Dünya

Yeni Kaledoniya iğtişaşlardan sonra bərpa üçün Parisdən 4,2 milyard avro tələb edir

28 Avqust 2024 20:35
Baxış: 415
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransanın dənizaşırı ərazisi olan Yeni Kaledoniyanın Konqresi (yerli parlamenti) ilin əvvəlində baş vermiş iğtişaşlardan sonra ada ərazisini bərpa etmək üçün Fransa hökumətindən 4,2 milyard avro ayrılmasını tələb edən qətnamə qəbul edib.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə "La Tribune" qəzeti qətnamənin mətninə istinadən məlumat yayıb.

Məlumata görə, səslərin böyük əksəriyyətini alaraq qəbul edilən sənəddə bildirilir ki, qətnamə ilk növbədə ölkənin xilasını təmin etmək, ikincisi isə onun bərpasına başlamaq üçün nəzərdə tutulub.

Qeyd olunur ki, bu məbləğ Yeni Kaledoniyanın illik ÜDM-nin demək olar yarısına bərabərdir.

"Bu bərpa, iqtisadi və sosial maliyyə dəstəyi planı məhv olmaq ərəfəsində olan ölkəmizin xilası üçün vacib elementdir", - "Kaledoniya birlikdə" qrupunu təmsil edən konqresmen Filip Qomes deyib.

Nəşrdə vurğulanır ki, bu qətnamənin şərtləri Fransa hakimiyyət orqanları ilə razılaşdırılmalıdır. "Təşəbbüsün payızda razılaşdırılan 2025-ci ilin büdcə layihəsinə daxil edilməsi üçün ona tez bir zamanda baxılmalıdır", - məlumatda deyilir.

Xatırladaq ki, mayın 13-də Yeni Kaledoniyanın Numea şəhərində Fransanın yerli seçkilər üçün seçici siyahılarının genişləndirilməsinə dair qanun layihəsinə qarşı etirazlar başlayıb və bu, iğtişaşlara çevrilib. İğtişaşçılar mağazaları, aptekləri və yanacaqdoldurma məntəqələrini qarət edərək yandırıblar. Yerli hakimiyyət orqanlarının məlumatına görə, təkcə dövlət qurumlarına və infrastruktura dəymiş ziyan 1 milyard avro təşkil edib. Özəl müəssisələrə də dəyən zərər nəzərə alınmaqla iyulun əvvəlinə bu rəqəm 2,2 milyard avro təşkil edib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.