Dünya

Baydeni geri çəkilməyə vadar edən nədir? - Ağar

22 İyul 2024 18:53
Baxış: 1 209
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Trampın əvvəldən Kamala Harrisi hədəf seçməsi Baydenin geri çəkiləcəyi barədə dəqiq məlumata sahib olduğunun, yaxud nəsə eşitdiyinin göstəricisidir. Çünki Bayden nə qədər axıra kimi davam gedəcəyini desə də, Tramp Harrisi çox sərt şəkildə tənqid etməkdən çəkinməmişdi.

Milli.Az bildirir ki, bu sözləri axar.az-a Baydenin seçkilərdə namizədlikdən geri çəkilməsinin səbəbləri haqqında danışan Türkiyənin Baxçaşəhər Universitetinin Strateji Araşdırmalar Mərkəzinin sədri, terror və təhlükəsizlik üzrə ekspert Abdullah Ağar deyib.

Ağar son baş verən hadisələrdən və bunun Baydenin atdığı addıma mümkün təsirlərindən danışıb:

"Əlbəttə ki, pərdə arxasında çəkilməyə səbəb olan hadisələri, nələrin baş verdiyini Baydenin yaxın ətrafından başqa heç kim dəqiq bilmir. Amma hadisələrin gedişatını izləməklə onlar arasında səbəb və nəticə əlaqəsini qura bilərik: Trampa sui-qəsd cəhdi oldu, sonra vitse-prezidentliyə namizəd Ceyms Devid Vens qalmaqallı açıqlama verdi, arxasınca bütün dünyaya təsir edən kiber təhlükə yaşandı, media təzyiqi meydana gəldi və Bayden namizədlikdən çəkildiyini elan etdi. Yəni ard-arda beş böyük hadisə yaşandı. Bunlar həqiqətən bir təsadüfdür, yoxsa prosesi formalaşdıran zəncirin halqalarıdır? Baş verənlərlə bağlı hər kəs nəsə deyə bilər, ancaq belə önəmli hadisələrin bir-birini izləməsi həqiqətən diqqəti çox cəlb edir. ABŞ geosiyasətini inşa edənlər, yaxud proksi müharibələri aparanlar heç vaxt meydana tək bir qüvvə üzərindən çıxmırlar. Onlar toqquşan tərəflərin hər biri üzərində əllərinin olmasına çalışırlar. Yəni məcazi formada desək, bütün yarışan atlara pul qoyub nəticədən asılı olmayaraq qalib çıxmaq istəyirlər. "ABŞ geosiyasətini inşa edənlər" deyəndə isə ilk ağlımıza Dövlət Departamenti, Pentaqon, Mərkəzi Kəşfiyyat İdarəsi və ordunun Mərkəzi Komandanlığı (CENTCOM) gəlir. Yəni daxildə cəmiyyətə bunun təqdimatı parametrlərini hazırlayanların kimliyi və hansı məqsədlə etdikləri xüsusi önəm daşıyır. Çünki bütün dünyada geosiyasi bir turbulent var. Bu turbulent dünya ölkələrinin, həmçinin ABŞ-ın və əsas qərarverici mərkəzlərin gələcəyini formalaşdıracaq. Tramp inkar etsə də, ölkə mətbuatında mühafizəkar İrs Fondunun ( Heritage Foundation) onun üçün hakimiyyətə gələcəyi təqdirdə edəcəyi dəyişikliklər və atacağı addımlarla bağlı "Proyekt 2025" adlı 922 səhifəlik plan hazırladığı barədə ciddi yazılar yayımlanıb. Planın hazırlanması işlərinin başında isə Paul Dens dayanır. Sözügedən sənəddə əsasən yuxarıda adlarını çəkdiyimiz dövlət qurumlarından və digər orqanlardan 50 min nəfərin işdən çıxarılması, yerlərinə Trampa yaxın adamların gətirilməsi nəzərdə tutulub. Baydenin hakimiyyətə gəlməsində həmin qurumların rolu və ona olan münasibət bəllidir. Əsas sual isə yuxarıda qeyd etdiyimiz dörd əsas hadisənin Trampın namizədliyi və irəliləməsinə birbaşa təsirinin olub-olmamasıdır. Bu baxımdan onun Dövlət Departamenti, MKİ, Pentaqon və CENTCOM ilə əlaqələrinin seçkilərdə qalibin müəyyən edilməsində xüsusilə vacib parametrlərdən biri olacağını düşünürəm".

Ekspert prosesi bütöv şəkildə dəyərləndirmənin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb:

"Demokratlar Partiyası tarixə düşəcək çox böyük bir həmlə edərək Baydenin namizədliyini geri götürməsinə nail oldu. Həmlənin həyata keçirilməsində Baydenin ailəsinin, partiyadakı qərarvericilərin, yaxud onun hakimiyyətini indiyədək dəstəkləyən, lakin son anda bundan geri çəkilən dövlət qurumlarının təsiri məsələsi isə böyük müzakirə və mübahisə mövzusudur. ABŞ-da cəmiyyəti yönləndirmə qabiliyyətinə sahib olan dövlət gücünün bütün tərəflər üzərindən oyun oynamaq ehtimalı böyükdür. Baş verənlər adi hadisə deyil. Arxa planda hansı məqsədin olduğunu bilmək üçün isə hadisələrə bütöv yanaşmalıyıq".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.