Antik Romalılar həm doğum nəzarəti, həm də afrodizyak (ehtiras artırıcı) olduğuna inandıqları bir bitkiyə sözün əsl mənasında "vurulmuşdular". Lakin bu aludəçilik bir gün bitkinin yer üzündən silinməsinə səbəb oldu.
Milli.Az xəbər verir ki, silphium o qədər dəyərli idi ki, Yuli Sezarın dövlət xəzinəsində bu bitkidən böyük bir ehtiyat saxladığı deyilir. İmperator Neronun isə tarixdəki son Silphium sapına sahib olduğu və onu yediyi rəvayət edilir.
Bu bitki antik dövrün "isveç bıçağı" kimi idi:
Doğum nəzarəti və uşaqsalma vasitəsi kimi.
Ən bahalı ədviyyat və dadlandırıcı kimi.
Ətir istehsalında.
Mal-qaranın ətini dadlandırmaq üçün yem kimi.
Ürək simvolunun mənşəyi
Müasir dövrdə sevginin simvolu olan "ürək" formasının Silphiumun toxumlarından gəldiyi ehtimal olunur. Bitkinin doğum nəzarəti ilə əlaqələndirilməsi və toxumlarının ürək formasında olması bu simvolun seksuallıq və sevgi ilə birləşməsinə yol açmış ola bilər.
Silphiumun nəsli kəsildiyi düşünülür, çünki:
İnsanlar bu bitkini bağçalarda yetişdirə bilmirdi, o, yalnız Liviya çöllərində yabanı halda bitirdi.
Roma elitasının sonsuz tələbi təbii artımı üstələdi.
Şimali Afrikanın səhralaşması bitkinin yaşayış sahəsini məhv etdi.
2021-ci ildə Anadolu ərazisində (Həsən dağı ətrafında) Ferula drudeana adlı bir çiriş (razyana) növü aşkar edildi. Bu bitki antik dövr pulları üzərindəki Silphium təsvirlərinə inanılmaz dərəcədə bənzəyir. Elm adamları hələ də Liviyadan gələn toxumların Anadoluda min illərdir sağ qalıb-qalmadığını araşdırırlar.
Lalə Qüdrətova
Milli.Az





