İdman

"Qarabağ"a baxıb xəyal edirdik, indi gerçəkləşir" - Tellur Mütəllimov

8 Sentyabr 2026 19:51
Baxış: 240
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

"Sabah"ın futbolçusu Tellur Mütəllimov UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində "Barselona" ilə keçirəcəkləri matç barədə danışıb.

Milli.Az xəbər verir ki, o, Peşəkar Futbol Liqasının mətbuat xidmətinə müsahibəsində Çempionlar Liqasında çıxış etməyin hər bir futbolçunun arzusu olduğunu və qarşıdakı matçın onlar üçün həyəcanlı keçəcəyini deyib:

"Çempionlar Liqasında oynamaq, əlbəttə ki, hər bir futbolçunun xəyalıdır. Bura gələnə qədər çox əziyyət çəkmişik. Qarşımızda həqiqətən də güclü, böyük futbolçuları olan bir komanda var. Sadəcə istəyirik ki, özümüzü göstərək və orada yaxşı nəticə əldə edək.

Amma "Barselona" ilə oyunda həyəcanın çox olacağını düşünürəm. Çünki həm öz azarkeşlərimizin qarşısında oynayacağıq, həm də onları burada qəbul edib yaxşı nəticə qazanmaq bizim üçün çox xoş olardı.

"PlayStation"da onlarla oynamışıq, amma hələ gəlib belə böyük səviyyədə qarşı-qarşıya oynamamışıq. Görək, indi həmin hiss necə olacaq. İndidən deyə bilərəm ki, həyəcan faktoru olacaq. "PlayStation"da oynayırsan, amma bir-iki gün sonra düşünürsən ki, artıq həmin futbolçularla meydanda qarşı-qarşıya gələcəksən.

"Qarabağ"ın oyunlarına baxırdıq. Orada özümüzə belə bir sual verirdik: Görəsən, nə vaxtsa biz də Çempionlar Liqasında oynaya bilərikmi? Mən də özüm üçün belə düşünürdüm ki, nə vaxtsa orada oynaya bilərəmmi? İki il bundan əvvəl xəyal etdiyim bir şeyin iki il sonra gerçəkləşməsi mənim üçün çox xüsusi hissdir".

Qeyd edək ki, "Sabah" - "Barselona" görüşü noyabrın 25-də, Bakı vaxtı ilə saat 21:45-də keçiriləcək.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.