi mövcud işçilər arasında bölünüb, nəticədə acınacaqlı durum yaranıb. Bu gərgin işə dözməyənlər kütləvi surətdə istefa ərizəsi yazırlar. Ağır iş şəraiti və aşağı maaşa görə isə yeni işçilər gəlmir.

İndi sizcə, sərhəd mühafizəsini kim kimin üzərinə qoyub? Rusiya bu mənasız və baha başa gələn yükdən qurtulmağa çalışır, yoxsa Ermənistan Rusiyanın bizim əvəzimizə həyata keçirdiyi xərclərin bir hissəsini öz üzərinə götürərək suverenliyini bərpa edir? Xüsusən də yada salın ki, Rusiya prezidenti əvvəlki görüşdə öz sərhədçilərini İran və Türkiyə sərhədindən çıxarmağa hazır olduqlarını bildirmişdi".

Ekspert həmçinin onu da əlavə edib ki, İsrail-İran gərginliyinin artması fonunda Rusiya sərhədçilərinin ərazidən çıxması yaxşı heç nə vəd etmir, çünki İrandan gələn qaçqın axınının önündə ermənilər durmalı olacaq.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.