İstanbulda estetik əməliyyatdan sonra həyatını itirən iki uşaq anası Neşe Özkanın ölüm səbəbini araşdırmaq üçün məzarı açılaraq autopsiya aparılıb.
Milli.Az xəbər verir ki, ailəsi və vəkili ölümün şübhəli olduğunu düşünür.
Bursa sakini Neşe Özkan 18 dekabrda Gaziosmanpaşada özəl xəstəxanada qarın gərdirmə və sinə kiçiltmə əməliyyatı keçirib. 5 saat davam edən əməliyyatdan sonra nəfəs darlığı şikayəti ilə reanimasiyaya alınsa da, həyatını xilas etmək mümkün olmayıb. Ərinin iddiasına görə əməliyyat öncəsi tibbi yoxlamalar düzgün şəkildə aparılmayıb.
İskender Özkan həyat yoldaşının ölümünün səbəbinin tam olaraq aydınlaşdırılması üçün bütün lazımi addımları atacağını bildirib. Onun vəkili Ayşegül Mermer verdiyi yazılı açıqlamada Neşe Özkanın şübhəli şəkildə ölməsinə baxmayaraq autopsiya aparılmadığını və bu səbəblə İstanbul Gaziosmanpaşa Baş Prokurorluğunun göstərişi ilə məzarın açıldığını bildirib.
Məzardan çıxarılan cənazə autopsiya üçün Bursa Adli Tibb Qurumuna göndərilib. Vəkil autopsiya nəticələrinin ölüm səbəbini və bütün məsuliyyətləri ortaya çıxaracağına ümid etdiyini qeyd edib.
Onun ölümü ilə bağlı istintaq davam edir.
İsmayıl
Milli.Az