Bakı Marafonu 2016 yaxşı ənənəyə çevrilə bilər və buna ümid edirəm. Bunu Trend-ə yarışların direktoru, ispaniyalı marafonçu Pedro Nimo deyib.
Onun sözlərinə görə, belə yarışları 30 günə təşkil etmək çətin olsa da, bu mümkün oldu: "Bugünkü marafon yaxşı hadisə olmağı vəd edir. Bir çox insan qaçışı yeni idman növü qismində özü üçün kəşf edir. Əminəm ki, gələcəkdə bu hadisə daha çox insan toplayacaq.
P.Nimo Bakının gözəlliyini də qeyd edib: "Bu gün çox xoşbəxtəm".
Qeyd edək ki, bu gün Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan Bakı Marafonu 2016-ya start verilib.
Dövlət Bayrağı Meydanından start götürən marafon 21 kilometrdir və Bakı Olimpiya Stadionunda başa çatacaq. 21 km-lik məsafənin qət edilməsinə maksimum 4 saat 30 dəqiqə vaxt verilib.
Ümumilikdə, şəhər sakinlərinin, qonaqların qoşulduğu Bakı Marafonu 2016-da iştirak etmək üçün 3621 nəfər qeydiyyatdan keçib.
Marafon saat 10:00-da başlayıb.
Marafonun əsas məqsədi Azərbaycanda idmanın inkişafına dəstək göstərmək, insanlar arasında, xüsusilə gənclərdə sağlam həyat tərzini təşviq etmək, onları xeyirxah məqsədlər naminə bir araya gətirməkdir.
Bakı Marafonundan toplanan vəsait Heydər Əliyev Fondunun valideyn himayəsindən məhrum olmuş uşaqlarla bağlı layihəsinə yönəldiləcək.
Milli.Az