Ötən ay futbol üzrə üçqat Azərbaycan çempionu, ölkə çempionatının bombardiri Rövşən Əhmədovdan müsahibə dərc etmişdik. Onun fəhlə işləməsi, vaxtilə oynadığı Gəncənin "Kəpəz" klubundan artıq dəstək alacağını bildirmişdik.
Milli.Az xəbər verir ki, Oxu.az bu dəfə Rövşən Əhmədovla eyni vaxtda "Kəpəz"də oynamış, 1995/1996-ci illər mövsümündə 23 qolla bombardir və bu klubla üçqat Azərbaycan çempionu olmuş Fazil Pərvərovdan müsahibə alıb.
- Nə işlə məşğulsunuz?
- Nə ticarəti ilə məşğul idiniz?
- Geyimlə. Özümün idi. Gəncədə ailəmlə işlədirdim.
- O vaxtdan işsizsiniz?
- Bəli.
- Ötən ilin sonlarında sosial şəbəkədə paylaşım etmişdiniz ki, işsizlikdən medallarınızı satırsınız...
- Alan olsa, sataram. Məndə Azərbaycan çempionatının "Kəpəz"lə üç qızıl, "Xəzri" və "Şəmkir"lə gümüş medalları var. Neyləyəcəyəm onları? Çörəkpulu lazım olanda buna məcbursan. Gedib kimləsə dalaşası deyiləm ki, mənə pul ver.
- "Kəpəz" klubu sizinlə əlaqə saxlayır?
- Yox.
- Sizinlə eyni vaxtda "Kəpəz"in bombardiri olmuş Rövşən Əhmədova maddi yardım edilmişdi. Sizə də belə yardım olunub?
- Yox, mən elə şeyləri sevmirəm. Gətirsələr də, qəbul etmərəm. Ümumiyyətlə, "Kəpəz" heç vaxt mənimlə əlaqə saxlamayıb. Elə bil biz başqa ştatda yaşayırıq, heç orada oynamamışıq sanki.
- Rövşən Əhmədov saytımıza müsahibəsində demişdi ki, gəncəli tanınmış veteranlardan Mehman Allahverdiyev, Yunis Hüseynov, Vidadi Rzayev və Mahmud Qurbanov heç vaxt onun durumu ilə maraqlanmayıb. Bəs sizinlə necə?
- Yeri gələndə, mən onların özləri ilə maraqlanıram. Hamısı ilə dostluğum, yoldaşlığım var. Sadəcə olaraq, öz dərd-sərimi kiminsə üstünə qoymağı xoşlamıram. Qarşıma məqsəd qoysam, C kateqoriyası üzrə məşqçilik kursuna pul verib yazıla bilərəm. Yəni işləyənlərdən o qədər düşüncəsizəm ki?!
- Amma bunun üçün 600 manat tələb olunur. İşləməyən adam üçün az pul deyil...
- Olsun. Könlü balıq istəyən özünü dənizə vurar.
- Nə əcəb ticarətlə məşğul olan vaxt bu pulu yığıb, məşqçilik üçün yazılmamısınız?
- Devalvasiyaya qədər iş yaxşı idi. Özümü ticarətdə görürdüm. Həm də belə düşüncəm vardı ki, məşqçi işləsəm, başqasının çörəyinə bais olacağam. Fikirləşirdim ki, onsuz da pulumu qazanıram da. Bir əldə iki qarpız tutmaq olmaz. Həm də indi uşaq futbol məşqçilərini görürəm. Guya onlar nə dəstək görür ki? Forma, top verilmir. Hamısı ilə maraqlanıram. Çoxu gileylənir. Quru çörəkpulu verməklə iş bitmir.
...Çox şey futbolda kağız üzərində gedir. Gəncənin özündə futbol meydançaları azdır. Bir dəfə uşaq məşqçilərini yığmışdılar. Heç keçmişlərində futbolçu olmayan adamlar idi. Arxaya dönüb baxdım ki, heç biri "Kəpəz"də oynamayıb, necə olubsa, uşaq müəllimi işləyirlər.
Futbolda olmayan insanlar futbol müəllimi işləyir. Orada "Kəpəz"də oynayan təkcə mən idim. Gəncədə aidiyyəti olmayan futbol müəllimləri futbolçudan çoxdur.
- Ailədə neçə nəfərsiniz?
- Nəvəmlə bərabər beş nəfər.
- Yəqin? siz işsizsinizsə, evdə başqa işləyən var...
- Oğlum və həyat yoldaşım işləyirlər.
- Rövşən Əhmədovun oğlu da futbolçudur. Sizdən başqa, nəsildə futbolla məşğul olan varmı?
- Özüm oğlumu futbola qoymadım. İstəmədim ki, çəkdiyim əziyyəti o da çəksin. Biz yeri gələndə pulsuz oynayıb çempion olmuşuq, "Neftçi" ilə oyuna kolbasa-çörək yeyib çıxmışıq və rəqibi məğlub etmişik. Biz də elə-belə yerdən Pərvərov olmamışıq ki?! Maaşımız bir şey olmayıb, mükafatımız heç nə...
- Son klubunuz I divizionda Xanların "Gilan" (indiki "Qəbələ") komandası olub. Necə oldu ki, çempion olsanız da, həmyerliniz olan baş məşqçi Faiq Cabbarov sizlə Rövşən Əhmədovu komandadan uzaqlaşdırdı?
- İnsan nə edirsə, özünə edir. Biz o komandada qollarımızı vurduq. Daha neyləməli idik ki? Çempion edib, ağ günə - Premyer Liqaya çıxardıq komandanı. Halbuki Faiq Cabbarov özü bizə yalvarıb komandaya çağırmışdı.
Yalvarmaq nədir, evimizi az qala yağmalayırdılar ki, gəlin, bizə kömək edin. Rövşənlə qollar vurduq, axırda bizi komandadan çıxardı. Özünü də sonra qovdular, acdan betər oldu. İnsan bir-birinə dəstək olmalıdır.
- Faiq Cabbarov da gəncəlidir. Bir-birinizi şəhərdə görürsünüzmü?
- Görürük. O vaxtdan soyuq münasibətimiz var. "Salam-sağ ol"la kifayətlənirik...