"Təklif gələndə artıq qrupda oynamaq ehtimalı var idi. Mən buna inandım".
Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, bunu "Qarabağ"ın braziliyalı müdafiəçisi Dani Bolt ölkəsində "Lance" nəşrinə müsahibəsində deyib.
Həmin müsahibəni təqdim edirik.
- "Qarabağ"la keçirdiyiniz ilk mövsümdə Çempionlar Liqasında çıxış etdiniz. Təəssüratlarınız necə idi?
- Çempionlar Liqasında oynamaq çox gözəl təcrübədir, hər bir futbolçunun arzusudur. Həmişə televiziyadan izləyirdim və özümü bu səviyyədə - "Liverpul" və "Çelsi" kimi böyük komandalarla qarşılaşarkən təsəvvür edirdim. Himni eşitmək və həmin anın içində olmaq mənim üçün xüsusi idi.
- Ən çox nədən təsirləndiniz?
- Çempionlar Liqasında ilk dəfə oynamaq hər şeyi dəyişir, evdə əsas mövzuya çevrilir. Hamı səndən nə hiss etdiyini soruşur. Atmosfer təsirlidir - azarkeşlər, stadion, hər şey. Amma oyun başlayanda 11-ə 11-dir. Biz öz oyunumuz üzərində fokuslanırıq və istənilən rəqiblə rəqabət apara biləcəyimizə inanırıq. Təsadüfi deyil ki, "Çelsi" ilə heç-heçə etdik.
- Ən yaddaqalan an kimi pley-off mərhələsinə vəsiqə qazanmağı göstərmək olar?
- Bilirdik ki, pley-offa vəsiqə qazanmağa yaxınıq. Amma həqiqətən bunu anlayanda, sıradan çıxan komandalar məlum olanda və yüksəldiyimizi görəndə böyük hisslər keçirdik. Bu, hər futbolçunun yaşamaq istədiyi xüsusi təcrübədir.
- "Qarabağ"ın təklifini qəbul etməyində bu komandanın Çempionlar Liqasında çıxış etməsi nə qədər rol oynadı?
- Təklif gələndə artıq qrupda oynamaq ehtimalı var idi. Mən buna inandım. Karyera inkişafı ilə yanaşı, bu səviyyədə çıxış etmək istəyirdim. Məni bu çağırışı qəbul etməyə vadar edən də bu oldu.
- "Liverpul"la oyun zamanı rəqibin qapıçısı Alisson Bekkerlə səmimi söhbətiniz diqqətimizi çəkdi. Həmin vaxt nədən danışırdınız?
- Alissonla söhbət etdim, çünki qardaşı Muriellə "Fluminense"də birlikdə oynamışdım. Fasilədə danışdıq, qardaşı ilə birgə oynadığımı dedim. O da mənə imzalı formasını verdi. Ona təşəkkür etdim. Danışdığım şəxslərdən biri o idi.
- Azərbaycan futbolu barədə təəssüratlarınız necədir?
- Azərbaycan çempionatı inkişaf edir və diqqət çəkir. Bir çox futbolçu təklif almamışdan əvvəl buranın necə olduğunu soruşur. "Qarabağ" ölkənin adını tanıtmağa kömək edir. Braziliya ilə müqayisədə hələ o qədər tanınmır, amma inkişaf var.
- Yeni mədəniyyət və futbol mühitinə uyğunlaşmağınız karyeranıza nə kimi müsbət təsiri var?
- Çempionlar Liqası ilə yanaşı, başqa mədəniyyətdə və fərqli futbolda yaşamaq böyük təcrübədir. Bu, çox şey qatır. Amma hansı turnir olmasından asılı olmayaraq, düşüncə tərzi eynidir - hər oyunda mübarizə aparmaq və qələbə qazanmaq.
Milli.Az





