Dünya

Ərdoğanla Putinin Soçi görüşü: gündəmdə taxıl - bəs Qarabağ?

2 Avqust 2022 12:20
Baxış: 805

Prezident Rəcəb Tayyib Ərdoğanın avqustun 5-nə planlaşdırılan Soçi səfəri zamanı rus həmkarı Vladimir Putinlə görüşündə Ukrayna taxılının Qara dəniz vasitəsilə daşınması haqda İstanbul müqaviləsi, ərzaq təhlükəsizliyi və Qara dənizdə gəmilərin hərəkəti məsələləri müzakirə olunacaq.

Milli.Az "Yeni Müsavat"a istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın məlumat verib. Kalın Rusiya ilə ikitərəfli münasibətlərə də toxunub: "Hər kəs Rusiya ilə körpüləri qırsa, onunla kim danışacaq, kim vasitəçi olacaq, kim əlaqə yaradacaq, bu razılaşmaları kim edəcək? Mən bunları Qərb ölkələrinə də dedim. Bunun nəticəsini görürük. Taxıl daşınması ilə bağlı razılaşma bu danışıqların gedişatıdır. Ruslarla körpüləri tamamilə qırsaydıq, bu gəmiçilik müqaviləsini bağlamaq olardımı? Yox".

Bu açıqlamadan belə aydın olur ki, Ərdoğanın gündəmində əsasən Rusiya - Ukrayna müharibəsi və taxıl dəhlizi məsələləri var. Kalının açıqlamasında Qarabağ və Ermənistanın adları yoxdur. Mümkündür ki, Türkiyə prezidentinin sözçüsü görüşlə bağlı səsli düşüncələrini dilə gətirib, həmin anda prezidentlərin  dərin gündəminin bütün mövzularını xatırlamayıb. Çünki son iki-üç ildə heç elə fakt olmayıb ki, Ərdoğan Putinlə görüşsün və Qarabağdan danışmasın. Əminik ki, bu dəfə də belə olacaq.

Gündəmdə həm Türkiyənin Ermənistanla sərhədlərinin açılması məsələsi, həm də Ermənistan-Azərbaycan sərhədlərində gərginlik, o cümlədən, Qarabağdan silahlı ermənilərin çıxarılması məsələsi var. Prezident Əliyevin birbaşa özünün verdiyi açıqlamada qeyd olunur ki, Rusiya 1 iyul tarixinə qədər silahlı ermənilərin Qarabağdan çıxarılacağına dair Azərbaycana söz veribmiş. Bu baxımdan, görüşdə bu mövzuların da masaya yatırılacağı gözlənilir. Unutmaq olmaz ki, Şuşa Bəyannaməsindən sonra ittifaq dövlətləri olan Türkiyə və Azərbaycan bir-birinin maraqlarını hər hansı müstəvidə təmsil edə bilərlər. O baxımdan Ərdoğanla Putinin görüşündə son hadisələr, 10 noyabr sənədinin icrasının ləng getməsi, hətta getməməsi danışılacaq.

Təhlükəsizlik mövzuları üzrə ekspert Abdullah Ağar da "Yeni Müsavat"a qeyd etdi ki, Ərdoğan tək taxıl məsələsinə görə Soçiyə getməz. Türk politoloqun fikrincə, Suriya və Qarabağ mövzuları masada prioritet olacaq. A.Ağar hesab edir ki, müharibədən sonra Qarabağdakı ermənilər rusların arxasında gizlənərək təxribatlara yol verir, revanş istəklərindən əl çəkmir, sülhməramlı qüvvədən istifadə edirlər: "Hətta bölgədə rus pasportunun paylanacağı söz-söhbətləri qulağımıza gəlib çatır. Hərçənd Putin Qarabağın Azərbaycana aid olduğunu sözdə deyib, indi bunu feili olaraq da qəbul etməsi lazımdır. Eyni zamanda Zəngəzur koridoru hələ də açılmayıb, sərhəddə isə atəşkəs pozulur, yəni bu problemlər var. Həmçinin sərhədlər dəqiqləşməlidir. Bu məsələlər mütləq həllini tapmalıdır, ona görə liderlərin görüşündə Qarabağ mövzusu olacaq. Bundan əlavə, Ukrayna da müzakirə ediləcək".

Milli.Az

13,99%-dən 40 000 AZN-dək zaminsiz, komissiyasız KREDİT

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics