Milli.Az xəbər verir ki, modern.az saytında "Pəncərə" layihəsinin bu dəfəki qonağı Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti və qadınlardan ibarət millimizin baş məşqçisi Faiq Qarayevdir."Əgər müharibə olarsa, heç kimə heç nə demədən çantamı götürüb döyüşməyə gedərəm"
- Faiq müəllim, 90-cı illərdə Azərbaycandan baş götürüb getdiniz. Təbii ki, dövrün siyasi hadisələri idman sahəsindən də yan keçməmişdi. Azərbaycanı tərk etməyiniz üçün daha hansı səbəblər var idi?
- Əvvəla, voleybolla məşğul olmağımın bu il 30 ili tamam olur. 11 yaşımdan voleybolla məşğul olmağa başlamışam. Düzü, 1978-79-cu illərdə Moskvaya, Litvaya köçmək üçün bir neçə təklif almışdım. Ona görə də SSRİ yığma komandasında oynayan vaxt belə şans yaranmışdı. Elə oldu ki, ali məktəbi, hərbi xidməti başa vurdum. O zaman komandanı tez-tez dəyişirdilər. Komanda məhsuldar idi. Axırıncı komanda ordu idman klubu idi. Orda fəaliyyətimi dayandırıb Moskvaya getdim. Moskvaya getməyimin səbəbi voleybol oynamaq deyildi. Üstündən bir neçə il keçəndən sonra Moskvadan qayıtdım. İdman komitəsində Fazil Quliyev vardı, zəng edib dedi: "Faiq komanda SSRİ xalqlar sportoqiadasına hazırlaşır. Sən ikinci məşqçi kimi kömək elə". Məni ikinci komandaya məşqçi təyin etdilər. Beləliklə, 1984-cü ildən məşqçi fəaliyyətinə başladım, baş məşqçi oldum. Sonuncu SSRİ kubokunu da mən qazandım. 90-cı illərdə vəziyyət gərgin idi. Komandanı götürəndə "Neftçi" cəmiyyətində idi. Sonralar imkan olmadığından komandanı Bakı Kondisionerlər Zavoduna keçirdilər. Komanda fəaliyyətinə orada başladı. Xalq Cəbhəsi hakimiyyətə gələndə çox gərgin dövr idi. Komandanın maliyyə dəstəyi olmadı. 1991-ci ildə məcbur olub Türkiyəyə getdim. Ondan qabaq həm də SSRİ yığma komandasının gənclərdən ibarət komandasında məşqçi idim. Avropa çempionu oldum, dünya çempionatına getdim.
- 90-cı illərdə ölkənin siyasi durumu çox ağır idi. Üstəlik, qızlardan ibarət komandaya rəhbərlik edirdiniz. Həmin dövrdə komandanızda voleyboldan uzaqlaşmaq halları yaşandımı?
- Bunu heç yerdə danışmamışam. İlk dəfədir ki, sizə danışıram. 20 yanvar hadisələrinin ən fəal iştirakçılarından biri olmuşam. Çünki komanda həmin gün köhnə "İnturist" deyilən oteldə idi. Mən özüm də "Salyanski kazarma" adlanan yerdə idim. Bir tərəfdən SSRİ super liqası burada olmalıydı, digər tərəfdən də bizi sıxırdılar. Voleyboldan uzaqlaşmaq halları olmadı. Sadəcə, baş verənlər məndə psixoloji gərginlik yaratdı, mənəvi zərbə aldım. Üstəlik, bir il öncə,1989-cu ildə anam çox cavan yaşlarında dünyasını dəyişdi. Ardınca siyasi qarışıqlıq məndə pis xəstəliklərin əmələ gəlməsinə səbəb oldu. Ona görə də həkim məni müalicə edirdi. Yanvarın 19-u axşam saat 9-un yarısı sürücü məni gətirdi. Sürücünün də evi "Salyanski kazarma"da yerləşirdi. Müalicənin üsulu elə idi ki, adamı yuxu aparırdı. 1 saat 45 dəqiqə müalicəm getdi. Müalicədən sonra ayılıb gördüm ki, nə sürücü var, nə də maşın. Bir "Volqa" gəldi, sürücüyə dedim ki, "İnturist"ə gedirəm". Dedi, "xəbəriniz yoxdu ki, yollar bağlıdır". Birtəhər onun maşınına oturub getdik. Telestudiyanın yanına çatanda rus əsgərləri bizi saxladı. Maşından düşürüb üstümüzü yoxlayıb buraxdılar. Biz maşına oturanda telestudiya gözümün qabağında partladı. Ondan sonra otelə gələndə heç kəsin olmadığını gördüm. Sadəcə, qızlar hamısı qorxu içində idi. Bizdə elə oyunçular var idi ki, onların yaşamağa evi belə yox idi. Həmin gecəni səhərə qədər oteldə qaldıq. Doğrudan da, o dövr çox çətin idi.
- Bəlkə ölkədəki vəziyyətə görə canınızı götürüb Türkiyəyə getdiniz?
- Dövr çətin olduğundan getməyimin səbəbi canımı götürüb qaçmaq deyildi. Əsas o idi ki, komandanın qızlarını bir yerə yerləşdirim. Ona görə də qızların hamısını Türkiyəyə aparıb yerləşdirdim. 1991-ci ildə Türkiyədə olsam da, dözə bilməyib 1992-ci ildə Bakıya qayıtdım. Amma qızlar Türkiyədə qaldı. Xalq Cəbhəsi hakimiyyətə gəldi, Qarabağ savaşı qızışdı.
- Türkiyədə olduğunuz dövrdə Azərbaycanın daxilində baş verənləri necə izləyirdiniz? Kənardan Azərbaycan necə görünürdü?
- Bunları da heç yerdə danışmamışam. O vaxt Ankarada yeni məhəllədə yaşayırdım. Məşq prosesimi elə qurmuşdum ki, 8-in yarısı qurtarırdı. Danışıram, bu saat tüklərim biz-biz olur. Hər axşam saat 8-də TRT-1 də xəbərləri səbirsizliklə gözləyirdim. Çünki Qarabağla bağlı xəbərlər gedirdi. Hər Qarabağdan xəbərlər gedəndə oturub ağlayırdım. İndiki kimi mobil telefon da yox idi. Gedib kart alırdım, iki qəpiklik telefonla evə zəng edib soruşurdum ki, salamatçılıqdır? Bunu tək mən yox, qürbətdə yaşayan hər kəs edib. Çünki vətən sevgisi insanın içində olur. O sevgi insanın içində yoxdursa, deməli insan yaşamır. Qərib ölkədə Azərbaycan kimsəsiz görünürdü.
- Bəs Azərbaycana qayıtmaq haqqında nə düşünürdünüz? Sizcə, vətənin dar günündə onu tək qoymaq doğru idimi? Üstəlik, 20 yanvar hadisələrinin birbaşa iştirakçısı olmuşdunuz...
- Bilirsiniz, komandanın, qızların fəaliyyəti üçün bu vacib idi. Bir hadisə danışım. 1992-93-cü illərdə Heydər Əliyev Naxçıvandan Ankaraya gəlmişdi. O, bir nəfərə demişdi ki, burada bizim bir məşqçimiz işləyir. Elə oldu ki, biz görüşdük. Heydər Əliyev "Şeraton" otelində mənə dedi: "Faiq, bir gün gələcək hamınız qayıdacaqsınız".
- Doğrudan da, siz qayıtdınız. Maraqlıdır, Türkiyədəki iş fəaliyyətinizə birdəfəlik son qoymağınıza kim səbəb oldu? Bu hadisə necə baş verdi?
- Bilirsiniz, insan İstanbulun ortasında rahat yaşayır, evi var, yüksək maaş alır. Ona görə insan rahat həyatını dəyişmək istəmir. Amma İlham Əliyevlə görüşəndən sonra açığını deyim, fikrimi dəyişdim.
- İlham Əliyevin dəvəti ilə vətənə qayıdanda inam hissiniz hansı səviyyədə idi? Azərbaycanın idman sahəsində müstəqil fəaliyyətə başlaması sizə gülməli gəlmirdi ki? Nə top var idi, nə də meydança...
- Bir gün zəng edib dedilər ki, İlham müəllim, sizi Bakıya dəvət edir. "İndi gələ bilmərəm", - dedim. Soruşdular: "Nə vaxt gələ bilərsiniz?" Dedim ki, martın 19-u həmişə Novruz bayramına gəlirəm. Bizdə adətdir, qəbir üstünə gedirəm. Sonra zəng edib dedilər ki, martın 19-da saat ikidə İlham müəllim sizi Neft Şirkətində gözləyəcək. Bu söhbət yanvar ayında olmuşdu. 3 aydan sonra Bakıya gəldim. Amma gəlməyimi heç kim bilmirdi. Əlimə yalandan bir qovluq alıb Neft Şirkətinin qarşısına gəldim. Fikirləşirdim ki, məni orda qarşılasalar, deməli, İlham müəllim məni unutmayıb. İnanın, İlham müəllim məni orda yüksək səviyyədə qarşıladı. Həmin vaxt Türkiyənin bir klubu ilə çox böyük müqaviləm var idi. Siz dediyiniz kimi, hətta, təyyarə ilə gələndə öz-özümə deyirdim: "Hara gedirsən? Azərbaycanda nə top var, nə də meydança". Ona görə də Azərbaycana birdəfəlik qayıdacağımı düşünmürdüm.
Türkiyənin yığma komandasının texnik direktoru idim. O zamanlar Azərbaycanda indiki şərait yox idi. Orda ən çox maaş alan mən idim. 1994-cü ildə Türkiyədə "Vaqifbank" klubunda işlədim. Bunu gizlədə bilmərəm. Nə var onu danışıram. Mən idmançıyam. Olimpiya Komitəsinin prezidentinin görüşünə gəlmişəm. Düzü, daxilimdə mənə bu cür şəraitin yaradılacağını gözləmirdim. Baxmayaraq ki, İlham müəllimlə bir dəfə görüşmüşdüm.
- Bəs görüş necə quruldu?
- İnanın "sən Azərbaycana qayıtmaq istəyirsən" sualı olmadı. Elə şərait yarandı ki, ikimiz də plan qurmağa başladıq. İlham müəllim dedi: "Faiq, biz bütün planları qurduq. Amma sən heç nə istəmədin". Dedim, "İlham müəllim, siz elə səmimi qarşıladınız ki, mənə heç nə lazım deyil. Siz məni Azərbaycana qaytarırsınız. Bundan böyük heç nə ola bilməz".
- Etiraf edək ki, bizim qadınlardan ibarət yığma komandamızın yüzdə doxsan faizini əcnəbi qızlar təşkil edir. Sizcə, biz qız uşaqlarımızın voleybol oynamasına nə vaxt hazır olacağıq?
- Sizinlə razıyam. Onu da deyim ki, biz yavaş-yavaş mentaliteti qırırıq. Türkiyə bu prosesləri keçəndə çoxdan qurulmuş dövlət idi. Türkiyədə işlədiyim dövrlərdə orda da bu problem var idi. Komandalar olsa da, xaricilərdən qurulmuşdu. Onlarda klubları banklar qurdu. Reklama gedən pulları idmana xərclədilər. 1997-ci ildə İlham Əliyev Olimpiya Komitəsinin prezidenti seçiləndən sonra idman sahəsində irəliləyişlər nəzərə çarpmağa başladı. Kollektivi yaratmaq və onu saxlamaq çox çətindir. Həmişə iclaslarda ideologiyaya çox üstünlük verirəm. Bu ideologiya ondan irəli gəlir ki, insanlar arasında əlaqə düzgün qurulmalıdır. Vaxt keçir və biz də yaşlaşırıq. İlham müəllimlə görüş zamanı belə qərara gəldik ki, mütləq klub yaratmalıyıq və biz klub yaratdıq. Ziya Məmmədov Dəmiryolu İdarəsinin rəisi olanda orada "Azərreyl" klubunu yaratdıq. Elə oldu ki, "Azərreyl" həm klub, həm də yığma komanda kimi fəaliyyət göstərdi. Komanda yaxşı oynamağa başladı. Demək olar ki, klublarımız finalda oynayır. İdman oyunlarını qurub yaratmaq çətindir.
- Eyni zamanda, qadınlarla işləmək çətindir...
- İşimi çox sevirəm. Gecə-gündüz buradayam. Görünür, qadınlarla gecə-gündüz işləmək mənə enerji verib. Bu gün biz 9 milyonuq. Böyük olmasaq da, orta dövlətik. Burada 9 milyon insan yaşayır. Heydər Əliyevin Olimpiya Komitəsinin açılışında bir çıxışı vardı. O deyirdi: "Qabaqlar məscidlərimiz az idi, bizə məscid tikmək lazım idi, məscid tikin üstünə adınızı yazın, icazə verirəm. İndi isə məşqçilərimiz, hər şeyimiz var. Bu gün sizə deyirəm, gedin, idman zalları tikin, üstünə də adınızı yazın". Rəhmətlik Heydər Əliyevin bu çıxışından sonra olimpiya kompleksləri açılmağa başladı.
- Bölgələrdən qızların voleybola cəlb olunması necə həyata keçirilir?
- Bizim bölgələrdə Azərbaycan çempionatı keçirilir. Harda perspektivli qız olursa, bizə həmin dəqiqə xəbər gəlir. Voleybol üçün münasib qız tapan kimi onun arxasınca düşürük. Çünki bizdə Latviyada, Litvadakı kimi ucaboy qızlar yoxdur. Orada şəhərə çıxırsan, hamısının boyu hündürdür. Yenə deyirəm, elə meyvə sortu var ki, başqa yerdə əksən çıxmayacaq. Bizim millətin də boyu balacadır. Amma bu, o demək deyil ki, biz voleybol oynamamalıyıq. 3 dəfə dünya, 5 dəfə Avropa çempionu olmuşuq. Sizinlə razıyam, mən də istəyirəm dünya çempionu olum. Mən də yaşlanıram, gənc məşqçilər lazımdır.
- Dediniz ki, qadınlarla işləmək çətin deyil. Unutmayaq ki, sizin komandada fərqli yaş qruplarında olan qızlar təmsil olunur. Axı hər yaşın öz kaprizləri var?
- Məgər, cavan yaşlarımda mən tam formalaşmış adam idim?! Hamımızın 15-16 yaşımızda müqəddəratımız həll olunur. 15-16 yaşdan sonra hansı dairəyə düşürük, dostumuz kim olur, bax bu əsas məsələdir. Dostlarımın hamısı məndən 15-20 yaş böyük olub. Həyatda yol göstərənlərim güclü insanlar olub. Ona görə də qız üçün önəmli faktor onun hansı ələ düşməsidir. O qədər voleybolçu qızları ərə vermişəm ki... Gəliblər oturub məsləhət etmişiq. Həmişə qızlara bir sözü demişəm. Sizi istəyə bilərlər. Gözəlliyini, ona davranışını bəyənə bilərlər. Amma burda başqa məsələ də var. Onlara həmişə deyirəm ki, siz normal insan deyilsiniz. Soruşurlar: "Nə üçün?" Deyirəm, çünki sən Azərbaycan yığma komandasının formasını geyinirsən. Sən cəmiyyətdə bir pillə yuxarıdasan. Ailə qurduğun insan sənin işinə qiymət verməli, hörmət etməlidir. Ailə qurduğunuz insan adi qızla ailə həyatı qurmur axı. O səninlə ailə qurduğu vaxt sən səhnədəsən. Düzdü, oxuyanlar da səhnədə olur. Amma sən oxuyandan da yüksək səhnədəsən. Sən dünya, Avropa çempionatında Azərbaycanı təmsil edirsən. Azərbycanı dünyada yaxşı təmsil etmək üçün sənin yanında güclü insan olmalıdır. Mənim rolum o deyil ki, çıxıb məşq prosesi aparım. Məşq prosesini aparmağa mənim yardımçılarım da var. Ona görə də çalışdığım qədər qızlarla mənəvi, psixoloji söhbətlərim də olur.
- Bu gün istər Avropa, istərsə də dünya çempionu olan bəzi idmançılarımızın başı şöhrətdən fırlanır. Bunun səbəbi nədir?
- Biz çətinlikləri, sovet dövrünün iç üzünü gördük. Türkiyədə "Fənərbağça" jurnalı var. Onun 30 milyona yaxın oxucusu var. Bir dəfə müsahibə götürəndə mənə Atatürklə Heydər Əliyevə olan münasibət haqqında sual verdilər. Dedim ki, Türkiyədə işləyəndə özümü yetim kimi hiss edirdim. Çünki bizim böyüyümüz, ağsaqqalımız yox idi. Bizim Heydər Əliyevimiz olandan sonra biz də özümüzü arxalı hesab etdik. Mən siyasətçi deyiləm. Necə varsa, sizə elə də danışıram. Çünki türk millətində himnə, bayrağa olan münasibəti görmüşəm. Ona görə də həmişə düşünürdüm ki, biz niyə belə deyilik. Çünki böyüyümüz yox idi. İndi bəzi şeyləri başa düşürük. Biz türkləri 30 il əvvəl başa düşsəydik, arxamız olsaydı, cəmiyyətimiz də başqa cür olardı. Sovet dövründə kəndə gedəndə eşitdiyim bir sözü heç vaxt unuda bilimirəm. Deyirdilər ki, arxa getməyin, qadınlar çimirlər. Yəni şərait olmadığından qadınlar yuyunmaq üçün arxa gedirdilər. Sovet dövründə gəlib deyirdilər: "Burada ən varlı kimdir?" O dəqiqə bir erməninin adını çəkirdilər. Biz bunları yaşamışıq. Düzgün danışmaq lazımdır. Müstəqillik qazanandan sonra əlimiz hər şeyə çatdı. Bu gün idmançı qızlarımız yaxşı maaş alır.
Bu gün cəmiyyətimiz çox yaxşı qurulub. Qadınlarımız səhər durub yoldaşından 5 manat istəmir. Söhbət voleybolçulardan gedir. Voleybolçularımız orta səviyyədən yüksək yaşayırlar. Sualınıza cavab olaraq deyə bilərəm ki, istənilən şöhrət baş gicəlləndirməməlidir.
- Sirr deyilsə, voleybolçu qızlar nə qədər maaş alırlar?
- Klubda oynayanlar ən azı 2-3 min maaş alır.
- Qadınlarla heç bir probleminizin olmadığınızı dediniz. Bəs bu vaxta qədər ailə həyatı qurmamağınıza səbəb ətrafınızda qızların çox olması deyil ki?
- Təbii ki, yox. Ailə həyatı qurmaq istəmişəm. Sizə açıq deyəcəm.. Sadəcə, elə alındı ki, anam rəhmətə getdi. Bilirsiz, ailədə ananın rolu çox böyükdür. Anam rəhmətə gedəndə bizim ailə sanki dağıldı. Hamımız ailəyə çox bağlı idik. Ailə bütövlüyümüz dağılandan sonra da evlənmək istədim, yenə alınmadı. Açığı, ailə qurmaq çox çətindir. Adi qatara minib Tiflisə gedəndə yol yoldaşın istər qadın, istərsə də kişi olsun, fərqi yoxdur, əgər o maraqsız adamdırsa, deyirsən, tez düşüb getsəydim. Əksinə, maraqlı adamdısa, deyirsən ki, onunla lap 2 gün də yol gedərdim. Evlilik də buna bənzəyir. Evlənəndən sonra xarakterlərin fərqliliyi üzə çıxır. Səmimi etiraf edim, əgər sevsəm, bu gün də evlənərəm. Sadəcə, sevmirəm.
- Adətən, kişinin ətrafında çoxlu qadın olanda onunla ailə qurmaq istəyən də az olur. Bəlkə sizinlə məhz buna görə ailə qurmaq istəyən olmayıb.
- Azərbaycanın əməkdar məşqçisi, idman xadimi idim. Mənim də bir statusum var. Dediyiniz kimi, azərbaycanlı psixologiyasına uyğun olaraq həmin qızla ailə həyatı qurmağım alınmadı. Valideynləri dedi ki, ətrafında çoxlu qızlar var.
- Hər bir insan özü haqqında mütləq düşünür. Maraqlıdır, siz ailənizin, uşaqlarınızın olmaması haqqında düşünürsünüzmü?
- İnanın, bu haqda da düşünürəm. Qardaşımın nəvələri mənim də nəvələrimdir. Yalnız məni sakit edən qardaşımın övladlarıdır. Qardaşımın oğlu ilə yaxın dostuq. Mən artıq qardaşımın uşaqlarına bağlanmışam. Ümumiyyətlə, bir az fərqli düşüncəyə sahibəm. Bir dəfə anamın məzarının üstündə zəng edib dedilər ki, "prezident sənə "Şöhrət" ordeni verib". Təsəvvür edin, ağlaya-ağlaya o xəbəri mənə veriblər. Məni qiymətləndirdiyinə görə, dövlət başçımıza təşəkkür edirəm. Bilirsiniz, işim, voleybolçu qızlar, kollektiv olmasaydı, o orden də mənə verilməzdi. Ona görə də "Şöhrət" ordenini evə aparmıram. Mənə deyirlər ki, gəlib oğurlayarlar. Deyirəm, o müqəddəsdir, onu oğurlamaq olmaz. Mən də həyatdan gedəcəm, amma bu orden qalacaq. Ona görə də həyatda elə şeylər var ki, onu başa düşmək üçün insanda yüksək hisslər olmalıdır. Çoxu deyir ki, Qarabağa gedəcəyik. Mən onu heç vaxt deməmişəm. Əgər müharibə olarsa, heç kimə heç nə demədən çantamı götürüb döyüşməyə gedərəm. Çünki onu demək lazım deyil, onu sakit etmək lazımdır.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.