Dünya

Azərbaycanın Ukraynaya aviabomba göndərdiyi yalanı

3 Avqust 2022 15:08
0 Şərh     Baxış: 788

Milli.Az "yeni müsavat"da dərc olunan məqaləni təqdim edir.

Aydındır ki, indiki vəziyyətdə bu cür yalanları istənilən ölkənin şübhəli "mənbələri" üzərindən uydurub yaymaq mümkündür

Ermənistanın internet seqmentində Azərbaycana qarşı növbəti dəfə yalan iddialar yayılıb. "Rusiyanın sosial şəbəkələri və müxtəlif ölkələrin KİV-ləri Rusiya-Ukrayna münaqişəsində neytral kimi görünən Azərbaycanın Ukraynaya aviabombalar göndərdiyinə dair məlumatlar var", - deyə "Armenpress" bildirir.

Erməni saytı iddia edir ki, Rusiyanın "Wings of war" ("Wings of War") Teleqram kanalı Azərbaycanın 2022-ci ilin aprelində gizli şəkildə hərbi sursat tədarük etdiyini yazıb. Guya bu barədə sənədləri İraqın "Saberen News" TG kanalı yayıb. Bu "sənədlərə əsasən", "CIHAZ" Sənaye Birliyi (Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin nəzdində fəaliyyət göstərən təşkilat) Ukraynanın "Ukrspetsexport" dövlət şirkətinə aviabombalar göndərib. Yük daşımaları Ukraynanın "Meridian" aviaşirkəti tərəfindən - Xartum hava limanından (Sudan) Polşaya, oradan isə Ukraynaya ötürülüb. Erməni saytının istinad etdiyi bu yalanı niyə uydurmaqlarının məqsədi isə sonda açıqlanır: "Beləliklə, Ukraynadakı silahlı münaqişə ilə bağlı rəsmi neytrallığa baxmayaraq, Azərbaycan (müəyyən dərəcədə Türkiyə) Ukrayna Silahlı Qüvvələrinin yüksək dəqiqlikli bombalarla silahlanmasında birbaşa iştirak edib. Bu bombalardan nə qədəri Rusiya Federasiyasına, Luqansk və Donetsk Xalq respublikalarına qarşı istifadə olunub?"

Aydındır ki, indiki vəziyyətdə bu cür yalanları istənilən ölkənin şübhəli Teleqram "mənbələri" üzərindən uydurub yaymaq mümkündür. Təsadüfi deyil ki, bu "xəbər" nədənsə, erməni saytının diqqətini çəkib. Məqsəd isə aydındır: Azərbaycanı və Türkiyəni qaralamaq və Rusiya ilə münasibətlərinə xələl gətirmək. Bu cür yalanları uyduranlar unudur ki, müasir dövrdə bu cür silah qaçaqmalçılığını gizli etmək mümkün deyil. Rusiya isə Ukraynaya hər bir silahın ötürülməsinə böyük ölçüdə nəzarət imkanına malikdir.

Yada salaq ki, bir müddət əvvəl Rusiyanın bir sıra teleqram kanalları bu dəfə erməni mənbələrinə istinadən xəbər yaymışdı ki, Zaporojye vilayətində rus ordusu ilə Ukrayna Silahlı Qüvvələrinin istifadəsində Azərbaycan istehsalı olan 82 millimetrlik 20N5 minaatanları var. Rusiya teleqram kanallarının bu cür iddiaları təkrar-təkrar yaymaqda məqsədi nədir?

Beynəlxalq əlaqələr üzrə ekspert Elşən Mustafayev Ukraynanın Azərbaycan silahlarına ehtiyacının olmadığını bildirdi: "Azərbaycanın Ukrayna müharibəsində ortaya qoyduğu əsas mövqe Ukraynanın ərazi bütövlüyünü tanıması ilə bağlıdır. Belə münasibət Rusiyanı qane etməsə də, Azərbaycanın bu mövqeyinə hər hansı təzyiqlər etməyə də imkan vermirdi. Ona görə də zaman-zaman Rusiya və bunu həzm edə bilməyənlər müxtəlif üsullarla bu şəkildə məlumatlar yaymağa çalışırlar. Ermənistandan fərqli olaraq Azərbaycan hələ 2014-cü ildən rəsmi şəkildə Ukraynanın ərazi bütövlüyünü tanıdığını elan etmiş, nəinki Luqansk və Donetski, hətta Krımı belə Ukrayna ərazi kimi tanıdığını bildirmişdir. Həmin vaxtdan bu qərarın qıcığı Rusiyada qalıb. Ermənistan isə daim belə üsullardan istifadə etməklə Rusiyanı Azərbaycana qarşı "tədbirlər" görməyə çağırıb. Azərbaycanın Ukraynaya bombalar verdiyini iddia edən İraq saytını araşdırsan, bunun Yaxın Şərqdə, İraqın özündə aktiv olan erməni, yaxud assuriyan diasporalarına yaxın mətbuat qurumu olduğunu və onların Rusiya kəşfiyyatı ilə əlaqəli olduğunu görmək olar. Əslində isə Rusiya yaxşı bilir ki, Azərbaycan Ukraynaya hər hansı silah göndərmir. Birincisi, istəsə belə buna ehtiyac yoxdur. Çünki ABŞ, Böyük Britaniya, Fransa kimi böyük hərbi büdcəsi olan dövlətlər və digər Aİ üzvləri dəyəri 10 milyardlarla ölçülən müasir silahları daha tez, qısa yollarla, ən əsası kimdənsə çəkinmədən, büdcəsinə və hərbi potensialına təsir göstərmədən rahatlıqla göndərirlər. Bu proses xeyli müddətdir ki, daha da sürətlənib. Azərbaycandan alınacaq silaha isə ehtiyac yoxdur. İkincisi isə istər ölkəmizdə mövcud olan, hələ ki müxtəlif vəzifələrdə oturan "5-ci kolon" nümayəndələri vasitəsilə, istərsə də özünün malik olduğu texniki imkanlar vasitəsilə Rusiya belə bir hadisənin olub-olmamasını dəqiqləşdirə bilər. Düşünürəm ki, rəsmi Kreml özü sussa da, müxtəlif vasitələrlə bu cür şayiələri tirajlayıb gələcəkdə Azərbaycana təzyiqlər etmək üçün zəmin hazırlayır. Amma dediyim kimi, Ermənistanla bağlı hər şey aydındır. Onlar Ukrayna məsələsində indiyədək elə bir mövqe sərgiləyiblər ki, Qərbdə onları həmişə müdafiə edən dairələri də pis vəziyyətdə qoyublar. O səbəbdən onlar bu gün Rusiya ilə Azərbaycan arasında gərginlik yaranmasını özləri üçün vacib iş kimi qəbul edirlər. Mən hesab edirəm ki, söhbət Rusiyanın Azərbaycana qarşı hansısa açıq təhdidlərindən, təzyiqlərindən getmir. Son illər bütün sahələrdə - xüsusilə hərbi sahədə Türkiyə və Azərbaycan arasında inkişaf edən münasibətlər bu ehtimallara artıq yer vermir. Amma Azərbaycan daxilində mövcud olan, şərti olaraq "5-ci kolon" adlandırılan, həm iqtidarın, həm də müxalifətin içində olan, mətbuata sızmış insanların əli ilə ölkədə gərginliklər, caxnaşmalar yaratmağa cəhd edə bilər. Niyə cəhd deyirəm? Ona görə ki, düşünürəm Rusiyanın Azərbaycana əvvəlki kimi təsir etmək imkanları yoxdur və son variantı olaraq dediyim insanlardan istifadə etməyə çalışa bilər. Amma son günlər bununla bağlı müxtəlif səviyyələrdə həyəcan təbili çalınıb və inanıram ki, proses tezliklə tam nəzarətə götürüləcək".

Siyasi şərhçi Azər Hüseynov də fərqli düşünmür: "Ukrayna özü silah istehsal edir. Bir də onu Rusiya ilə müharibəyə təhrik etmiş Qərb silah verir. Bizim silahlar gedişi dəyişməz. Azərbaycana qarşı Ukrayna ssenarisinin olmaması üçün diqqətli və rasional davranmaq lazımdır. Ermənilər bu iddiaları yaymaqla Azərbaycana qarşı Rusiyadan istifadə etmək istəyirlər. Azərbaycan buna görə yarıhərbi dövlət olma həqiqətini qəbul etməlidir. Hərbçi dövlət-savaşçı millət sistemi olmalıdır. Bu arada xalqımız millilik dərəcəsini artırmalıdır. Tarixinə, dininə, dilinə və perspektiv iddiasına sahib çıxmalıdır. Bu problemlər, sadəcə, texnokratik həllini tapa bilməz. İdeoloji və sistematik olmalıdır. Bizi əhatə edənlərin ideoloji hədəflərinə baxın və bizə baxın. Ermənilərin iddialarına və digər təhlükələrə qarşı durmaq yox, onları fikirlərinin çıxdığı yerə qaytarmaq üçün ideoloji kriterlərinin kütləvi olduğu dövlət olmaq lazımdır".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

13,99%-dən 40 000 AZN-dək zaminsiz, komissiyasız KREDİT

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics